• cümə axşamı, 18 aprel, 11:10
  • Baku Bakı 12°C

Şuranın dəstəyi ilə multikulturalizm müzakirə olundu - Qubada

23.05.16 13:11 1046
Şuranın dəstəyi ilə multikulturalizm müzakirə olundu - Qubada
Qubada AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi tərəfindən "Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
İctimai Birlikdən Azadinform-a verilən məlumata görə, tədbirdə çıxış edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihələrə hər zaman diqqətlə yanaşdıqlarını, rayon rəhbərliyinin vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək bütün addımları dəstəklədiklərini bildirib.
"Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının milli və dini müxtəlifliklə bağlı bir çox layihələrə dəstək verdiyini bildirib: "Bu gün millətlərarası münasibətlərin inkişafı üçün QHT-lər, vətəndaş cəmiyyətləri müxtəlif işlər görür. Dövlət tərəfindən maliyyələşən layihələrin bir hissəsi də, məhz, millətlərarası münasibətlərin inkişafına sərf edildi və yenə də edilməkdədir. Azərbaycanda yaşayan xalqların mədəniyyətləri, dilləri, dinlərinin qorunması üçün layihələr həyata keçirilir və dövlət tərəfindən maliyyə ayrılır”.
N.Niftiyev bildirib ki, uğurlu multikulturalizm siyasəti olmadan ölkə sabit ola bilməz: "Ölkəmizin birgəyaşayış modelini formalaşdırması və dünyaya təqdim etməsi isə bunun əyani təzahürlərindəndir. Burada milli mədəniyyətə uğurla inteqrasiya edən müxtəlif xalqların nümayəndələri harmonik şəkildə inkişaf edirlər. Bütün dünyada milli və dini münaqişələr fonunda artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya yol verməmək üçün tarixi və müasir birgəyaşayışın Azərbaycan modeli haqqında düşünmək ancaq bəşəriyyətə uğur gətirə bilər”. N.Niftiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq tədbirlər, xüsusən də yaxın keçmişdə baş tutan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Heydər Əliyev Fondunun bu sahəyə qayğısı, təhsil, mədəniyyət siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və ümumilikdə "Multikulturalizm ili” çərçivəsində dövlətin həyata keçirdiyi işlərdən danışıb.
"Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov insan və vətəndaş hüquq və azadlıqlarının irqi, milli, dini və digər əsaslara görə məhdudlaşdırılmasının yolverilməzliyi prinsipinin Azərbaycan Konstitusiyası ilə yanaşı, Cinayət, Cinayət-Prosessual, Mülki-Prosessual, Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edildiyini bildirib. S.Vəkilov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərin, o cümlədən də milli azlıqların nümayəndələrinin əmək, məşğulluq və sosial hüquqlarının qorunmasına dövlət nəzarəti bu sahəyə aid olan normativ-hüquqi aktların tələblərinə uyğun həyata keçirilir: "Azərbaycan Respublikasının cinayət qanunvericiliyi milli zəmində törədilə biləcək cinayətlərə görə məsuliyyət müəyyən etmişdir”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə azərbaycançılıq ideologiyasının birgəyaşayışda rolundan danışıb. O qeyd edib ki, azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların konsepsiyası kimi çıxış edir: "Məna və məzmunca bir-birini tamamlayan bu ideyanı, eyni zamanda, zamanın və ölkə ərazisində yaşayan bütün xalqların arzularına rəğmən birlik tələbi kimi də dəyərləndirmək olar. Bu, elə bir zamanda irəli sürüldü ki, həqiqətən, dərdinə məlhəm kimi Vətənin də buna ehtiyacı yaranmışdı. Elə bununla da bu ideyanın baş memarı olan Ulu öndər sonun başlanacağına birdəfəlik son verdi. Demək olar ki, Azərbaycan bütün sahələrdə - daxili və xarici siyasətdə, ictimai-mədəni əlaqələrdə və s. özünün yeni inkişaf dinamikasını müəyyənləşdirmiş oldu”.
Sonda tədbir iştirakçılarına içraçı QHT-nin mövzu ilə bağlı hazırladığı məqalələr və "Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı hədiyyə olundu.
Qeyd edək ki, tədbirdə AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin aparıcı məsləhətçisi Rövşən Həmidov da iştirak edib.
banner

Oxşar Xəbərlər