• çərşənbə axşamı, 23 aprel, 13:26
  • Baku Bakı 24°C

Suraxanı rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

11.10.16 19:20 1045
Suraxanı rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 11 oktyabr 2016-cı il tarixdə Suraxanı Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. SHXÇDX-dən "Kaspi”yə verilən məlumatda bildirilir ki, tədbirdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan-Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində qazandığı qələbənin cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov bildirib ki, Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirdir və bunu aprel döyüşlərində sübut ediblər.
Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini qeyd etdi.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, görülmüş işlərin nəticəsində artıq ölkədə fərarilik halları baş vermir, gənclərin hərbi xidmətə yola salınması mərasimləri böyük bayram tədbiri kimi həyata keçirilir.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Suraxanı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.



banner

Oxşar Xəbərlər