• şənbə, 20 Aprel, 01:10
  • Baku Bakı 15°C

Sulu el abad olar

03.06.17 09:40 3093
Sulu el abad olar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə iyun ayının 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü təsis edilmişdir. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilməsində və onların kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin böyük əməyi vardır.
Əhalinin 80 faizindən çoxu fasiləsiz içməli su ilə təmin edilir
Məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün bir əsr əvvəl Şollar-Bakı Su Qurğuları Kompleksi tikilib. Sonralar İkinci Bakı su kəməri, Ceyranbatan sutəmizləyici qurğular kompleksi istismara verilib, Bakı şəhərində paylayıcı şəbəkə və digər zəruri infrastrukturlar yaradılıb. 1970-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Kür su kəmərləri sistemi işə salınıb və Abşeron yarımadasının su təminatında stabillik təmin olunub.
1970-80-ci illərdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyalar, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Həmin dövrdə Bakı şəhərində reallaşdırılan "Böyük kanalizasiya” layihəsi çərçivəsində Hövsan Aerasiya Stansiyası, "Sənaye zonası”, "Şəhərkənarı” və "Sahil” kollektorları inşa edilib.

1990-cı illərin ortalarında Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildikdən sonra beynəlxalq maliyyə qurumlarından "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” üçün güzəştli şərtlərlə 88,7 milyon dollar kredit alınıb. Bu vəsait hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğuları, paytaxt Bakıda mərkəzi və məhəllədaxili nasos stansiyaları yenidən qurulub.

2003-cü ilin oktyabrında İlham Əliyevin Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlanıb. Əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatları aparılıb. 2004-cü ilin iyununda su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə vahid qurum - "Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

İdeya müəllifi ulu öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Prezident İlham Əliyevin rəhbərliyi ilə 2010-cu ildə istismara verilib. Bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə olunmaqla, Bakı şəhərində xidmət göstərilən əhalinin 80 faizindən çoxu fasiləsiz içməli su ilə təmin edilir.

Abşeron yarımadasının 2035-ci ilə perspektiv inkişafı nəzərə alınmaqla, su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. Sənədə uyğun olaraq, 550 km magistral, 8100 km paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min kubmetr olansu anbarlarının, 150 km-i tunel tipli olmaqla, 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, 900 km yağış kollektorlarının inşası, eləcə də məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması layihələndirilib.

Sənədin su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2015-ci ildə istismara verilib. Yeni kompleksdə ultrasüzgəc texnologiyasına əsaslanmaqla, heç bir kimyəvi təmizlənmə aparılmadan qapalı və avtomatik rejimdə təmizlənən suyun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.
Bu qurğuda emal olunan suyun Abşeron yarımadasındakı yaşayış məntəqələrinə çatdırılması məqsədilə 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri və kəmərin marşrutu boyunca Abşeron, Saray, Balaxanı, Ramana, Qala, Zirə anbar kompleksləri inşa olunub. Yeni yaradılmış infrastruktur hesabına Qala, Türkan, Zirə, Pirallahı qəsəbələrinə ilk dəfə mərkəzləşmiş qaydada içməli suyun verilməsi təmin edilib. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq Abşeron yarımadasının 51 qəsəbəsində infrastrukturların yaradılması və yenidən qurulması işləri görülüb.

Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı məqəsdilə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. 14 km Bayıl-Bibiheybət-Lökbatan kollektorunun istismara verilməsilə Bayraq meydanından Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış-kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə 13 layihənin reallaşdırılması üçün 14,7 mln manat vəsait ayrılıb və artıq bu istiqamətdə işlərə başlanılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. 2017-ci ildə Daşkəsən, Gədəbəy, Ağdaş, Şamaxı, Qobustan, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin inşası başa çatdırılacaq. Eyni zamanda Qazax və Xırdalan şəhərlərində yeni layihələrin, 10 şəhərdə isə tullantı sutəmizləyici qurğuların inşasına başlanılması nəzərdə tutulur.
13 illik fəaliyyətin nəticəsi
2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə istismara verilib. Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərinə bu mənbədən suyun verilməsi təmin olunub. Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər çəkilmiş 62 km magistral su kəməri isə hazırda Sabirabad və Saatlı şəhərlərini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edir.

Mərkəzi Aran bölgəsi içməli su ilə təmin etmək məqsədilə Girdmançayın yatağında Külüllü suqəbuledici qurğuları tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə ümumi uzunluğu 181 km olan 4 magistral su kəməri çəkilib. Hazırda rayon mərkəzləri və bəzi kəndlər yeni mənbənin suyundan istifadə edir.

Şəmkirçay su anbarının istismara verilməsi içməli su təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir. Mənbədən Şəmkir şəhərinə 16,5 km, Gəncə şəhərinə isə 24,5 km uzunluğunda magistral kəmərlər çəkilib. Gəncə şəhərinin digər mənbələrində - Qızılqaya və Göygöldə yeni suqəbuledici qurğular inşa olunub və şəhərə suyun verilişi təmin edilib.

Ötən müddətdə istismara verilmiş Xanbulançay, Mingəçevir və Quba sutəmizləyici qurğuları Lənkəran, Astara, Mingəçevir, Yevlax və Quba şəhərlərinin, həmçinin 50-dən artıq kənd və qəsəbənin içməli su təchizatının yaxşılaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Son illər su qıtlığı müşahidə olunan 350-dək kənd və qəsəbədə, xüsusilə cəbhəyanı ərazilərdə, məcburi köçkün şəhərciklərində həyata keçirilən layihələrdən 360 mindən çox insan faydalanıb. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinə və "Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonun 13 kəndində icra olunmuş layihələr çərçivəsində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli sərəncamına əsasən, 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasına başlanılıb.
"Azərsu” ASC Zərdab, Hacıqabul və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirir. Zərdab rayonunda 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayı sahilində sugötürücü qurğu, nasos stansiyası tikilib, enerji təchizatı sistemləri yaradılıb, 15 km magistral su xətti çəkilib və əkin sahələrinə suyun verilməsinə başlanılıb. Padarçöl ərazisində 10 min hektar sahənin suvarılması layihəsi çərçivəsində Kür sutəmizləyici qurğularından 27 km magistral kəmərin və digər infrastrukturların inşası davam etdirilir.

"Azərsu” ASC-nin 13 illik fəaliyyəti dövründə 7500 kmmagistral və paylayıcı su xətti, 2800 kmkanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 221 su anbarı, 110 su və kanalizasiya-nasos stansiyasıtikilib, 292 artezian və subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4 milyon 500 min nəfəri keçib. Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 65,9, Bakı şəhərində isə 80,8 %-i fasiləsiz rejimdə içməli su ilə təmin edilir.
İçməli suyun 51, tullantı sularının isə 46 parametri üzrə təhlillər və analizlər aparılır
Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üzrə strateji hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub. Strateji Yol Xəritəsində göstərilmiş tədbirlərin icrası nəticəsində xidmət səviyyəsi daha da yüksələcək, su itkiləri minimuma endiriləcək, ekoloji sabitliyin təmin olunması üçün əlavə tədbirlər görüləcək.

İstehlakçılara verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılması məqsədilə yeni Mərkəzi Laboratoriya yaradılıb. Beynəlxalq akkreditasiyadan keçən laboratoriyada içməli suyun 51, tullantı sularının isə 46 parametri üzrə təhlillər və analizlər aparılır. Yeni yaradılmış Suölçən Cihazların Sınağı və Kalibrlənməsi Laboratoriyasında isə su sayğacları yoxlanılır, xətaları müəyyən edilir və onların təmiri aparılır.

Yeni layihələr çərçivəsində yaradılan SCADA sistemləri infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin edir. Yeni yaradılmış AzersuCİS layihəsi isə bütün şəbəkə infrastrukturlarının rəqəmsal xəritələrə köçürülməsinə hesablanıb. İndiyə qədər bu sistemə 16400 km su, 6600 km kanalizasiya və yağış suları xətti, 70 minə qədər qurğu və avadanlıq, unikal kod verilmiş 400 mindən çox bina və tikili haqqındaməlumatlar daxil edilib.
Beynəlxalq əlaqələrini genişləndirən "Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. "Azərsu” ASC dünyada su sahəsində ən mötəbər qurumlardan sayılan Dünya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilib və bu təşkilatlarda fəal təmsil olunur.

14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində 1-ci Bakı Beynəlxalq Su Həftəsi keçirilib. Həftə çərçivəsində "Şollar-Bakı Su Qurğular Kompleksi”nin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans, Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısı, 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclası keçirilib. Bu tədbirlərdə 37 ölkədən 200-dən çox qonaq iştirak edib. Həftənin yekununda Bakı Bəyannaməsi qəbul edilib.

Ölkə rəhbərliyi su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib. 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir. Öz növbəsində, çoxminli su təsərrüfatı işçiləri ölkə başçısının etimadını doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaq, Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına layiqli töhfələr verəcəkdir.

T.Abasoğlu

banner

Oxşar Xəbərlər