Süleymanov millət vəkilləri ilə görüşdü

Süleymanov millət vəkilləri ilə görüşdü

İdman
16 İyul 2019, 11:52 18085
Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə  görüşləri davam etdirirlər. 
 
Növbəti belə görüş millət vəkilləri ilə keçirilib. Təşkilatın nümayəndələri Milli Məclisin üzvləri Fazil Mustafa və Aqil Abbasla görüşüblər Bu barədə məlumatı Kaspi.az-a təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək üçün millət vəkilləri ilə bir araya gəliblər: 
 
"Həm Aqil Abbas, həm də Fazil Mustafa futbol azarkeşləri sayılırlar. Onlar Azərbaycan futbolunun durumuna heç vaxt biganə qalmayıblar. Stadionlara gəliblər, komandalarımıza dəstək olublar, futbolumuzun problemlərini qaldırıblar, fikirlərini bildiriblər, müzakirələrə qoşulublar. Bu millət vəkillərimiz futbolla bağlı müzakirələrdə həmişə fəal olublar”.
 
Nazim müəllim bildirdi ki, millət vəkilləri ilə müzakirə olduqca səmərəli alınıb: "Demək olar ki, futbol təsərrüfatı ilə  bağlı bütün məsələlər ətrafında fikir mübadiləmiz oldu. Millət vəkillərinin futbolumuzun problemləri, onların həlli yolları barədəki fikirlərini dinlədik”. 
Nazim Süleymanov qeyd etdi ki, millət vəkilləri Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasını da alqışlayıblar: "Hörmətli millət vəkilləri Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasının  vacib olduğunu bildirdilər. Onlar bu yöndə bizə  istənilən məsləhət və dəstəyi verməyə hazır olduqlarını da vurğuladılar”. 
 
Nazim müəllim bildirdi ki, təşkilatın futbol ictimaiyyəti ilə görüşləri bundan sonra da davam edəcək: "Hələ bir neçə görüş də planlaşdırmışıq. Bu görüşlərdən sonra isə təşkilatın təsis konfransını keçirməyi planlaşdırırıq. Fürsətdən istifadə edib Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının görüşlərini işıqlandıran mətbuat orqanlarına – qəzet və saytlara təşəkkürümü çatdırıram”. 
Qeyd edək ki,  Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Gəncə, Masallı, Buzovna,  İmişli və Lənkəranda görüşlər keçiriblər.