Sui-qəsd, yaxud güllələnmə?

Sui-qəsd, yaxud güllələnmə?

Siyasət
17 Yanvar 2020, 19:00 2607
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun ölümü ölkəni qarışdıra bilər
 
Ermənistanda son illərin ən qalmaqallı qətl hadisəsi baş verib. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın meyiti Yerevanın Pruyur Sevak küçəsindəki binadakı mənzillərdən birində aşkar edilib. Kutoyan güllə yarasından ölüb. Hadisə yerində İstintaq Komitəsi sədrinin müavini Artur Melikyan və digər əməliyyatçılar işləyir. Bəzi KİV-lər Kutoyanın intihar etdiyini bildirsə də, bu, təsdiq olunmayıb. G.Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Onu həmin postda "məxməri inqilabdan” sonra Artur Vanetsyan əvəzləmişdi. Kutoyan 1981-ci ildə Yerevanda anadan olub. Rusiya Federasiyası yanında Rostov Dövlət Universitetinin məzunudur. 2005-ci ildə dissertasiya müdafiə edib, aspiranturanı bitirib. Milli Elmlər Akademiyasında doktorluq elmi dərəcəsini alıb. ABŞ-da Tafts Universitetində hüquq və diplomatiya üzrə məktəbi bitirib. Müxtəlif vaxtlarda baş prokurorluqda və insan haqları ofisində çalışıb, özəl hüquqi praktika ilə məşğul olub. 2011-2016-cı illərdə Serj Sarkisyanın köməkçisi kimi çalışıb. Maraqlıdır ki, qətlə yetirilən şəxs elə də üzdə deyildi. Bəziləri hesab edir ki, bu şəxs Sarkisyana yaxınlığı ilə seçilib. Onun aradan götürülməsi eks-prezidenti ciddi dayaqlarından birindən məhrum etmək deməkdir. Özü də qətl Sarkisyanın istintaqa cəlb edilməsi ərəfəsində baş verir. Hər halda bu ölüm hadisəsinin sonrakı günlərdə ciddi rezonans doğuracağı gözlənilir. Qətlin  arxasında kimlərin dura biləcəyi ehtimallar hələ ki yoxdur. Ümumilikdə bu qalmaqallı hadisə Nikol Paşinyan hökuməti üçün başağrısına çevrilə bilər.
Ermənistanın "Qraparak” qəzeti yazır ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru G.Kutoyanın meyitinin yanında onun şəxsi tapançası və boş konyak şüşəsi tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, tapançadan Kutoyanın ağzına atəş açılıb. Hazırda əsas versiya intihardır. Qəzet yazır ki, Kutoyan son vaxtlar üzgün vəziyyətdə olub, özünə yer tapa bilmirmiş. Amma keçmiş xüsusi xidmət direktorunun belə vəziyyətə düşməsinin səbəbləri göstərilmir. Xatırladaq ki, bundan əvvəl 2019-cu ilin sentyabrında Ermənistanın keçmiş polis rəisi Ayk Arutyunyan evində ölü tapılmışdı. Onun da başında odlu silah yarası qeydə alınmışdı. Arutyunyanın Koçaryanla bağlı cinayət işində əsas şahidlərdən olduğu iddia edilmişdi.
Yeri gəlmişkən, politoloq Elxan Şahinoğlu da sosial şəbəkədə yazdığı statusda Kutoyanı keçmiş prezident Serj Sarkisyanın ən yaxın adamlarından biri adlandırır. "Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə Kutoyan da vəzifəsini itirib. Ermənistanda növbəti çalxalanmaya hazırlıq gedir. Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər. Çünki, Serj Sarkisyanın yaxın silahdaşının qətlinə görə Paşinyan hökuməti tənqid olunacaq. Bu qətldən sonra Paşinyan kriminogen vəziyyətin stabilləşməsi ilə öyünə bilməyəcək. Qətlin siyasi motivləri var. Kutoyanı özününkülər qətlə yetiriblərsə belə, diqqətlər Nikol Paşinyana yönələcək. Yəni hardan baxsan bu qətl Paşinyanın əleyhinə işləyəcək. Vaxtilə İtaliyada sağ ekstremistlər özlərinə yaxın sağ partiyanın tanınmış nümayəndəsini öldürürdülər ki, şübhələr rəqibləri olan sol ekstremistlərin üzərinə yönəlsin. Ermənistanda da eyni ssenari işləyə bilərdi”, -deyə politoloq vurğulayıb.
Belə bir mürəkkəb durumda erməni "İrates” qəzeti yazır ki, N.Paşinyanın öz komandasının üzvlərinə etimadsızlığı hər keçən gün bir az da artır. "Bizim məlumatımıza əsasən, Paşinyanı daha çox komandasının bəzi üzvlərinin digər siyasi qüvvələrlə oyunlara başlaması və sərfəli anda öz düşərgələrini dəyişib, onu tək qoyacağı ehtimalı narahat edir”, – xəbərdə bildirilib. Məlumatda Paşinyanın komandasında bəzi şəxslərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyandan daha betər olduğu və onların daha pis şeylər etiraf edə biləcəyi vurğulanıb. Qeyd olunub ki, "Mənim addımım” Blokunun deputatları arasında Vanetsyanın adamları var və onlar sabiq kəşfiyyat şefinə kömək edirlər.
Paşinyan və komandası bir müddətlik durğunluqdan sonra yenidən Rusiyaya qarşı hücuma keçib. Bu dəfə Ermənistanda Rusiya telekanalları milli təhlükəsizlik üçün ciddi təhlükə adlandırılıb. Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan artıq neçənci dəfədir ki, Rusiya telekanallarını hədəfə alır və onları Ermənistanın təhlükəsizliyi üçün hədə adlandırır. Parlamentdə "Audiovizual media xidmətləri” mövzusunda keçən müzakirələr zamanı çıxış edən sədr əsas hədəf kimi Rusiyanın "Rossiya” və "Birinci kanal”larını göstərib. Əlavə edib ki, bu gün Ermənistanın kabel şəbəkələrində 400 telekanal nümayiş olunur ki, onların 339-u xarici, yalnız 58-i yerlidir. "Bu, bizim informasiya və dil təhlükəsizliyini təmin edirmi? Mən hesab edirəm ki, bizim şəbəkənin 85 faizi xarici dillərdə translyasiya olunur. Multipleks ictimai yayımında hər hansı bir əcnəbi yayım şirkəti olmamalıdır”, - deyən Akopyan bu zaman konkret olaraq "Rossiya” və "Birinci kanalı”nı göstərib. Ardınca da "fəaliyyəti erməni qanunvericiliyi ilə nizamlanmayan, milli təhlükəsizlik üçün hədə olanların fəaliyyəti nizamlanmalıdır” deyib. Erməni mediası yazır ki, bu bəyanat ilk dəfə deyil ki, səslənir. Ölkədə hakim postlarda əyləşən müəyyən insanlar dəfələrlə Rusiya telekanallarının ölkənin media bazarında iştirakını məhdudlaşdırmağı tələb edirlər. Məsələn, ötən il Ermənistan parlamentinin N.Paşinyanın "Mənim addımım” Partiyasından olan deputatı Narine Tuxikyan-Xaçaturyan Rusiya telekanallarının ölkə ərazisində yayımının məhdudlaşdırılmasını tələb edib.
 
Azər NURİYEV