• cümə, 29 Mart, 04:52
  • Baku Bakı 7°C

Şuranın layihəsi çərçivəsində maarifləndirmə tədbirlərinə yekun vuruldu - Fotolar

20.07.17 12:20 911
Şuranın layihəsi çərçivəsində maarifləndirmə tədbirlərinə yekun vuruldu - Fotolar
"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə həyata keçirir.
Layihənin məqsədi regionlarda məişət zorakılığı və erkən nikah hallarının baş vermə səbəbləri, onların fəsadları, buna qarşı mübarizə yolları, milli və beynəlxalq hüquqi aktlarda, o cümlədən, Ailə və Cinayət Məcəllələrində, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda, BMT-nin "Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında” Bəyannaməsində, habelə digər mühüm əhəmiyyət kəsb edən sənədlərdə təsbit olunmuş müddəalarla bağlı ictimai maarifləndirmə tədbirləri keçirilməsini təşkil etməkdir.

Layihənin icrası məqsədilə Kürdəmir, Ucar, Masallı və Cəlilabad rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.

Hər bir rayonda keçirilən tədbirlərdə təşkilatın nümayəndəsi çıxış edərək layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə İcra Hakimiyyətlərinə minnətdarlığını bildirib.

Tədbirlərdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ümumilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsasını qoyulduğu, bu siyasətin bu gün də Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. O, qadın siyasətinin Azərbaycan Respublikasının qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulduğu, milli qanunvericiliyin beynəlxalq standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımların atıldığını qeyd edib.

S.Qəhrəmanova insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat verib, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırılmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibdir. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə üsulları barədə məlumat verib.

Layihənin eksperti Vəsilə Möhsümova çıxış edərək ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.

Tədbirlərdə rayon icra hakimiyyətləri başçısının müavinləri və nümayəndələri çıxış edərək, son illər rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verib.

Çıxışlarda ailə dəyərlərinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, qorunub saxlandığı bildirilib və bu dəyərlərin yad təsirlərdən qorunmasının zəruriliyi vurğulanıb. Xüsusilə məişət zorakılığının qadın və uşaqlar arasında törətdiyi fəsadların əslində milli-mənəvi dəyərlərimizə yad olduğu diqqətə çatdırılıb.

Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə fikir mübadiləsi aparılmış və bir sıra təkliflər səsləndirilib.






banner

Oxşar Xəbərlər