AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Sülhpərvər” həmsədrlərin susqunluğu

“Sülhpərvər” həmsədrlərin susqunluğu

Siyasət
18 Avqust 2020, 18:28 11011
Millət vəkillərinin fikrincə, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, regionda çox ciddi fəlakətin baş verəcəyi günü yaxınlaşdırmaqdadır
 
İşğalçı Ermənistan son dövrlər cəbhədə, o cümlədən dövlət sərhəddində təxribatlara əl atmaqla yanaşı, həm də müxtəlif sərsəm bəyanatlar səsləndirir. Bir müddət əvvəl Mingəçevir su anbarını vuracağını, Yevlaxa qədər Azərbaycan torpaqlarını işğal edəcəyini bəyan edən Ermənistan, indi də Gəncəni hədəf alacağı ilə bağlı təhdidlər edir. Maraqlıdır ki, bütün bu təhdidlər beynəlxalq təşkilatların gözü qarşısında baş versə də, heç bir reaksiya göstərilmir. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun "sülhpərvər” həmsədrləri ağzına su alıb oturub. Vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu niyə Ermənistanın təhdidlərinə münasibət bildirmir? Yoxsa "turist qrupu” adlandırılan həmsədrlər hələ istirahətdən qayıtmayıblar?  
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, işğalçı Ermənistan ilk dəfə deyil ki, Azərbaycandakı iri şəhərləri, Mingəçevir su anbarını dağıdacağı ilə bağlı təhdidlər dilə gətirir: "Təbii ki, Qarabağ münaqişəsinin hazırkı vəziyyətində belə təhdidlər Ermənistanın işğalçılıq siyasətinin davam etməsini göstərməklə yanaşı, eyni zamanda ATƏT-in Minsk qrupunun da fəaliyyətsizliyini bir daha nümayiş etdirir. Hazırda münaqişənin dinc vasitələrlə tənzimlənməsi ideyası dəstəklənməkdədir və Minsk qrupu da fəaliyyətdədir. Bu fəaliyyətin tam səmərəsiz olmasını bir kənara qoyaq. ATƏT-in Minsk qrupu hər şeydən öncə özünə sual verməlidir ki, mövcudluğunun mahiyyəti nədən ibarətdir? İşğalçı Ermənistan davamlı olaraq təxribatlar törədir, Azərbaycan tərəfini hədələyir, Gəncəni vuracağı ilə təhdid edir. Ancaq bunlar göz önündə olmasına baxmayaraq, Minsk qrupu ən azından, sözdə olsa belə reaksiya nümayiş etdirmir. Təbii ki, belə hallar iki məqama növbəti dəfə aydınlıq gətirir. Birincisi, Ermənistanla sakit dildə danışmaq hər hansı nəticəyə gətirib çıxarmır, işğalçı ölkəni sadə dillə başa salmaq qeyri-mümkündür. İkinci məqam isə ondan ibarətdir ki, Ermənistan özünü ATƏT-in fəaliyyətsizliyi, eyni zamanda beynəlxalq təşkilatların, ayrı-ayrı söz sahibi olan dövlətlərin seyrçi mövqeyi fonunda tam cəzasızlıq şəraitində hiss edir. Belə olan halda, müharibənin başvermə ehtimalı qalmaqdadır. Azərbaycan tərəfinin hər zaman mövqeyi ondan ibarət olub ki, münaqişənin dinc tənzimlənməsi istiqamətində üzərinə düşən bütün addımları atır və bu iradəyə malikdir”.
 
E.Mirbəşir qeyd etdi ki, beynəlxalq instansiyalardan tələblərimiz olduğu kimi qalır: "Ona görə qalır ki, beynəlxalq instansiyalar məsələyə ikili standartlardan yanaşırlar, təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun sərgilədiyi mövqe Ermənistana cəzadan yayınmağa imkan verir. Belə olan təqdirdə Azərbaycan cəmiyyətində münaqişənin dinc vasitələrlə tənzimlənməsi imkanlarına olan inam itir. Bunu 12 iyulda Ermənistanın törətdiyi növbəti təxribata cavab olaraq Azərbaycan cəmiyyətinin silahlı qüvvələrinə, dövlət başçısına, o cümlədən torpaqlarımızın hərbi yolla azad edilməsinə dəstək nümayiş etdirməsindən də görə bilərik. Bu bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, regionda çox ciddi fəlakətin baş verəcəyi günü yaxınlaşdırmaqdadır. Yəni genişmiqyaslı müharibə başlayacaqsa, bu, bütövlükdə ciddi təhlükələrə gətirib çıxaracaq. Azərbaycan tərəfi kifayət qədər böyük hərbi gücə, eyni zamanda siyasi-diplomatik potensiala malikdir. Ancaq Azərbaycanın səbrini sona qədər sınağa çəkmək çox təhlükəlidir. Bu baxımdan hesab edirəm ki, işğalçı Ermənistanın Gəncə ilə bağlı təhdidləri beynəlxalq instansiyaların ciddi reaksiyasına səbəb olmalıdır. Əgər bu reaksiya yoxdursa, düşünürəm ki, vəziyyətin nəzarətdən çıxma ehtimalı çox böyük olacaq”.

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmalıdır: "Düşmənin dəfələrlə atəşkəs rejimini pozduğunun şahidi olan və bununla belə xeyrimizə heç bir tədbir görməyən, "fəaliyyəti” isə sadəcə kağız üzərində olan ATƏT Minsk qrupu təcili və mütləq buraxılmalıdır. Çünki həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı və Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”.

C.Məmmədov vurğuladı ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistana təzyiq edə bilməməsi və eyni zamanda, beynəlxalq qurumların ikili standartlarla məsələyə yanaşmaları münaqişənin həll olunmamasına öz ciddi təsirini göstərir: "Ermənistan getdikcə daha da azğınlaşır. Ona görə də hesab edirəm ki, biz mütləq ATƏT-in Minsk qrupunun fəaliyyətinə yenidən baxmalıyıq. Ciddi analiz etməliyik. Bu qurum ya ciddi fəaliyyətə keçməlidir, ya da biz bu qurumun fəaliyyətindən imtina etməliyik. Çünki Ermənistan faktiki olaraq bu sərsəm bəyanatları davamlı olaraq Azərbaycanın ünvanına səsləndirir. Bu, yolverilməzdir, beynəlxalq hüquqa ziddir. Açıq-aydın beynəlxalq hüquqa meydan oxumaqdır. Təəssüf ki, bu bir reallıqdır və görünür ki, Ermənistana bir sıra ölkələrin dəstək göstərməsi, yardım etməsi, silah verməsi də işğalçı ölkədə müəyyən mənada arxayınlıq yaradır və belə bir sərsəm bəyanatlar səsləndirməyə imkan verir. Ona görə də, mütləq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və eləcə də beynəlxalq qurumlar Ermənistana ciddi təzyiq etməlidirlər, onu bu cür bəyanatlar səsləndirməkdən çəkindirməlidirlər. Çünki Ermənistanın sərsəm bəyanatları daha da artır və Azərbaycana qarşı yeni iddialar səsləndirilir. Əlbəttə ki, Ermənistan Tovuzda olduğu kimi Gəncə istiqamətində də hansısa bir təxribata əl atsa, bunun cavabı ciddi şəkildə veriləcək”.

BƏXTİYAR