Sürücülərə müraciət edildi
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən APA-ya verilən məlumata görə, son vaxtlar bəzi sürücülər
tərəfindən nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları tərəfindən
istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqların
qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz avadanlıqların
quraşdırılması hallarına yol verilir.
Məlumatda bildirilir ki, əsasən gənc sürücülər arasında
avtomobillərdə iri ölçülü şin və disklərdən istifadə etmək, sükan çarxlarını və
buferləri dəyişmək, avtomobilin asqı qurğusunda dəyişiklik və əlavələr etməklə
banın klirensini (yer səthindən avtomobilin ən aşağı nöqtəsinə qədər olan
məsafə) artırmaq, səsboğucuların səsini çoxaltmağa meyllilik müşahidə olunur:
"Belə hallardan biri də son zamanlar avtomobillərin işıq cihazlarında
"led” tipli işıq lampalarından istifadə olunmasıdır. Əvvəla, onu qeyd etmək
lazımdır ki, nəqliyyat vasitələri və onların hər bir ehtiyat hissəsi müəyyən
sınaqlar nəticəsində təsdiqlənmiş beynəlxalq standartlar əsasında istehsal
olunur.
Avtomobil birmənalı olaraq "təhlükəli özühərəkət mənbəyi” hesab
olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər
hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş
verməsinə real zəmin yaratmış olur. Bildiririk ki, Azərbaycan Respublikası yol
hərəkət qaydaları üzrə 1968-ci il beynəlxalq Vyana Konvensiyasına qoşulub.
Bununla əlaqədar ölkəmizdə 1998-ci ildə "Yol hərəkəti haqqında” qanun qəbul
olunub.
Həmin qanunun 1 saylı Əlavəsinin III hissəsinin 1-ci bəndinin
tələbinə görə, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş
rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan
göründüyü kimi, xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun deyilsə,
onun istismarı qadağan olunmalıdır. Sürücülərin nəzərinə çatdırmaq istərdik ki,
ölkəmiz 12.02.2002-ci tarixli 261-IIQ №-li qanunla "Təkərli nəqliyyat
vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan
avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında
verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi
haqqında” beynəlxalq müqaviləyə qoşulub.
Həmin müqaviləyə qoşulan dövlətlər Birləşmiş Millətlər Təşkilatının
Avropa İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və
hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq etməlidir. Bu
yolla AİK-in hazırladığı qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı
vahid texniki standartlar və şərtlər statusunu alır. Avtomobil istehsalı
zavodları da nəqliyyat vasitələrini bu tələblər əsasında istehsal edirlər.
Araşdırmalar göstərir ki, "led” tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti
zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox
təhlükə yaradır. Belə işıq cihazlarından avtomobilin salonunun icərisinin
işıqlandırılması üçün istifadə oluna bilər”.
Məlumatda həmçinin qeyd olunur ki, DYP əməkdaşları nəqliyyat
vasitələrinin texniki tələblərinin pozulması, qanunsuz avadanlıqların
quraşşdırılmasına qarşı mütəmadi mübarizə tədbirləri həyata keçirir.
Qeyd edək ki, ötən il və bu ilin 6 ayı ərzində nəqliyyat
vasitələrinin texniki tələblərinin pozulmasına görə 11013, o cümlədən nəqliyyat
vasitələrinin qanunsuz avadanlıqlar quraşdırılmasına görə 4853 sürücü inzibati
məsuliyyətə cəlb edilib.