Subayları evləndirən film - Fotolar
Adətən mövsüm
ərzində nümayiş olunan filmlərin əksəriyyəti isti yay aylarında çəkilir. Yəni
indi film çəkmək üçün ən əlverişli zamandır desək, yəqin ki, yanılmarıq. Çünki
mövsüm ərzində seriallara çəkilən aktyorların yalnız mövsüm sonlarında filmə
çəkilmək imkanı olur. Təbii ki, burda başqa məsələlər də rol oynayır. İsti yay günlərində çəkilən filmlərdən biri
də iki mövsümdür kinoteatrlarda nümayişinə görə ən çox reytinq toplayan
"Qızqaçırtma” filmidir. Artıq filmin 3-cü hissəsi çəkilir. Film 2 mövsüm böyük reytinq topladığı üçün
yaradıcı heyəti onun davamını çəkmək qərarına gəlib. Daha çox məşhur simaların
iştirak etdiyi layihənin çəkiliş prosesi paytaxtda və cənub bölgəsində baş
tutacaq. Biz də filmin yaradıcı heyəti ilə söhbət etdik.
Filmin baş rejissoru Rüfət Şahbazov deyir ki, layihə uğurlu və baxımlı olduğu üçün
növbəti bölümü çəkirlər. O, qeyd etdi ki, "Qızqaçırtma” filmi böyük tamaşaçı
auditoriyası qazanıb: "Bildiyiniz kimi, filmin sifarişçisi
"Xəzər” televiziyasıdır. Filmin birinci və ikinci hissəsi çox uğur
gətirdiyi üçün biz bunu üçüncü hissəsini də çəkmək qərarına gəldik. Dünya kino
sistemində də belə bir təcrübə var. Əgər bir film uğurlu alınırsa və çox reytinq
toplayırsa, onun ardı çəkilir. "Qızqaçırtma”nın əvvəlki bölümləri uğursuz
olsaydı təbii ki, biz onun üçüncü bölümünü çəkməzdik. Artıq filmin çəkilişlər
başlayıb. Avqustun sonuna qədər çəkilişlər davam edəcək. Daha çox Lənkəran, Lerik,
Astara rayonlarında, Bakı ətrafında Pirallahı qəsəbəsində çəkilişlərimiz baş
tutacaq”.
Rejissor deyir
ki, "Qızqaçırtma”da macəra davam edir: "Filmin birinci hissəsində Fərdanın
canlandırdığı Təzəkişi üçün qızı qaçırdıq, ikinci hissəsində Məmmədin bacısını
qaçırtmışdılar. Bu bölümdə isə Məlik üçün qız qaçırdacağıq. Bu filmdə
Təzəkişinin yanında olan dostları Məlik və Məmməd ikisi də evlənir. Əsas məsələ
odur ki, heç kim subay qalmır. Biz məcburi şəkildə heç kimi qaçırtmırıq. Qaçan
qəhrəmanlarımız öz xoşu ilə qaçırılır (gülürük). Qızların qaçırılmasına mane olmaq istəyənlər, qızın qohumları və
mənfi obrazlardır. Filmdə yeni obrazlar da var. Hər filmdə əlavə yeni obrazlarımız
olduğu kimi, bu bölümdə də var. Eyni zamanda texniki heyətdə də yeni
simalarımız var. Buna ssenari müəllifi Ənvər Abbasovu və onun komandası – Samid
Ağayev, Elnur Hüseynovu misal göstərə bilərəm”.
R.Şahbazovdan filmdə
şou aləmində və eləcə də film sektorunda daha çox tanınan aktyorların iştirak
etdiyini və bunun filmin piarına nə qədər xidmət etdiyini də xəbər alırıq.
Rejissor deyir ki, bu layihədə bir çox film qəhrəmanlarının əksəriyyəti toplanıb,
çünki yazılan ssenaridəki obrazlar məhz onların əyninə biçilib: "Filmin üçüncü
hissəsində tamaşaçılar sevilən aktyorları və tanınmış film qəhrəmanlarını eyni bir
macəranın içərisində görə biləcəklər. Filmdə rol alan aktyorların demək olar
ki, hamısı artıq komediyada öz sözlərini deyən, sevilən simalardır. Filmimiz
daha maraqlı olsun deyə, onların hamısını bir macərada birləşdirdik. Bu filmdən
gözləntilərimiz çox böyükdür”.
Rejissor film
haqqında danışarkən qeyd etdi ki, böyük
dinamikası olan filmdir. Belə ki, burada
kaskadyorlarla ağır fəndlər olacaq: "Kaskadyorlarla 24 ağır fəndimiz,
maraqlı ssenari xətti var. Öncədən onu deyim ki, filmdəki hər səhnəcik
gülməlidir. Aktyorların hamısı həvəslidir. Və kadr arxasında peşəkar komanda
işlədiyinə görə, bu filmdən
gözləntilərimiz çoxdur”.
Filmin prodüseri Amiran Babayev bildirdi ki, yeni hissə ailələrin rahatlıqla asudə
zaman keçirmək üçün baxa biləcəyi bir ekran əsəri olacaq: "Filmdə maraqlı
ssenari, bol gülüş və yeni macəralar olacaq. İnsanlar günün yorğunluğunu
çıxarmaq, səmərəli zaman keçirmək üçün filmimizə baxıb əylənmək imkanına sahib
olacaqlar. Belə ki, filmdə zarafatlar, gülməli səhnələr yer alıb. Filmdə Elşən
Hacıbabayev, Fərda, bacılar, İlkin Misgərli, Kənan Yusifov, Nicat Şirin iştirak
edəcəklər. Ümumi olaraq, filmin 70 faizinin Bakıda, 30 faizinin isə cənub
bölgələrində çəkilməsi nəzərdə tutulub. Çəkiliş prosesi maraqlı keçir. Böyük
kaskadyor truppamız, karate heyətimiz var. Kaskadyorlarımız çətin tryukların
öhdəsindən gəliblər. Belə ki, Karate Federasiyası ilə danışmışıq. Filmdə əsl
idmançı xanımımız da olacaq. Qəhrəmanların qaçırmaq istədikləri qız, onların
başına oyun açacaq. Çox maraqlı bir mövzusu var. Bakıda hərəsindən cəmisi bir
dənə olan xüsusi minik vasitələrindən istifadə olunacaq. Hansı ki, bu
maşınlardan biri məhz Fərda və Elşən üçün nəzərdə tutulub. İlkin Misgərli üçün
xüsusi bir UAZ-RAF danışılıb. Böyük
həcmdə olan minik vasitələri seçmişik. Bundan
başqa, film keyfiyyətli aparaturalarla çəkilir. Ölkədə olan ən son modellə
çəkiliş aparılır”.
Filmin ssenari müəllifi Ənvər Abbasov vurğuladı ki, layihənin ssenari xətti maraqlı və
bu günün insanlarının maraq dairəsinə uyğun qələmə alınıb: "Filmin 3-cü
hissəsində aktyor hyətində də dəyişikliklər olub. Qeyd edim ki, bu bölümdə özüm
də aktyor kimi çəkiləcəyəm. Belə ki, filmdə kiçik bir rolum var. Filmin
ssenarisinə gəldikdə isə dostların biri əsgərlikdədir. Onun istədiyi qızı
başqasına verirlər. Oğlanın əsgər dostları Fərda, Elşən qərara gəlirlər ki,
dostları üçün qızı qaçırtsınlar. Qızı qaçırtdıqdan sonra macəra başlayır”.
Ənvər
Abbasov bildirir ki, film yazdığı
ssenariyə uyğun olaraq çəkilir. O, rejissor Rüfət Şahbazovun işinə bələd olduğu
üçün film onun təxəyyülündə canlandırdığı kimi hazırlanır: "Bu günə qədər bir çox rejissorlarla işləmişəm. Bəzən olur
ki, rejissorla ssenaristin fikirləri üst-üstə düşmür. Ancaq bu layihədə bütün
komanda olaraq bir-birimizi yaxşı başa
düşürük. Rüfət bilir ki mən nə istəyirəm, mən də bilirəm ki, istədiyimi o çəkə
bilir. Əsas da budur, məncə. Ona görə də, filmin daha keyfiyyətli və baxımlı
alınacağına inanıram. Film "6 +” yaş
qrupu üçün nəzərdə tutulub. Demək olar ki "+” söhbəti çox aşağıdır. Nə kəmərdən
yuxarı, nə də kəmərdən aşağı bayağı ifadələr səslənməyib”.
"Qızqaçırtma-3” filmi 2020-ci ilin martında tamaşaçılara təqdim
olunacaq. Komanda heyəti bildirir ki, bütün ailənin rahatlıqla baxa biləcəyi əyləncəli bir film
olacaq. Bizə isə gözləyib, gələn ilin martında filmin dadını çıxarmaq qalır.
Xəyalə Rəis
Bu yazı
"İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin
formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi
çərçivəsində hazırlanıb