• çərşənbə axşamı, 19 mart, 11:04
  • Baku Bakı 8°C

Sumqayıt Dövlət Dram Teatrı ömrünün 48-ci ilini yaşayır

17.03.17 10:57 6750
Sumqayıt Dövlət Dram Teatrı ömrünün 48-ci ilini yaşayır
Sumqayıt Dövlət Dram Teatrı dünən özünün 48 yaşını qeyd etdi. Bu teatrın yaradıcılıq palitrasının yetərincə zəngin və çalarlı olması barədə dəfələrlə xəbər vermişik. Sevindirici haldır ki, hazırda müasir binada gözəl yaradıcılıq şəraitində fəaliyyət göstərən teatrın repertuarı da müxtəlif sosial təbəqələrin zövqünə, istəyinə uyğun qurulub. Eyni zamanda, dövləti, dövlətçiliyi, azərbaycançılığı təbliğ edən, vətənpərvərliyi aşılayan əsərlər teatrda maraqlı səhnə həlli tapır. Sumqayıt Dövlət Dram Teatrının uğurları sırasında ayrı-ayrı illərdə qazanılan beynəlxalq festivalların prizləri yer alır.
Ötən ilin əvvəli Prezident İlham Əliyevin tapşırığına əsasən yenidənqurmadan sonra teatrın açılışı oldu. Prezidentin bu qayğısı, xüsusi diqqəti yaradıcı heyətə yeni ruh verdi.
Teatrın tarixi
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Nazirlər Soveti 12 mart 1968-ci ildə Sumqayıtda Dövlət Gənclər Teatrı yaradılması barədə qərar vermişdi. Bunun əsasında Respublika Mədəniyyət Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə teatr yaradıldı. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin son kursunda təhsil alan tələbələrin əksəriyyətinin təyinatı Sumqayıta verildi. Onların və şəhərin daha bacarıqlı dram həvəskarlarının gücü ilə təzə səhnə sənəti kollektivi formalaşdırıldı. İnstitutun aktyor və rejissor sənəti müəllimi, Bakının, Gəncənin, Naxçıvanın Dövlət Teatrlarında maraqlı quruluşlar vermiş Nəsir Sadıqzadə teatra baş rejissor təyin edildi. İyul ayında bu vəzifəni tutmuş rejissor kollektivə bir il rəhbərlik etdi. 1 avqust 1968-ci ildə kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında gənc kollektiv ilk məşqinə başladı.
Yeni kollektiv bir il Sumqayıt Dövlət Gənclər Teatrı adlandı. 1970-ci ildə kollektivə görkəmli rejissor və aktyor Hüseyn Ərəblinskinin adı verildi. Sənət ocağı Sumqayıt Dövlət Dram Teatrı adlandırıldı.
Teatrın rəsmi və təntənəli açılışı 14 mart 1969-cu ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası ilə oldu. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, rəssamı İsmayıl Axundov, Emin Mahmudov idi. Mahnıların mətnini şair Zeynal Cabbarzadə yazmışdı.
Martın 15-də isə gənc kollektivin üzvləri Amerika dramaturqu Con Patrikin "Qəribə missis Səviç” tragikomediyasını oynadılar. Əsəri Novruz Gəncəli tərcümə etmiş və Nəsir Sadıqzadə tamaşaya hazırlamışdı. Tamaşanın rəssamı Arif Əsgərov, bəstəkarı isə Moris Ravel idi. Maraqlı səhnə təsviri verilmiş tamaşada əsas rolları Zərnişan Fətəliyeva (Missis Səric), Vaqif Əliyev və Nazir Əliyev (Semuel) Vaqif Rəsulov və Kamil Məhərrəmov (Tit) oynayırdılar.
Monumental tamaşalar yaratmaq istiqamətində teatrın "Toy” (Sabit Rəhman) və "Müsibəti Fəxrəddin” (Nəcəf bəy Vəzirov) tamaşaları daha cazibədar və daha bitkin alınmışdı. Mənim qəti qənaətimə görə "Müsibəti Fəxrəddin” faciəsi teatrın qırx illik yaradıcılığında ən dəyərli sənət əsərlərindəndi. Ümumiyyətlə bu quruluş həmin faciənin Azərbaycanın müxtəlif teatrlarındakı onlarca quruluşu içində orijinal forma həllinə və məzmun şərhinə görə seçilir.
Şərəfli yaradıcılıq yolu...
Sumqayıt teatrı keçdiyi 48 illik yaradıcılıq yolunda milli klassiklərimizin və çağdaş dramaturqlarımızın əsərləri ilə yanaşı, müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə yaşayıb-yaratmış əcnəbi müəlliflərin maraqlı dram, faciə və dramlarına da öz repertuarlarında yer ayırıb. İngilis Vilyam Şekspirin və Vilyam Leyesin, rus Nikolay Qoqolun, Mixail Lermontovun, Sergey Mixalkovun, Vasili Şukşinin, Gennadi Bokarevin, qırğız Çingiz Aytmatovun və Maar Bayçiyevin, gürcü Nodar Dumbadzenin, Merab Beredzenin, Aleksandr Çxaidzenin, osetin Georgi Xuqayevin, tatar Azad Abdullayevin, osmanlı ədibləri Rəşad Nuri Güntəkinin və Nazim Hikmətin, fransız Jan Batist Molyerin və Jan Kverin, amerikan Con Patrikin və Tennsi Vilyamsın, belarus Andrey Makayonokun, bolqar Panço Basbəyorrun, eston Eqon Rannetin, qazax Şahmet Xusianovun, türkmən Hüseyn Muxtarovun və digərlərinin əsərləri teatrın repertuarını bəzəyib.
Nobel mükafatı laureatları Hervard Kiplinqin («Öz xoşuna gələn pişik»), Con Qolsuorsinin («Birincilər və sonuncular»), Alber Kamyunun («Ağlasığmaz faciə»), Yucin O Nilin («Qarağaclar altında məhəbbət») əsərləri müxtəlif illərdə Sumqayıt teatrının repertuarını bəzəyib.
Kollektiv respublikada keçirilən müxtəlif xarakterli festivallarda uğurla çıxış edib. Teatrın bir neçə tamaşası Azərbaycan Dövlət Televiziyası ilə nümayiş olunub. Sevindirici haldır ki, bu gün teatrın istedadlı aktyorları bədii filmlərə çəkilirlər. Televiziya tamaşalarında müxtəlif şou proqramlarda səylə çıxışlar edirlər.
Teatrın fədailəri...
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin milli Teatr günü münasibəti ilə verdiyi sərəncamda Sumqayıt Dövlət Dram Teatrın direktoru İslam Cəfər oğlu Həsənov əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldü. Hazırda İslam Həsənov ikiqat, yeri gələndə üçqat bayram sevincini yaşayır. Yenicə fəxri ad alan İslam Həsənov teatrın ad gününə hazırlaşdığını və gələcəkdə daha böyük işlər görəcəklərini bildirdi: "Bilirsiniz ki, Sumqayıt Teatrı yeni təmirdən çıxıb. Hazırda binamız müasir standartlara cavab verir. İstilik sistemi, işıq, səhnə tərtibatı hər şey qaydasındadır. Bu da bizə var gücümüzlə çalışmağa bir stimul verir. Yaradıcı insan üçün münbit şəraitdən gözəl nə ola bilər. Belə bir şəraitdə kollektivə də ikiqat həvəs gəlib. İşimizi elə qururuq ki, gözəl binaya uyğun fəaliyyətimiz olsun. O ki, qaldı 48 yaşımıza bayram bayrama qarışıb. Fəxri ad, Novruz bayramı, teatrımızın ad günü. Bu çox sevindirici haldır. Biz də bu bayramları hazırladığımız proqramlar və tamaşalarla keçiririk. Bizim başqa planlarımız da var. Mövsümü gec açdığımıza görə, bütün planlarımızı təxirə salmışdıq. Qarşıda bizi qastrol səfərləri gözləyir. Köhnə tamaşaların bərpası, yeni tamaşaların hazırlanması vaxtımızı çox alır. Var gücümüzlə çalışırıq. Dünən ad günümüzdə Marsel Berkye-Marinyenin "Oğru” tamaşasını rejissoru Rövşən Almuradlıdır oynadıq”.
Teatrın direktoru deyir ki, 48 heç də az yaş deyil. Bundan sonra da teatr öz tarixini şərəflə və maraqlı taçmaşaları ilə yazacaq.Ömrünün 42 ilini məhz Sumqayıt Teatrında keçirən Azərbaycan Respublikasının Xalq artistiMəzahir Süleymanov bizimlə söhbətində öz yaradıcı kollektivinə uğurlar arzuladı. Bildirdi ki, ömrünün ən parlaq illəri məhz bu teatrda keçib: "Sumqayıt teatrı mənim üçün çox əzizdir. Teatrın yaranması Nazirlər Kabinetinin qərarı ilə 68-ci ildə olsa da, teatrımızın pərdələri öz tamaşaçıları ilə mart ayının 14-də 1969-cu ildə görüşüb. Mən 72-ci ilin noyabr ayında gəlmişəm. Onda teatrın haradasa 4 yaşı vardı. Bundan əvvəl teatrımız şəraitsiz olduğundan işləyərkən çox çətinliklər çəkirdik. Əvvəl uzun müddət öz binamız olmayıb, mədəniyyət evində fəaliyyət göstərirdik, mədəniyyət evində sığınmışdıq. Mədəniyyət evi ləğv olunandan sonra həmin binanı teatra verdilər. O şəraitsizlikdə biz qışda, soyuqda əlimizdən gələni etməyə çalışırdıq. Sevindirici haldır ki, bu gün Sumqayıt Teatrı ən son texnologiya ilə təmin olunub, gözəl şəraiti var. Bu teatrın mənim həyatımda çox böyük rolu var. Məhz Sumqayıt teatrında mən aktyor kimi tanınmışam. Bir aktyor kimi məni məhz Sumqayıt Teatrı yetişdirib. Biz Sumqayıt Teatrının kollektivi ilə böyük bir ailə olmuşuq.Öz doğma teatrımı heç bir teatra dəyişməmişəm. İndi isə təqaüddəyəm. Son olaraq bütün yaradıcı kollektivinə uğurlar arzu edirəm. Ad gününüz mübarək əziz Sumqayıt Dövlət Dram Teatrı”.
Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovu da təbrik edib, təəssüratlarını xəbər aldıq: "Hazırda teatrda bayram bayrama qarışıb. Bildiyiniz kimi, mən 1987-ci ildə Mehdi Məmmədovun kursunu bitirmişəm. Həmin ildən Sumqayıt Teatrına təyinatla gəlmişəm. İlk diplom tamaşamı da məhz burada hazırlamışam. O gündən-bu günə Sumqayıt Teatrında çalışıram. 1997-ci ilə qədər quruluşçu rejissor, 97-ci ildən bu günə qədər artıq 20 ildir ki, teatrın baş rejissoru vəzifəsində çalışıram. Mənim yaradıcılığımın ən uğurlu illəri bu teatrla bağlıdır. Hazırladığım bütün tamaşalar mənim üçün doğmadır”.
F.Məhərrəmov söhbəti zamanı Sumqayıt Teatrının 48 yaşı olsa da, ancaq Azərbaycan teatrının inkişafında onun xüsusi xidmətləri olduğunu qeyd etdi: "Bizim teatrda zamanında da, indi də Azərbaycan teatrının korifey sənətkarları çalışıb və çalışmaqdadır. Teatrımız hər zaman digər teatrlar üçün bir baza rolunu oynayıb. Bu gün paytaxtımızda fəaliyyət göstərən teatrların yaradıcı heyətinə fikir versəniz, görərsiniz ki, onların əksəriyyətini məhz Sumqayıt Teatrı yetişdirib. Sumqayıt Teatrı digər teatrlar üçün aktyor bazası baxımından sanki bir tramplin rolunu oynayıb. Bilirsiniz ki, teatrımız 8-9 ay təmirdə oldu. Bir qədər planımızdan geri düşdük. Çalışırıq ki, indi o ayların əvəzini çıxaq. Binamız yenidir. Bütün təchizatımız var. Elə bu yaxınlarda xalq artisti Afaq Bəşirqızı ilə Valeh Kərimovun "Subaylarınızdan görəsiniz” tamaşaçı olacaq. Həmin tamaşanı şəhər ictimaiyyətinə göstərəcəyik. İcra hakimiyyəti tərəfindən daha bir sifariş almışıq. Belə ki, Cəlil Məmmədquluzadənin "Ölülər” əsəri üzərində çalışırıq. Planlarımız çoxdur. İnşallah yaşayarıq, görərik”.
Biz də bu uğurlu yolda Sumqayıt Teatrının yaradıcı kollektivinə yeni-yeni nailiyyətlər arzulayırıq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər