“Subaylıq sultanlıqdır”, amma...
İnsanın mənəvi aləminin inkişafı ailədən başlayır.
Ailə, onun müqəddəsliyi, qorunub saxlanılması prinsipləri haqda xeyli fikirlər
mövcuddur. Lakin ailə həyatı qurmayan və ya qura bilməyən qız və qadınlar da az
deyil. Onlardan bəzilərinin bu işdə sadəcə, bəxti gətirməyibsə, bir qismi bu
addımı atmağa çəkinir və ya heç bu addımı atmaq belə istəmirlər. Başqa sözlə,
ailəni bir növ buxov adlandıran qadınlar da var.
Müasir
kişinin dünya baxışında dəyişikliklər nəzərə çarpır
Gülnar Süleymanova qadın bərbəridir. Subaydır. Hər
gün intizamla işə gəlir, müştərilərini qəbul edir, xoş rəftarı, səmimiyyəti ilə
onlara xidmət edir. Yaşı 40-a az qalıb. "Nə üçün ailə həyatı qurmamısan”
sualına cavabı bir qədər qəribə səsləndi: "Həbsxanaya girmək istəmirəm!” Onun
"hələ ürəyimə yatan birisi yoxdur” və ya bu kimi şablon ifadələrin əvəzinə belə
sərt, kobud cavabı gözlənilməz oldu. Doğrudanmı, ailə həyatı elə bu xanımın
söylədiyi kimi, insanın azadlığının əlindən alınmasıdır?! Bu sualla Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının
müəlliməsi Yeganə İsgəndərovaya müraciət etdim. Yeganə xanım söylədi ki,
ailə həyatı bəzən cansıxıcı ola bilər. Yəni ailə həyatı qurmaq asandır, onu
qoruyub saxlamaq isə hər zaman asan olmur: "Bəzən qadın üçün hər iki halda
kədərli məqamlar olur. Yəni ailə həyatı qurmuş bir qadının bir cür, ailə həyatı
qurmamış digərinin başqa cür problemləri olur. Ailə həyatı zamanı sosial
problemlər bəzi qadınları sıxır.” Yeganə xanım bildirdi ki, yaş həddi 38-40
olan əksər xanımların subay qalması bir növ təbiidir. Çünki kişilər adətən,
istəyirlər ki, evləndikləri qadın ona bağlı olsun: "Söhbət azərbaycanlı kişidən
gedirsə, deyə bilərəm ki, onun psixologiyası çox fərqlidir. Yəni əksər kişi
istəyir ki, qadın onun "əşyası” olsun. Ona görə də, karyera qurmaq istəyən
qadınlar çox zaman subay qalırlar.” Yeganə xanım qeyd etdi ki, müasir kişinin dünya baxışında dəyişikliklər
nəzərə çarpır və bu, yaxşı haldır.
Burada
bəhanələrə yer qalmır
Demokratik
Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban
xanım Abdullayevabu əsələni regionlarda kişilərin paytaxt Bakıya, o cümlədən qazanc dalınca
əsasən, Rusiyaya getməsi ilə bağladı. Yəni sırf
sosial vəziyyətin ağırlığından qızların ailə qurmaları çətinləşib. Belə
ki, qızların sayı hazırda oğlanların sayından daha yüksəkdir. "Bu, xüsusilə,
rayonlarda belədir. 25 yaşdan yuxarı qızların ailə qurmaları çətinləşib,” -
deyə müsahibim bildirdi. Onun fikirlərinə əsasən, müəyyən yaş həddini
adladıqdan sonra qızlar ailə qurmamaq üçün müxtəlif bəhanələr gətirirlər: "Qızlar
vaxtında ailə həyatı qurmalıdırlar. Sevginin öz yaşı var. Qızların, necə
deyərlər, eşqə düşən bir vaxtı var. Həmin bu vaxtı, bu zamanı heç nəyə dəyişmək
olmaz! Bu vaxtı ötürmək bir yanlışlıqdır. Çünki zaman keçdikdə, qızlar seçim
etməyə meyl edirlər. Sosial vəziyyəti yaxşı olan oğlanlarla ailə qurmağa
üstünlük verirlər. Ümumiyyətlə, təhsil almış qızlar savadsız oğlanlarla
evlənmək istəmirlər. Müxtəlif yaşlı qadınlardan nə üçün hələ də subay
olduqlarını soruşduqda, cavab verirlər ki, mən təhsilli xanımam, filan şirkətdə
işləyirəm. Müəyyən bir məbləğdə qazancım var. Mən kiminləsə evlənib, onu
saxlayası deyiləm ki?!”
Qızların
gələcəkdə quracaqları ailənin maddi və fiziki ağırlığını üzərlərinə götürməkdən
çəkinmələri də təbiidir. Müsahibim söylədi ki, bütün hallarda, əlbəttə, karyera
məsələsini önə çəkib ailə həyatını unudan qızlarımız da az deyil: "Başları işə,
pul qazanmağa qarışan qızlar illər ötdükdən sonra artıq ailə həyatı qurmağa bir
növ meylli olmurlar. Yəni "bundan nə qazanacaqlarını” düşünən qızlar "əllərində
olan imkanı itirmək”dən də qorxurlar. Evi, hər cür şəraiti olan bir xanım
düşünür ki, ailə quracağım insana sadəcə, qulluq etməli olacağam. Mənim öz
qazancım, yaşamağa yaxşı şəraitim varsa, niyə kimdənsə asılı olmalıyam?!” Müsahibim ailə həyatı qurmağa cəsarət etməyib
subay qalmış xanımların müşahidələrini də diqqətə çəkdi. Yəni yaxın ətrafda,
məsələn, qonşuda, qohumda, yaxından tanıdığı hansısa bir ailə daxilində baş
verən münaqişələr də belə xanımlar üçün təsirsiz ötüşmür. Bu münaqişələri
eşidən qadınlar ailə qurmaqdan çəkinirlər. Mehriban xanım başqa bir məsələni də
önəmli hesab etdi. Övladların, xüsusən, oğlanların zorla evləndirilməsi halları
da olur və bu, qızlarımızı daha inamsız edir: "Onlar gələcək həyat yoldaşlarını
cəsarətli ər rolunda görə bilmirlər. Ailə ilk növbədə sevgi üzərində
qurulmalıdır. Sevgiyə söykənən ailələr çox möhkəm olur. Burada bəhanələrə yer
qalmır”.
Nənə-babalarımız
ailə qurarkən, onlara bu haqda mühazirələr oxunmayıb...
Mehriban
xanım valideynləri, xüsusən də, bəzi anaları qınayaraq bildirdi ki, əksər
hallarda övladlarına öz ata-anaları müstəqillik vermirlər: "Onlara maneçilik
törədib gəncləri bir növ həyatdan küsdürürlər, inamsız edirlər. Onları hətta
zorla evlənməyə məcbur edirlər. Bu cür qurulan ailələr isə özülsüz binanı
xatırladılır; gec və ya tez uçulub dağılmaq təhlükəsi ilə üz-üzə qalır. Mən
ailə tanıyıram ki, 15 il birgə yaşayıblar, lakin sonda boşanıblar”.
Analar bəzən "Mən deyən olmalıdır” deyə oğulların
müstəqil kişi kimi addım atmasının qarşısını alır, onlara sevib-seçməkdə imkan
vermirlər. Bu cür valideynlər belə hesab edirlər ki, körpə dünyaya gəldikdən
sonra ərlə arvad arasında sevgi başlayacaq. Lakin onlar yanılırlar. Bir
müddətdən sonra oğulun artıq evə gəlməməyə başlaması isə yersiz dedi-qodulara
səbəb olaraq, ailənin dağılması ilə nəticələnir. Və qadın tək qalır... Yəni
valideynin eqoizmi ucbatından boşanmış qadınlar övladlarını təkbaşına böyütməli
olurlar. Bu cür hallar, əlbəttə, cəmiyyətdə ailəni gücsüz edir. Müsahibim qeyd etdi
ki, bununla belə, nə olursa olsun, ailə qurulmalıdır: "Bu, təbiətin bir
hökmüdür, insanlar həyatdan qırılmamalıdırlar. Gözəl ailə nümunələrimiz var.
Amma qadının və ya kişinin tək yaşayıb-dolana bilməsi məsələsi də birgə
yaşamağa mane olan şərtlərdəndir. Bu cür təbliğat xarakterli məsələlər də var.
Xarici ölkələrdən gəlib ailə institutundan bizə dərs deməyi düzgün hesab etmirəm.
Vaxtilə, nənə-babalarımız ailə qurarkən, onlara bu haqda mühazirələr
oxunmayıb...”
Qadın ailənin
yükünü öz üzərinə götürdükdə...
Psixoloq Zümrüd Əsədova isə bildirdi ki, qadınlar
heç vaxt idarəçi olmağa meylli deyillər: "Qadın yuva qurmaq, sevgi vermək,
sədaqət istəyir. Ailədə yuvanı yaradan qadındır, kişi isə ovçudur. Lakin indi
dövr dəyişib. Və qadınlar güclü olmağa məcbur olublar. Kişilər ovçu olmaq
məsuliyyətindən bir qədər uzaq düşüblər. Hazırda kişilər daha çox seçim etməyə
başlayırlar, bu isə onlara olan etibarı itirir. Bu halda, öz həyatını idarə edə
bilən qadın düşünür ki, təklikdə olmaq daha yaxşıdır.” Qadın artıq özünü təmin
edə bildiyini gördükdə, heç kəsin idarəsi altında olmaq istəmir. Onun necə
deyərlər, bir növ öz əli, öz başıdır, yəni öz həyatını idarə edə bilir. Hətta
ailəli olub boşanmış insan olduqda belə, riskə getmir, çünki övladı var və
başqa birisini qəbul etmək risklidir.
Həmsöhbətim qeyd etdi ki, övladı və ailəsi olmayan
tək qadın isə ona yaxınlaşan kişinin bir az başqa niyyətli olduğunu hiss
etdikdə, artıq bütün kişilərə olan münasibəti dəyişir: "Qurulacaq münasibətin
ciddi olmamağı üzündən fikirləşir ki, daha yaxşısı, öz həyatımı təkbaşına
yaşamaqdır. Belə qadınlar bu seçimə artıq məcburdurlar. Özlərini bu həyatda bir
tərəfə çıxarmalıdırlar”.
Zümrüd xanım
əlavə etdi ki, valideynlər, qardaşlar belə, qadınlara heç də hər zaman dəstək
olmur. Və onlar bu halda tək qalmağa məcbur olurlar: "Özlərinə şərait qurmaqdan
ötrü çalışırlar. Artıq nəyəsə nail olduqda isə bunu itirmək istəmirlər. Hətta
sonradan ailə həyatı qursalar belə, artıq qadın kimi görünmürlər, yəni artıq
qadınlığını göstərə bilmirlər. Ona görə də, belə ailələrdə ər-arvad münasibəti
çox çəkmir. Bu halda, qadın öz həyatının kişi rolunu yaşamağa başlayır. Kişi də
bu zaman həmin qadının ona - kişiyə bir ehtiyacının olmadığını hiss edir.
Kişilər bir qayda olaraq, özlərinə qarşı bir ehtiyac duyduqları zaman məmnun
qalırlar. Bunu hiss etmədikləri zaman münasibətlərdə bir boşluq yaranır. Bu cür
qadınlardan özləri uzaqlaşırlar. Elə hallar da olur ki, hansısa güclü qadınla
evlənmiş kişi öz "yükünü” qadının çiyinlərinə qoymağa çalışır. Sanki bu qadın
ailənin bütün yükünü hökmən daşımalıdır. Hətta kişinin evə, ailəyə diqqəti
getdikcə azalır, onda bir arxayınlıq formalaşmağa başlayır və bu zaman qadın
özünü tək hiss edir. Belə kişilər bütün vaxtlarını televizorun qarşısında
oturmaqla keçirirlər. Qadın isə bu zaman deyinməyə başlayır: sən heç nə
etmirsən, işləmirsən, bütün əziyyətləri mən çəkirəm və s. Qadın ailənin yükünü
öz üzərinə götürdükdə, kişinin rolu əlindən alınmış olur, bu ailə artıq davam
etmir”.
Əvvəl kişi
qadını qazanırdısa, indi əksinə, qadın kişini qazanır
Zümrüd xanım söylədi ki, hər bir ana oğul
yetişdirir, yəni ana kişi obrazı yetişdirə bilər: "Lakin onu ər, ailə başçısı
edən isə bir qadındır. Qadın ona bu şəraiti yaratmazsa, ona ailə başçısı, lider
olması üçün dayaq olmazsa, o kişi ər olmayacaq, oğul olaraq qalacaq”. Zümrüd
xanım qeyd etdi ki, tərbiyə məsələsinin bu sahəsində boşluqlar yaşanır: "Qızları
qadın kimi böyütmək lazımdır. Onlara: "Sən güclü olmalısan, sən bacarmalısan”
kimi ifadələri eşitdirmək gərək deyil, əksinə, onun qadın olaraq gözəlliyini,
zərifliyini ona duydurmaq lazımdır. Unutmaq lazım deyil ki, qadın sevgi verən
bir varlıqdır. Valideynlər əksər hallarda qız övladlarına onun güclü olmağını
aşıladıqları halda, oğlanlara isə əksinə, "sən ən yaxşısısan, sənə heç nə
eləmək lazım deyil” fikirlərini təlqin edirlər. Oğlanların işini
qiymətləndirməliyik ki, onlar daha çox çalışqanlıq nümayiş etdirsinlər, zəhməti
sevsinlər.”
Müsahibim söylədi ki, insan ilk növbədə özünü, öz
qabiliyyətini tanımalıdır. Öz bacarığını tam olaraq dərk etməlidir. İçindəki
potensialı üzə çıxarmalıdır. Mən kiməm, mən necəyəm, mənim ehtiyaclarım,
istəklərim nədir, deyə bütün bunları anlamalıdır: "Qadın özünün qadın, kişi isə
kişi kimi yetişdiyini dərk etməlidir”. Psixoloq əlavə etdi ki, ailədə hər iki
tərəfə ehtiyac var. İndiki ailələrdə isə tərəflərin iksi də ailə başçısıdır: ”Hər
ikisi evin kişisi olmaq istəyir. Qadın öz qadınlığını içəridən yaşatmalıdır. Evlənmə
təklifini çox uzun müddət gözləyib, sonda yanıldığını duymaq problemi də,
qadının subay qalması məsələsinə gətirib çıxaran amillərdəndir”. Müsahibim qeyd
etdi ki, hazırda qadınlar say etibarı ilə üstünlük təşkil edir. Yəni kişilər
üçün seçim çoxluğu var: "Qadınlar arasında savaş gedir. Əvvəl kişi qadını
qazanırdısa, indi əksinə, qadın kişini qazanır. Əsas gərginliklərdən biri də
budur. Kişilər seçim zamanı çox rahatdırlar. Bəzi qadınlar "Məni alacaqsanmı,
mənimlə evlənəcəksənmi?” kimi mesajlarını verib istədikləri cavabı da almaq
istəyirlər. Bu da başqa cür gərginlik yaradır. Əvvəllər bir qızın arxasınca
illərlə, aylarla gedilirdisə, hazırda belə deyil”.
Ola bilsin ki, əksər qadınların subay qalmalarının
səbəblərinin bir yazıya sığmayacaq qədər görünməyən tərəfləri daha çoxdur.
Təbii ki, hər bir xanım özünün gözəl ailəsinin olmasını ürəkdən arzu edir.
Məsələnin bilinən tərəfi və ən əsası isə odur ki, qadının tək və ya tənha
yaşaması heç də onun ürəyincə deyil. Hər bir qadın xanım olmağa layiqdir və
qadının özünü xanım olaraq hiss etməsi üçün ona güclü bir əl, güclü bir dəstək
lazımdır...
Zeynəb Əliqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün hazırlanıb