• şənbə, 20 Aprel, 10:32
  • Baku Bakı 14°C

Suriya böhranı başa çatır?

15.09.17 09:30 805
Suriya böhranı başa çatır?
Suriya məsələsi ətrafında son günlər maraqlı hadisələr baş verməkdədir. Belə ki, Əsəd hakimiyyəti artıq Suriya ərazisinin 80 faizdən çoxuna nəzarət etdiyini bəyan edib. İŞİD demək olar ki, bu ölkənin ərazisindən sıxışdırılıb çıxarılır. Amma onu da yaddan çıxarmayaq ki, bu əməliyyatlar çərçivəsində Suriya ərazisində öz bayraqları altında hərəkət edən müxtəlif ölkələrin hərbi birləşmələri də var. Eyni zamanda Suriya üzrə sülh danışıqlarına həsr olunmuş "Astana 6" sammiti keçirilir. Ötən gün məsələ ilə bağlı Qazaxıstan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu dəfəki danışıqlar mərhələsində silahlı müxalifəti təmsil edən 24 nümayəndə də iştirak edəcək: "Danışıqlarda iştirak edəcək bütün tərəflər artıq Astanadadır”.

Rusiyanı bu danışıqlarda prezidentin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyəni XİN rəhbərinin müavini Sedat Onal, İranı XİN rəhbərinin müavini Caber Ansari təmsil edəcək.Məlumata görə, BMT baş katibinin xüsusi nümayəndəsi Stefan De Mistura da danıqlarda iştirak etmək üçün artıq Astanaya gəlib.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlubildirdi ki, Suriyada hələ ki müharibənin başa çatması ehtimal olunmur: "Doğrudur, Rusiyanın dəstəyi hesabına Əsəd ordusu müəyyən uğurlar qazanıb, bir neçə şəhəri azad edib və terrorçular sıxışdırılıb. Amma bir neçə problem hələ Suriyada qalacaq. Birincisi, tamamilə terrorçuların təmizlənəcəyini gözləmək əbəsdir. Çünki 15-17 il əvvələ qədər "Əl-Qaidə” terror təşkilatı da aktiv idi, sonra neytrallaşdırıldı və lideri öldürüldü. Bu terror təşkilatı zəiflədi, amma yerində İŞİD yarandı. Qeyd edim ki, Yəməndə və digər ölkələrdə "Əl-Qaidə” yenidən canlanmağa başlayıb. Bu gün İŞİD ortadan silinsə belə, onun yerinə başqa bir terror təşkilatı peyda ola bilər. Yaxud da özü başqa bir terror təşkilatına transformasiya olunar. Tamamən terrorçuları məhv eləmək çətin olacaq. Müharibənin miqyası azala bilər, ancaq Suriya ərazisində silahlı qarşıdurmalar, partlayışların olması istisna olunmur.İkincisi, Suriya müxalifəti məsələsi qalacaq. Əsəd terrorçuları sıxışdırır, bəs Suriya müxalifəti necə olacaq? Axı onlar da silahlıdırlar. Məhz Rusiya, Türkiyə, İran rəsmilərinin tez-tez Astanada görüşməsinin əsas qayəsi də odur ki, Əsəd ordusu Suriya müxalifəti ilə savaşmır. Deyək ki, sabah bu ölkənin ərazisində terrorçular zərərsizləşdirildi, daha sonra Suriyanın gələcəyi necə olacaq? Çünki inanmıram ki, Suriya müxalifəti və ya silahlı kürdlər Əsəd hakimiyyətini tamamən qəbul etsinlər. Onlar islahatlar istəyəcəklər, Suriyanın federallaşmasını tələb edə bilərlər. Bu məsələlər hələ ki açıq qalır”.

E.Şahinoğlu qeyd etdi ki, böyük dövlətlərin Suriyada fərqli maraqları var: "Rusiya, İran, Türkiyə, bəzi ərəb dövlətləri Suriyada mövcuddur, eləcə də Amerikanın burada maraqları var və kürdlərə, bəzi müxalif qruplara dəstək verir. Həmin böyük dövlətlərin təsir imkanları azalacaqmı? Düzdür, Suriya mövzusunda Rusiya, Türkiyə, İran əməkdaşlıq edir, bəs sabah bu davama edəcəkmi? Bundan başqa, Amerika və ərəb ölkələrinin maraqları nə dərəcədə Rusiya və İranın maraqları ilə üst-üstə düşəcək? Onlar da istəməyəcəklər ki, Əsəd hakimiyyəti yenidən möhkəmlənsin. Bu cür suallar olduqca, Suriya məsələsinin yaxın müddətdə həll olunacağını demək çətindir”.

"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu da bildirdi ki, Suriyada konfliktin tamamilə həll olunması barədə danışmaq hələ çox tezdir: "Ola bilər ki, Əsəd qüvvələri Suriyanın 80 faiz ərazisinə nəzarət etsin. Suriya müxalifətinin içində bölünmələr var. Eyni zamanda Suriya iqtidarı daxilində də fikir ayrılıqları hələlik problemin həll edilməsindən danışmağa imkan vermir. Çünki Suriyada baş verən proseslər sözün həqiqi mənasında həm də qlobal güclərin Yaxın Şərqdəki maraqlarının toqquşmasının təzahürü idi. İndiki məqamda, fikir ayrılıqlarının davam etdiyi müddətdə problemin tamamən həll olunduğunu deyə bilmərik. Böyük güclərin bir araya gəlib konsensusa nail olmayacağı təqdirdə konflikt bu və ya başqa tərzdə davam edəcək. Bir məqamı qeyd edim ki, İraqda da çox maraqlı proseslər gedir və bu da Suriyaya öz təsirini göstərir. İraqda referendum məsələsi, kürdlərin Suriyanın və İraqın şimalına köçürülməsi ilə bağlı Bərzaninin açıqlamaları kifayət qədər vacib faktorlardır”.

V.Zifəroğlu əlavə etdi ki, hazırda İŞİD sıradan çıxsa belə, onun yerini yaxın zamanlarda başqa bir terror təşkilatının tutması mümkündür: "Eyni zamanda bölgədə gedən proseslərdə məzhəblərarası qarşıdurma yaratmaq tendensiyasını müşahidə etməkdəyik. Bu özünü həm ərəb ölkələri ilə İran arasındakı münasibətlərdə, həm də Suriyanın daxilində gedən proseslərdə müəyyən mənada işartılar şəklində göstərməkdədir. Belə bir təhlükəni istisna etmək olmaz. Bu mənada belə qorxulu ssenarilər olduğu müddətcə, deyə bilmərik ki, Suriyada konflikt tamamilə həll olunub”.

Analitik vurğuladı ki, Qərbin, Rusiyanın və digər ölkələrin hərbi birləşmələrinin Suriyada mövcudluğu davam edəcək: "Heç bir tərəf öz qoşununu bu ölkədən çıxarmaq niyyətində deyil. Eyni zamanda böyük güclər Suriyada olan qruplaşmaları da dəstəkləməklə öz varlıqlarını sürdürməkdədirlər. Misal üçün, şərt deyil ki, İran öz bayrağı ilə orada qoşun saxlasın. O buradakı şiə qruplaşmalarını dəstəkləyir. Eyni zamanda da Qərb bu addımı atır. Burada məsələ yalnız həmin ölkələrin öz qoşunları ilə Suriya ərazisində mövcud olmalarını şərtləndirmir. Həmçinin Suriyada qarşıdurma vəziyyətində olan tərəflərdən birinə dəstək verməklə özünü göstərir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər