• cümə, 29 Mart, 13:53
  • Baku Bakı 14°C

“Sülhə məcburetmə situasiyası yaranıb”

23.06.16 11:09 3335
“Sülhə məcburetmə situasiyası yaranıb”
Aprel ayının əvvəlində mövqelərimizə soxulmaq istəyən erməni silahlı birləşmələrinin növbəti təxribatının qarşısının uğurla alınması, hətta ordumuzun ön cəbhədəki kiçik bir qüvvəsinin əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurması, işğal altındakı bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa etməsi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı situasiyanı tamamilə dəyişdi. Həmsədr dövlətlər problemin danışıqlar yolu ilə həll olunması üçün aktivlik nümayiş etdirməyə başladılar. May ayının 16-da Avstriyanın paytaxtı Vyanada Con Kerri, Sergey Lavrov, Harlem Desir, həmsədrlər və ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirakı ilə prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüş keçirildi. İyun ayının 20-də isə Rusiyanın Snakt-Ptereburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə növbəti görüş baş tutub. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu da ifadə ediblər. Prezidentlərin son görüşünün nəticələri ilə bağlı "Kaspi”nin suallarını Milli Məclisin deputatı, siyasi elmlər doktoru, politoloq Hikmət Məmmədov cavablandırır.
- Hikmət müəllim, təkcə son iki ay ərzində Azərbaycan və Ermənistan prezidentlərinin iki dəfə görüşü keçirilib, danışıqlar aparılıb. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müşahidə olunan bu aktivliyi necə dəyərləndirirsiniz?
- Bu fikri bir daha vurğulamaq yerinə düşər ki, aprel döyüşlərindən sonra problemin həlli baxımından yeni hərbi-siyasi şərtlər formalaşıb, təşəbbüs Azərbaycanın əlinə keçib. Ötən illər ərzində Azərbaycan öz siyasi, hərbi, diplomatik gücünü artırmaqla həm Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında, həm də beynəlxalq münasibətlər sistemində öz nüfuzunu xeyli artırıb. Belə olan halda, münaqişələrin tənzimlənməsi ilə əlaqədar, - beynəlxalq leksikonda tez-tez işlədilən, - sülhə məcburetmə situasiyası yaranıb. Artıq Azərbaycan öz hərbi-siyasi və iqtisadi gücünü nümayiş etdirərək, Ermənistanı sülhə məcbur etmək strategiyasına qədəm qoyub. Düşünürəm ki, bu istiqamətdə xeyli uğur da əldə edilib. Hazırda regional şərtlər Azərbaycanın lehinədir. Bu şərtlər heç də öz-özünə formalaşmayıb. Azərbaycan bu gün Ermənistanı həm iqtisadi blokadada, həm də hərbi və siyasi gücünün təzyiqi altında saxlayır. Eyni zamanda, yeni şərtlər formalaşdırmaqla Dağlıq Qarabağ problemini həll etməyə çalışır. Hesab edirəm ki, bu siyasət effektiv olacaq. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də Ermənistan özü başa düşüb ki, Azərbaycan kimi güclü bir ölkənin torpaqlarını işğal altında saxlamaq olmaz. Bu reallığı Ermənistanda siyasi qərarları verənlərlə bərabər, sadə erməni vətəndaşlar da başa düşürlər. Lakin buna baxmayaraq, Ermənistandakı hərbi xunta problemin həllini maksimum şəkildə yubatmağa çalışır. Ümid edirlər ki, gələcəkdə onların xeyrinə olacaq hər hansı yeni şərtlər formalaşacaq. Ancaq zaman Azərbaycanın xeyrinə işləyir. Nə bu gün, nə də sabah rəsmi Bakı, ümumilikdə xalqımız işğal faktı ilə barışmayacaq, əzəli Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Aprel döyüşlərindən sonra zamanın Azərbaycanın xeyrinə işləməsi bəlli olmaqla bərabər, ölkəmizdə bütün xalqın, hətta Dağlıq Qarabağı görmədən böyüyən vətənpərvər gəncliyin də problemə yanaşmada milli maraqlardan çıxış etdiyi, mübarizlik ruhu, birmənalı olaraq Ali Baş Komandanı dəstəklədikləri üzə çıxdı. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi substantiv danışıqlar başlamalıdır. Substantiv danışıq diplomatiyada yeni termindir və konkret nəticəsi olacaq, real danışıqlar deməkdir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri nəhayət ki, danışıqları imitasiya xətrinə davam etdirməyin yolverilməz olduğunu anlayıblar.

- Sankt-Peterburq görüşündə yalnız Azərbaycan, Rusiya və Ermənistan prezidentləri, xarici işlər nazirləri iştirak ediblər. Digər həmsədr dövlətləri təmsil edən nümayəndələrinin görüşdə iştirak etməməsi nə ilə əlaqədardır?
- Kim nə cür şərh etməsinə, düşünməsinə, problemə yanaşmasına baxmayaraq, həm həmsədr kimi, həm də regionda tarixi rolundan, Azərbaycan və Ermənistana münasibətlərindən irəli gələn bir gerçəklik var. Bu gerçəklik Rusiya faktorudur. Ancaq, əlbəttə ki, Azərbaycan üçün bütün həmsədrlər bərabər hüquqludur. Həmsədrlərin hər üçü BMT-nin verdiyi bərabərhüquqlu mandat əsasında fəaliyyət göstərirlər. Bizim onlardan gözləntilərimiz ədalətli olmaları, beynəlxalq hüququn tələblərini yerinə yetirmələri, problemi həll etmək niyyəti daşımalarıdır. Bununla belə, Rusiya Azərbaycanın strateji tərəfdaşı, tarixi qonşusudur. Bu dövlətlə bizi tarixi keçmişimiz, əlaqələrimiz birləşdirir. Rusiya Azərbaycanla hərbi və iqtisadi sahələrdə də əməkdaşlıq edir. Dağlıq Qarabağ problemi SSRİ dövründə başlayıb. SSRİ-nin varisi isə Rusiyadır. Yəni, bu problemi yaradan və başladan da, tarixən ermənilərin Azərbaycan torpaqlarında məskunlaşmasını təmin edən, onları dövlət kimi formalaşdırıb idarə edən də Rusiyadır. İstər çar və sovet, istərsə də müasir Rusiya olsun, bunun elə də fərqi yoxdur. Tarixdə rus dövlətçiliyi bu mərhələləri keçib və həmin mərhələlərin hər birində müəyyən addımlar atmaqla, Cənubi Qafqazda hazırda müşayiət olunan vəziyyəti yaradıb. Lakin bunlar tarixi keçmişdə qalıb. Biz BMT-nin qəbul etdiyi siyasi-inzibati sərhədlər çərçivəsində bu gün Ermənistanı dövlət və beynəlxalq hüququn subyekti kimi qəbul edirik. Azərbaycanın da beynəlxalq hüquq tərəfindən tanınan sərhədlərinə bu cür hörmətlə yanaşılmasını tələb edirik. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar da məhz beynəlxalq hüququn tanıdığı Azərbaycan sərhədləri daxilindəki ərazilərdir. Düşünürəm ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsi məsələsində Rusiya həm tarixi ədaləti bərpa edərək, həm də beynəlxalq hüququn tələblərini əsas tutaraq obyektiv qərarlar qəbul etməlidir. Rusiyanın əlində Ermənistana təsir və təzyiq etmək üçün real hərbi-siyasi, iqtisadi mexanizmlər var. Rusiyanın əlində olan bu cür ciddi rıçaqlar Fransa və Amerikada yoxdur. Əgər bu prosesdə Rusiya səmimi olarsa, problemin həllində doğrudan da müəyyən nailiyyətlər əldə etmək olar.
- Bəzən mülahizələr irəli sürülür ki, Qərbin Ukrayna və Gürcüstanla müqayisədə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə ciddi dəstək verməməsinə səbəb rəsmi Bakının birmənalı şəkildə qərbyönümlü siyasi xətt tutmamasıdır. Sizcə, Azərbaycan Qərbin yanında yer almaqla Dağlıq Qarabağ probleminin həllinə nail ola bilərmi?
- Mən qətiyyən belə düşünmürəm. Qərbin rəsmi Kiyevə dəstəyi ondan ibarət oldu ki, Krım yarımadası, Donbas – Luqansk, Donetsk itirildi, Ukraynanın ərazi bütövlüyü pozuldu. Qərbdən rəsmi Tbilisiyə verilən dəstək nəticəsində isə Şimali Osetiya və Abxaziya Gürcüstandan qoparıldı, bu dövlətin də ərazi bütövlüyü pozuldu. Bunlardan fərqli olaraq, Azərbaycan heç vaxt birmənalı şəkildə ya Qərbin, ya da Rusiyanın yanında yer almır, bu dövlətlər arasında seçim edib yalnız birini özünə strateji tərəfdaş hesab etmir. Azərbaycanın sadiq qaldığı yeganə prinsip var. Bu da Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunması, ölkənin ərazi bütövlüyünün bərpa olunmasıdır. Regionda və yaxın dövlətlərdə baş verən proseslərdə müşahidə etdik ki, bir sıra hallarda Qərbin bu proseslərə müdaxiləsi əslində məsələni həll etmir, əksinə problemi daha da dərinləşdirir. Qərbin elan etdiyi demokratiya, insan hüquqları kimi prinsiplər əslində Qərbin öz maraqlarını təmin edən manipulyativ vasitələrdir. O baxımdan düşünmürəm ki, Azərbaycan Qərblə daha yaxın əməkdaşlıq edəcəyi təqdirdə, Dağlıq Qarabağ problemi dərhal həllini tapacaqdır. Qərb də Dağlıq Qarabağ problemindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir, ölkəmizin iqtisadiyyatından, karbohidrogen ehtiyatlarından istismarçı maraqlarını daha çox təmin etmək üçün yararlanır. Bizim cənubumuzda və şimalımızda olan ölkələr də bundan bu cür istifadə edirlər. Problemin dərininə getsək aydın olar ki, münaqişənin yaradılmasında da başlıca məqsəd Azərbaycanın sərvətlərinə göz dikmək, imperialist maraqlardan çıxış edərək onları ələ keçirmək, regionu nəzarətdə saxlamaqdır
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər