• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

Sübh çağının xəbərçisi

24.11.19 09:30 940
Sübh çağının xəbərçisi
"Qulaqları olan eşitsin!"
İncildən

Havalı elə bil son məlumatlar bürosunda çalışırdı, həm də gecə növbəsində. Çünki ən çox gecə baş verənləri sübhün gözü açılmamış balaca qəsəbənin küçədə rastlaşdığı, iş-gücə tələsən yaşlı-cavan, tanıdığı-tanımadığı sakinlərinə о çatdırardı.
Dəxli yox idi; istər yazın ilıq günü, istər yayın bürküsü, yağışlı payız, soyuq qış günləri – Havalı yuxusuna haram qatar, bu balaca qəsəbənin özü hələ yuxudan oyanmamış isti yatağından qalxar, qəsəbəni küçə boyu yuxarı-aşağı dolaşa-dolaşa adamları gecənin son xəbərlərindən hali edərdi.
İş bunda idi ki, Havalının çatdırdığı xəbərlər yalnız ölüm-itimlə bağlı olardı. Ha-valının verdiyi bu xəbərlər dünyalarını dəyişənləri tanıyan adamları çox vaxt çaş-baş salırdı. Uzun müddət yataqda yatanların ölüm xəbərlərini adətən adi qarşılayırdılar. Qəzaya uğrayıb həlak olanlara heyfislənərdilər. Dayanıb durduğu yerdə birdən-birə kiminsə qəflətən gözlərini yumub öldüyünü eşidəndən sonra is,ə doğrudan da, əcəlin gözlə-qaş arasında olduğuna şübhələri qalmaz, dünyanın faniliyinə inanardılar.
Bir ayağı burda, bir ayağı gorda olanların ölüm xəbəri isə adamların tüklərini tərpət-məzdi.
Küçədə gediş-gəliş çoxalandan sonra elə bil, Havalı da arxayın olardı ki, adamlar onun yaydığı xəbəri artıq bir-birilərinə çatdırıblar və Havalı da rahatlaşıb yoxa çıxardı. Məlum idi ki, yas yerinə yollanıb.
Yas yerində mərhumun yaxın adamlarının yanında Havalı elə hüznlə dayanıb durardı ki, sanki düşüb ölən onun əziziymiş...
Qıraqdan Havalıya göz qoyanlar qımışar, bir-birilərinə göz-qaş edərdilər.
"Hə, yəqin ki, ehsan bozbaşını ən iri kasada Havalının qarşısına çəkəcəklər..." Lakin ac-yalavac Havalının о buğlanan kasaya gözünün ucu ilə də baxmadığını görüb əvvəlcə heyrətlənər, sonra da belə fikirləşərdilər ki, hə, yəqin hərif toxdur, başqa bir hüzr məclisində əvəzini ikiqat çıxacaq. Hüzr məclislərinin yerini Havalı yaxşı bilirdi. Qonşu tində də yas mağarı qurulmuşdu.
Ancaq bu məclisdən о məclisə yollananları Havalının burada da süfrəyə yenə əl uzat-maması yox, bir qədər bundan qabaqki məclisdə ehsan yeyənləri elə indi də iştahla bozbaşa girişmələri heyrətləndirərdi...
Havalının hüzr yerlərinə qarnını otarmaq üçün getdiyini düşünənlər bu vaxt öz-özlə-rindən elə bil utanardılar. Havalıya acığı tutanlar da olardı. Tanıdığın-tanımadığın yas yerlərində, əşi, sənin nə işin? Gözü səni axtaran var bəyəm?..
***
Havalı dünyaya havalı gəlməmişdi.
Oğlanın 4-5 yaşı olanda hərçənd ki, atası havalanmışdı, başına yeni eşqin havası vuran nadürüst kişi balaca oğlunu, cavan arvadını başı papaqsız qoyub evi birdəfəlik tərk etmişdi.
Qəsəbənin ucqarında uçuq-sökük balaca bir daxmada ana-bala kasıbçılıqla dolanırdılar. Anası hər gün sübh tezdən yerindən durar, gündəlik ruzi dalınca evdən çıxardı. Qadın küçə süpürər, evlərdə yır-yığış edər, buyurulan işləri görərdi. Anası səhərlər yerindən nə qədər erkən qalxsa da, yuxusu nə qədər şirin olur-olsun oğlan da onunla birgə oyanardı. Anası tələm-tələsik olandan əlüstü oğlunu yedirib içirdər, sonra da bağrına basıb hər iki yanağından öpər, evdən çıxanda da dönə-dönə də tapşırardı ki, çölə, eşiyə çıxmasın.
***
О gün də oğlan yuxudan erkən dursa da anası hələ ki, oyanmamışdı. Oğlan yerinin içində o yan-bu yana çevrilsə də, anası heç qımıldanmadı. Oğlan yorğanı üstündən atıb qalxıb yerinin içində oturdu. Anası gözlərini açmadı. Oğlan bu dəfə bərkdən əsnədi. Anası eləcə səssiz-səmirsiz gözlərini yummuşdu. Oğlan təlaşlandı. Axı, anası durub çörək ardınca getməsəydi, о ac qalacaqdı. Bu qorxu ilə də oğlan anasına toxundu, anasının tərpənmədiyini görüb birdən-birə qorxuya düşdü. Ağlına nə gətirdisə hövlnak bayıra cumdu. Çubuq ayaqları bir-birinə dolaşa-dolaşa qonşuya qaçdı. Dili-dodağı əsə-əsə: - Anam yuxudan oyanmır, - deyə hıçqırıb ağlamağa başladı. Qonşular əvvəlcə çaş-baş qaldılar. Oğlanı qabaqlarına qatıb kasıb daxmaya tələsdilər.
Gecə yataqda qəfil ölüb artıq cəsədi də soyumuş qadının başı üstündə hönkürtü qopardılar.
Oğlan hələ ağılı kəsməz olsa da, başa düşdü ki, deyəsən, təkcə anasını itirməyib... Yoxsa qadınların bu hönkürtüsü, adamlardan heç vaxt görmədiyi mehribanlıq, qılıq, canı-yananlıq ona qəribə gəlməz, о da heyrətlənib bütün bunlara baxa-baxa ucadan gülüb uğunub getməzdi...
Eşidən-bilən arvadlar onlara axışırdı. Darısqal otaqda ayaq basmağa yer yox idi. Oğlan isə sevinirdi. Ona elə gəlirdi ki, anasının başı üstə nə qədər çox arvad yığışsa, belədə anası о səs-küyə oyanıb ayılar, yerindən qalxar.
***
Heç kəs atasız-anasız oğlanı yetim çağırmadı. Havalı oğlana "havalı, havalı” dedilər və oğlan da Havalı adına alışdı.
***
Havalının ağlı elə kəsirdi ki, çox vacib bir iş görür. Ölüm xəbərlərini adamlara çatdırır ki, yatan adamı oyatmağa tələssinlər. Axı, hələ də yataqdakı anası Havalının gözləri qabağında idi və Havalıya da elə gəlirdi ki, vaxtında-vədəsində yanında kimsə olsa, yatan adamı yuxusundan oyada bilərlər...
***
Neçə gün idi ki, Havalını küçədə görən yox idi. Onun yanına tələsən olmamışdı...
banner

Oxşar Xəbərlər