AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Sürücü özünü sürücü, sərnişin sərnişin kimi hiss edəcək”

“Sürücü özünü sürücü, sərnişin sərnişin kimi hiss edəcək”

İqtisadiyyat
06 Aprel 2013, 11:39 1450
Avtobuslarda kart sisteminə keçid məsələsi yenidən aktuallaşıb. Nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, artıq bu ilin may ayından etibarən mərhələli şəkildə avtobuslarda kartla ödəmə sisteminə keçidə başlanılacaq. Aprel ayı ərzində isə avtobuslarda lazımı avadanlıqların quraşdırılmasına başlanılacaq, ödəmə sistemləri və bank mərkəzləri ilə əlaqə qurulacaq, ödəmə kartlarının yayılması, həm sürücülər, həm də sərnişinlər arasında maarifləndirmə işləri aparılacaq. Sözügedən sistemin tətbiqinin sərnişinlərə və sürücülərə, ümumiyyətlə, cəmiyyətimizə nə verəcəyi barədə Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovla söhbətləşdik.

- Məzahir müəllim, kart sisteminin tətbiqi bütövlükdə cəmiyyətimizə nə verəcək?
- Kart sisteminin tətbiqi ala-yarımçıq deyil, kompleks formada yerinə yetirilsə, sürücülər də, dövlət büdcəsi də bundan udacaq. İlk növbədə isə sərnişinlər qazanacaq. Kart sisteminə keçiddən sonra sürücülər maaşa işlədiklərindən sərnişin-sürücü arasında münasibətlər normallaşacaq, sürücü özünü sürücü, sərnişin sərnişin kimi hiss edəcək. Sürücülər maaşa işlədiklərindən əsəbi olmayacaqlar. Artıq sərnişinlərin nazı ilə də oynamaq məcburiyyətində qalmayacaqlar. Yəni hər addımbaşı, dayanacaqdan kənarda avtobusu saxlamaqla qəza vəziyyəti yaratmayacaqlar. Sürücülər 30 nəfər sərnişin yerinə avtobusda 60 sərnişin daşımayacaq. Ümumiyyətlə, kart sisteminin müsbət tərəfləri çoxdur. Bu sistem illərlə yubanmasa, kompleks formada həyata keçirilsə, öz bəhrəsini verəcək. Yol mədəniyyətində irəliləyiş baş verəcək, cəmiyyətdə aqressiya azalacaq.

- Kart sisteminin büdcədən yayınmalara da son verəcəyini dediniz. Bu, bəzi sahibkarların fəaliyyətini dayandırmasına səbəb olmayacaq ki? Çünki vergidən yayınma yoxdursa, qazanc da az olacaq.
- Bu gün əlavə yerlərə verilən, gözə görünməyən və ümumiyyətlə qeydiyyatı aparılmayan formal xərclər var. Düşünürəm ki, kart sistemi özüylə bir şəffaflıq da gətirəcək. Artıq 1 avtobusun gündəlik dövriyyəsinin nə qədər olduğu bilinəcək və bütün qazancdan vergi tutmaq imkanı yaranacaq. Nəyin hara getdiyi aydınlaşacaq. Bu zaman həm də bilinəcək ki, əsl sahibkar kimdir, yaxud kimlər bu sahədəki boşluqdan istifadə edərək özünə varidat qazanmaq üçün gəlib. Varidat qazanmaq niyyətində olanlar təbii ki, bu işdən uzaqlaşnmaq məcburiyyətində qalacaq. Bu gün ictimai nəqliyyatın kifayət qədər müştərisi var. Kart sisteminin tətbiqindən sonra yığılmış pullardan vergi düzgün tutularsa, əmək müqavilələri düzgün bağlanarsa, şahidi olacağıq ki, sərnişinnəqliyyat sahibkar üçün deyil, əhali üçün işləyir. Avropada olduğu kimi, sahibkar sərnişinnəqliyatdan böyük gəlir gözləməməlidir..

- Sürücülərin maaşının nə qədər olacağını proqnozlaşdırırsınız?
- Sərnişin nəqliyyatında çalışan sürücülərə 500-1000 manat arasında maaş verilməlidir. əmək müqavilələrində də maaşları gizlədilməməlidir ki, yaşlananda normal təqaüd ala bilsinlər. Eyni zamanda sürücülər 5-6 saat işləməlidirlər. Hətta sutka ərzində 8 saat işləmək belə çoxdur. Sürücü istəsə belə, normalda buna icazə verilməməlidir. Çünki məsələyə tibbi nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, sükan arxasında 8 saat oturmaq təhlükəlidir. Çünki bu zaman sürücülərin diqqəti yayınır, təhlükəsiz sürmək qeyri-mümkün hala gəlir. Amma gün ərzində nəinki 8 saat, 10-14 saat işləyən sürücülər var. Çünki sahibkarlar tərəfindən onların qarşısına öhdəlik qoyulub ki, marşrut xəttindən asılı olaraq gündəlik 200-400 manat plan versinlər. Sürücü də 8-10 saatı həmin planı vermək üçün çalışır. Qalan saatı da özünə işləyir. Ümumiyyətlə, sərnişin daşımada növbəli sistem yaradılmalıdır. Hər 5-6 saatdan bir növbə dəyişməlidir.

- Sürücülərin maaşının 500-1000 manat arasında olacağını proqnozlaşdırırsınız. Ancaq bu gün günə 40-70 manat, aya 1200-2000 manat qazanan sürücülər var. Sizcə, onlar aya 500-1000 manata razılaşacaqmı?
- Söhbət insan ölümündən gedir. Gün ərzində 8-14 saat işləyərək 2 min manat qazanan sürücülər sərnişinləri deyil, yalnız özlərini düşünürlər. Bu dəqiqə sərnişindaşımada elə bir sistem formalaşıb ki, sürücülərin çoxu pul qoxusunun dalınca bu sektora gəlir. Fikirləşirlər ki, günə 50, aya 1500 manat qazanacaqlar. Bu halda sürücü avtobusda sərnişin olduğunu düşünmür. Elə bilirlər kartof, yaxud yük daşıyırlar. Sürət həddini keçməklə bir-biri ilə yarışa girir, rəqabət aparırlar. Ancaq xəbərləri də yoxdur ki, rəqabət dayanacağa tez çatmaqla deyil, sərnişinə keyfiyyətli xidmət göstərməklə aparılmalıdır. Qaçhaqovda qəza baş verməsi, bununla da sərnişinlərin həyatlarının hər an təhlükədə olması riski böyükdür. Bu halda sərnişinlər xəsarət ala, həyatla vidalaşa, bunlar olmasa belə, qorxudan stress keçirə bilərlər. Bu, bütün əndazələri aşan bir haldır ki, ölkəmizdə baş verir. Düşünürəm ki, maaş tətbiq edildikdən sonra pul qoxusuna bu sektora gələn qeyri-peşəkarlar aradan çıxacaq. Ümumiyyətlə, təhlükəsiz və keyfiyyətli xidmətdən danışırıqsa, maddi maraqların üstündən xətt çəkib kənara qoymalıyıq. Digər tərəfdən, 14 saat işləyərək 1500-2000 manat qazanan sürücülər öz əməklərini istismar edir, sağlamlıqlarını da bada verirlər.

- Sizcə, kart sisteminə keçid sürücülərin axşam və gecə işdən yayınmalarına gətirib çıxarmayacaq ki?
- Növbəli sistem tətbiq ediləcəksə, bu zaman sürücülərin işə gecə çıxmağı tənzimlənəcək. Maaş alırsa, iş qrafiki üzrə işləməlidir və işdən yayınması qeyri-mümkündür. Çünki sahibkar işə nəzarət edəcək.

- Türkiyədə sərnişinlərin POS-terminala gediş haqqı ödəməsinə sürücülər nəzarət edir, Gürcüstanda isə Nəqliyyat Nazirliyinin əməkdaşları. Sizcə, bu sistemin hansı bizə daha uyğundur? Yəni sərnişinlərin gediş haqqını ödəməsinə sürücülər, yoxsa sahibkarlar nəzarət etməlidir?
- Sovet dövründə ictimai qınaq vardı. Avtobusa minən biletini çəkib yerinə keçirdi. Əks halda ətrafındakılar onun üzünə baxaraq sözlə olmasa da, gözləri ilə qınayırdılar.

- Amma nəzərə alaq ki, indi ictimai qınaq yoxdur.
- Sizinlə razıyam. Birdən-birə nəzarət olmadan hamının kartını qoyub biletini çəkəcəyini gözləmək doğru olmazdı. Buna tam əminəm. Amma qısa müddətdə onun öhdəsindən gəlmək mümkün olacaq. Yetər ki, bu işi başlayaq. Buna kimin nəzarət etməsinin fərqi yoxdur. Əsas odur ki, bu sistemə keçək.

- Kart sistemin keçdikdə kartla ödənişlə yanaşı, ilk vaxtlar nağd ödəniş də olacaq. Sizcə, bu prosesi sürətləndirmək üçün kart sistemindən istifadə edən sərnişinlərə hansısa güzəştlər olmalıdırmı? Məsələn, qonşu Gürcüstanda ilk gedişdə bizim pula çevirəndə, tutaq ki, 20 qəpik ödədikdə, sonrakı gedişlərdə 10-15 qəpik olur.
- Bu sistem tətbiq edilsə, insanlarda kart sisteminə keçid üçün stimul yaranar. Sahibkarlar bu barədə fikirləşməlidirlər. Məsələn, 1 marşrutdan 1 dəfə istifadə edən sərnişinə növbəti dəfələrdə güzəşt tətbiq edilməsi realdır.

- Hazırda sərnişindaşıma sahibkarların əlindədir. Sizcə, bu sistemin Nəqliyyat Nazirliyinin, yoxsa sahibkarın əlində olması daha yaxşıdır?
- Nəqliyyat sahəsində sahibkarlıq fəaliyyəti düzgün inkişaf etmədiyinə görə gözümüz qorxub. Amma sahibkarlar işlərini keyfiyyətli görsələr, hər şey yaxşı olacaq. Yetər ki, onlara qanunvericilik çərçivəsində fəaliyyət göstərmələrinə imkan verilsin, əlavə xərcləri olmasın. Kart sisteminə keçidin əlavə xərclərin də qarşısını alacağını düşünürəm.

Lalə Musaqızı