• cümə axşamı, 28 mart, 19:16
  • Baku Bakı 13°C

Suriya nüfuz dairələrinə bölünür?

30.12.16 09:00 1240
Suriya nüfuz dairələrinə bölünür?
Başa çatmaqda olan ildə sözsüz ki, ən gərgin hadisələr məhz Suriyada yaşandı. Dünya gücləri vətəndaş müharibəsinin getdiyi bu ölkədə hərbi əməliyyatlara son qoyulması üçün hər cür vasitəyə əl atsalar da, səylər nəticəsiz başa çatır. Yalnız ilin sonuna yaxın Bəşər Əsəd tərəfdarları Hələbə yiyələnməklə ciddi bir uğura imza atdılar. Bundan əlavə, problemin həlli ilə bağlı gələn il Astanada beynəlxalq tədbirin keçirilməsi barədə razılıq da əldə olunub. Birləşmiş Ştatlardan başqa, əksər dövlətlər tədbirə qatılmağa hazır olduqlarını bildiriblər. ABŞ-ın iştirak etmədiyi toplantının uğurlu başa çatacağı suallar doğursa da, hər halda, bu sülh konfransının münaqişənin həllinə kömək edəcəyini gözləmək olar.
Belə bir mürəkkəb durumda Qərbin nüfuzlu nəşrləri Suriyanın gələcək statusunun necə olacağı barədə ən müxtəlif versiya və planlar irəli sürürlər. Məsələn, "Reuters” agentliyinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, Yaxın Şərqin üç nüfuzlu dövləti - Rusiya, Türkiyə və İran Suriyanı öz maraq dairələrinə bölməyə hazırlaşırlar. Sövdələşmənin şərtlərinə görə, Suriya prezidenti Bəşər Əsədə hələ bir neçə il ölkəyə başçılıq etmək imkanı yaradılacaq - növbəti seçki kampaniyasına qədər. Qeyd olunur ki, ölkənin rəhbərliyinə daha az iddialı şəxs gətirildikdən sonra Əsədə ailəsi ilə birlikdə təhlükəsizlik zəmanəti veriləcək. Həmin məlumata əsasən, hazırkı prezidenti əvəzləyəcək namizədlərin müəyyən edilməsi prosesi artıq başlayıb. Lakin ölkə daxilində muxtariyyətlərin yaradılması planları hələlik işlənib hazırlanmayıb. Bu təkliflər həm rəsmi Dəməşq, həm də onun əleyhinə vuruşan silahlı müxalifət, ABŞ və Fars körfəzi dövlətləri tərəfindən təsdiqlənməlidir. "Yekun sazişi əldə etmək çətin olacaq, lakin münaqişə tərəflərinin ilkin mövqelərində xeyli dəyişikliklər var”,- bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının baş direktoru Andrey Kortunov deyib.
Türkiyənin "Anadolu” agentliyi isə xəbər verib ki, Rusiya və Türkiyə birlikdə Suriya ərazisində geniş atəşkəs planını razılaşdırıblarvə həmin plan yaxın vaxtlarda münaqişə tərəflərinə təqdim ediləcək. Mənbələrin bildirdiklərinə görə, atəşkəs dekabrın 29-u gecə yarısı qüvvəyə minəcək və Əsəd qoşunları ilə müxalifətçilər arasında döyüşlərin davam etdiyi ərazilərə şamil olunacaq. Atəşkəsin terror qruplaşmaları ilə mübarizəyə aidiyyəti olmayacaq. Atəşkəs haqqında saziş işə yarayarsa, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hakimiyyəti və müxalifət münaqişənin sülh yolu ilə nizamlanmasını müzakirə etməyə başlayacaqlar. Güman edildiyinə görə, danışıqlar Qazaxıstanda baş tutacaq. Kremldə "Anadolu”nun bu xəbərini şərh etməkdən imtina ediblər. "Bu suala cavab vermək üçün kifayət qədər məlumatlı deyiləm”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
Öz növbəsində, Rusiyanın Xarici İşlər Nazirliyinə yaxınlığı ilə tanınan Beynəlxalq İşlər Şurasının direktoru Andrey Kortunov CNBC-ə açıqlamasında bildirib ki, Suriya ilə bağlı yekun sazişin əldə edilməsi asan olmayacaq, çünki bu razılaşmaya əsasən prezident Əsədin səlahiyyətləri üç regional gücün xeyrinə azaldılacaq."Rusiya və Türkiyə onun hakimiyyətdə qalmasına yalnız növbəti prezident seçkisinədək imkan verəcəklər. Bundan sonra o yerini daha mötədil və daha az bölücü ələvi namizədə verəcək. Mənbələr bildirirlər ki, İranı bütün bu planları qəbul etməyə sövq etmək lazım gələcək. Bütün hallarda Əsəd özünə və ailəsinə verilən təhlükəsizlik təminatı ilə postunu tərk etməli olacaq”. A.Kortunov bunu da bildirib ki, Əsədin yerinə namizəd kimi bir neçə ad hallandırılır.Bununla belə, Kortunov "hallandırılan adlardan” heç birini açmaq istəməyib. CNBC yazır ki, sülh prosesinin istiqamət və nəticəsindən asılı olmayaq, Vladimir Putin burada Rusiyanın liderliyinə nail olmaqla Moskvanı supergüc kimi bir daha təsdiqləməyə can atır. Britaniyanın Rusiyadakı keçmiş səfiri lord Toni Brenton isə deyir ki, dünyadakı proseslərə dəyişdirici təsir etmək Moskvanın "ən böyük mükafatı” olacaq."Biz bu işlərlə Birləşmiş Ştatların məşğul olmasına adət etmişik və unutmuşuq ki, ruslar da bir vaxtlar bu işi görürdülər”- deyə keçmiş diplomat bildirib.
Rusiyaya yaxın mənbələr "Reuters” agentliyinə onu da bildiriblər ki, Rusiya məqsədinə nail ola bilsə, Suriya hökuməti ilə müxalifət arasında danışıqlar Qazaxıstan paytaxtı Astanada, yanvar ayının ortalarında olacaq.Bu danışıqlar BMT-nin apardığı danışıqlardan fərqlənəcək və onun ilk mərhələsində Birləşmiş Ştatlar iştirak etməyəcək. Türkiyənin mövqeyinə gəldikdə, bu ölkənin rəsmiləri bildirirlər ki, hazırda Əsədin vəzifədən getməsi onlar üçün prioritet deyil və başlıca məsələ "terrorizmin məğlub edilməsidir”. "Bu o demək deyildir ki, biz Əsədi qəbul edirik. Lakin biz anlaşma əldə etmişik. İŞİD-in kökü kəsiləndən sonra, Rusiya Türkiyənin Suriyada PKK-nı bitirməsinə dəstək verə bilər”- deyə adının çəkilməsini istəməyən Türkiyə rəsmisi bildirib. Ankarada yerləşən Türkiyə-Rusiya Tədqiqatlar Mərkəzinin rəhbəri Aydın Sezer isə deyir ki, Türkiyə Suriyada hakimiyyət dəyişikliyi tələbindən tamamilə əl çəkib.
Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Suriyanın gələcəyi və bu ölkədə proseslərin necə olacağı dumanlı görünür. Ümid etmək olar ki, gələn il yüz minlərlə insanın ölümünə gətirib çıxarmış bu qanlı müharibə sona çatacaq.
Azər
banner

Oxşar Xəbərlər