AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Subsidiyalar üzərində məmur fırıldağı rəylər

Subsidiyalar üzərində məmur fırıldağı rəylər

İqtisadiyyat
14 Fevral 2013, 11:05 1935
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il sosial-iqtisadi inkişafı” Dövlət Proqramının 4-cü ilinə həsr olunmuş müşavirə əvvəlkilərdən xeyli fərqləndi. Tədbirə rəhbərlik edən ölkə başçısı İlham Əliyev ölkənin sosial-iqtisadi sferasındakı proseslərlə bağlı olduqca maraqlı fikirlər səsləndirdi. Sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən tədbirləri təqdir edən prezident bir sıra çatışmazlıqların üzərində xüsusi dayandı.

İ.Əliyevin müşavirədəki çıxışının bir hissəsini də kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyalar, kənd təsərrüfatında istifadə olunmaq üçün xaricdən gətirilən texnikalar təşkil edib: “Biz sahibkarlara subsidiyaları veririk, amma əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda ümumiyyətlə istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün”. Prezident bu sahədə yaranmış vəziyyəti kəskin tənqid edərək bildirib ki, bəzi hallarda xaricdən gətirilən avadanlıqlar və digər vasitələr yüksək qiymətə təqdim olunur. Dövlət başçısı bunun yolverilməz olduğunu vurğulayaraq deyib ki, bu sahədə tam şəffaflıq təmin edilməlidir. İ.Əliyev fermerlərə müraciət edərək bildirib ki, onları narahat edən məsələlərlə bağlı Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına təkliflər versinlər: “Bütövlükdə bölgələrdə işlər müsbət istiqamətdə gedir, yerli icra orqanların rəhbərləri, nümayəndələri öz vəzifə borcunu yerinə yetirirlər. Əksər hallarda dediyim kimi, sahibkarlarla yerli orqanlar arasında münasibətlər sağlam zəmində qurulur, ancaq elə hallar var ki, biz bu hallardan da çox ciddi narahatlıq keçiririk”. Dövlət başçısı vurğulayıb ki, yerli icra orqanları, icra başçıları öz məsuliyyətini dərk etməlidir: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik”.

Problem yaradan hansı məqamlardır?

Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2007-si ildən başlayaraq subsidiya verilir. Qaydalara görə, sərf olunan yanacaq və motor yağlarının dəyərinin müəyyən qismini qarşılamaq üçün fermerlərə ödənən vəsait buğda əkinləri üzrə 80 manat, arpa əkinləri üzrə 40 manat təşkil edir. Bundan əlavə, fermerlərə mineral gübrələr 50 faiz güzəştli qiymətlərlə satılır. Fosfat gübrələrinin satışında dövlətin yardımı 70 faizə çatır. Mütəxəssislər isə hesab edirlər ki, kəndliyə vəsaitlər başqa variantla verilməlidir. Məsələn, fermerlərin ucuz kredit vəsaitlərinə çıxışı asanlaşdırılmalıdır. Üstəlik, dövlət sifarişləri həmin fermerlərin yetişdirdiyi məhsullara yönəlməlidir. Belə ki, hər il müxtəlif qurumların ərzaq təminatı ilə bağlı 600-700 milyon manat ayrılır. Həmin ərzaqları təmin etmək üçün qonşu ölkələr - Türkiyə, Pakistan, İran və Rusiya, digər MDB ölkələrindən idxal edilən məhsullardan istifadə olunur. Bütün bu vəsaitlər daxildə istehsal olunan məhsulların alışına yönəlsə, daha səmərəli olar.

Mütəxəssislər subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsini, bu yardımların verilməsi üzrə qaynar xəttin formalaşdırılmasını təklif edirlər. Subsidiyaların verilməsi üzrə formalaşdırılan komissiyalara vətəndaş cəmiyyəti üzvlərinin, ekspertlərin cəlb edilməsini məqsədəuyğun hesab edənlər həmin komissiyaların tərkibinə xüsusən, vətəndaş cəmiyyəti nümayəndələrinin daxil edilməsinin də bu sahədə şəffaflığın güclənməsinə yardım edə biləcəyini düşünürlər.

Aqrar sahədə ciddi uğur qazanmaq üçün kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların artırılmasını, verilmə mexanizminin dəyişdirilməsini təklif edənlər də var. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə bunun heç birinə ehtiyac görmür. Onun fikrincə, Azərbaycan mövcud mexanizmi dəyişdirməklə, yeni qaydalarla subsidiya verməyə hazır deyil, bu, qarışıqlıq yarada bilər. Komitə sədri hesab edir ki, məsələ heç də aqrar sahənin subsidiyalaşdırılmasına böyük məbləğdə büdcə vəsaiti ayrılmasında deyil: “Əsas məsələ ondadır ki, ayrılan vəsaiti tam həcmdə təyinatı üzrə xərcləmək mümkün olsun. Həm də təkcə subsidiyalaşma ilə deyil, paralel şəkildə kənd təsərrüfatı əmlakının sığortalanması sistemini işə salmaqla, kənd təsərrüfatı məhsullarının tədarükü və satışında bir çox ölkələrdə formalaşmış topdansatış bazasının yaradılması təcrübəsindən faydalanmaqla, kənd təsərrüfatında kooperasiya əlaqələrinin, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kooperativlərin yaradılması kimi kompleks tədbirlər vasitəsilə aqrar sahənin üzləşdiyi problemləri həll etmək, bu sahənin yüksək inkişafına nail olmaq olar”.

Ekspert: Baha alırıqsa, Avropadan alaq

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov ölkəyə gətirilən texnika ilə bağlı prezidentin fikirlərində həqiqət olduğunu deyir. Onun sözlərinə görə, uzun müddətdir ki, respublikaya dövlət büdcəsi hesabına Çindən, Rusiyadan kənd təsərrüfatı texnikası alınıb gətirilir: “Biz də mütəxəssis olaraq, zaman-zaman qeyd edirik ki, Azərbaycan xaricdən gətirilən texnika qəbiristanlığına çevriləcək. Bu faktor ölkə başçısının çıxışından sonra bir daha öz təsdiqini tapdı. Təəssüflər olsun ki, bu sahədə indiyə qədər düşünülməmiş siyasət aparılır”.

Ekspertin fikrincə, ölkənin kənd təsərrüfatında sözügedən arzuolunmaz vəziyyət qəsdən yaradılıb: “İndi başlayıblar deməyə ki, Azərbaycana gətirilən texnikanın məhsuldarlığı zəifdir. Aidiyyəti şəxslər əvvəlcədən bunları bilməli idi. Bu sahədə ölkədə kifayət qədər mütəxəssis var ki, onlarla məsləhətləşməli idilər. Ən azından, onlardan bu haqda informasiya almalı idilər. Çox təəssüflər olsun ki, bunlara əməl edilməyib və bu yolla büdcənin vəsaiti uzun müddət mənimsənilir. Məsələn, Rusiyadan alınan kənd təsərrüfatı texnikasının alış qiyməti ilə həqiqi qiyməti arasında fərq çox böyükdür”. V.Məhərrəmov alternativ çıxış yolu olaraq bəzi təkliflər də səsləndirdi: “Həqiqətən də Avropa istehsalı olan texnika bahadır və indiki halda həmin texnikanı gətirib burada istifadə etmək üçün tam şəraitimiz yoxdur. Ən azından, bizim sahələrimiz kiçikdir. Çünki biz texnikanı öz ölkəmizdə istehsal etsək belə, ərazimizin kiçik olması səbəbindən həmin texnikanın müştərisi tapılmayacaq. Biz bu istiqamətdə çalışmalıyıq. Heç olmasa 80-100 hektar genişləndirilmiş formada taxıl sahəsi olmalıdır ki, işin təşkilində problem yaranmasın. Avropadan gətirilmiş texnika yaxşı hazırlanmış sahədə məhsuldar işləyə bilər. Yəni həmin texnikadan istədiyimiz effekti ala bilərik. Bunun üçün texnikanı dəyişmək, xüsusi bir sifariş vermək yox, sahələri qaydaya salmaq lazımdır”.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) isə bildirilir ki, subsidiyaların verilməsi beş dövlət qurumunun – KTN, İqtisadi İnkişaf Nazirliyi (İİN), Maliyyə Nazirliyi (MN), Dövlət Statistika Komitəsi (DSK) və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) təmsilçilərindən ibarət komissiya tərəfindən həyata keçirilir. Komissiya, həmçinin bütün sənədləri yoxlayır.
Hökumətin kənd təsərrüfatının inkişafına yardım layihələrini icra edən, fermerlərə güzəştli şərtlərlə texnika, cins mal-qara verən “Aqrolizinq” ASC-dən məsələ ilə bağlı münasibət almaq istəsək də, cəhdlərimiz nəticə vermədi.

Həbibə ABDULLA