• cümə, 29 Mart, 11:41
  • Baku Bakı 5°C

Su təminatımız 100 faiz ola bilər, amma...

27.07.20 19:32 1688
Su təminatımız 100 faiz ola bilər, amma...
Görülən işlərlə yanaşı, sudan qənaətli istifadə də zəruri məsələdir
İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Ölkə başçısı qeyd etdi ki, müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və ardıcıl olaraq qısa, orta və uzunmüddətli fəaliyyət planı icra edilsin. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var: "Azərsu”, "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bu qurumlar bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər, nəzarət etməlidirlər ki, bütün işlər planlı şəkildə həll olunsun, yaxın gələcəkdə su təhlükəsizliyimizlə olan problemləri də həll edək.
Problemin həlli üçün mütəxəssislərin təklifləri nələrdir? Qısamüddətli dövrdə su probleminin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Neftçala rayonunun deputatı Sabir Rüstəmxanlı deyir ki, hazırda təmsil etdiyi bölgənin içməli su ilə təminatı maşınlarla daşınaraq müvəqqəti həll edilir, ancaq suvarma ilə bağlı problem hələ də qalır: "Kür boyu kəndlərdə həm içməli su təminatı, həm heyvanların, həm də əkin sahələrinin suvarılmasında Kür suyundan istifadə edirdilər. Bir ay olar ki Kür çayında suyun azalması və quruması ilə əlaqədar olaraq belə problem yaşanır. Problemin yüngülləşdirilməsi üçün çalışırıq. Maşınlarla insanlara su çatdırılır. Neftçalada 38 belə maşın var idi. Bir neçə gün öncə daha 20 maşın da əlavə edildi. Hər kənddə, az qala hər məhəllədə su çənləri qoyulub. Təbii ki bu, çarəsizlikdən olan tədbirdir. Əhaliyə su çatdırmaq olar, amma suvarma üçün kənardan su gətirməklə alınmır. Əkin sahələri suvarılmadığı halda məhsullar yanma təhlükəsi ilə qarşı-qarşıya qalır. Bu məsələni Milli Məclisdə qaldırdım, ölkə başçısına məktub yazdım. Ölkənin su təminatı məsələsi hazırda dövlət səviyyəsində müzakirə olunur, həlli istiqamətində işlər görülür. Neftçalaya çəkilən içməli su kəmərinin inşa işləri sürətləndirilib”.
S.Rüstəmxanlı bildirdi ki, Kürün suyundan israfçılıqla istifadə etmək olmaz: "Kürdən ayrılan kanalların beton üzlüklərlə örtülməsi zəruridir. Qeyri-qanuni böyük əkin sahələri var. Onlar yollar boyu nasoslar qoyub su götürürlər. Kür boyu kanallar, balıqçılıq təsərrüfatları var ki, ancaq təmiz sudan istifadə edirlər. Bunlar da Kürün suyundan istifadədə israfçılığa səbəb olur”.
Millət vəkili ölkənin su ilə təminatında yaşanan problemin zamanla həll olacağını bildirdi: "Araz çayının suyunun qarşısının kəsilməməsi üçün İranla da danışıqlar aparmaq lazımdır. Başqa bir alternativ isə, dəniz suyunun duzsuzlaşdırılması və kənd təsərrüfatında istifadəyə verilməsi ola bilər. Bununla bağlı təklif də təqdim etmişəm. Yeraltı sulardan da pis istifadə edilir. Düşünürəm ki, işlər görüldükcə problem həll olunacaq. Ümumilikdə, sudan qənaətli istifadə zəruridir. Kanadada 100 min göl var, hamısının suyu içməlidir. Litvada 3 min, Finlandiyada 10 milərlə göl var. Amma o ölkələrdə suya qənaətli yanaşma var. Hardasa əlini yumaq istəyəndə, krantın altına tutursan, su gəlir, əlini çəkən kimi dayanır. Bizdə bəzi yerlərdə bu, var, amma çox deyil. Həyətlərdə su axır gedir, fikir vermirlər”.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Britaniya "OXFORD” Akademiyasının fəxri professoru Fəqan Əliyevin sözlərinə görə, bu sahədə kompleks şəkildə iş aparılmalıdır: "Ekoenergetika Akademiyası olaraq 1990-cı ildə Azərbaycanın energetika proqramını işləyib, dövlətə vermişdik. Hələ o zaman biz problemləri görürdük. Proqramda qeyd olunmuşdu ki, Azərbaycanda 40 faiz su itkisi var. Bu, çox böyük itkidir və dünyanın heç yerində belə hal yaşanmır. Bunun səbəbi var. Mingəçevir Su Elektrik Stansiyası vaxtilə xalqımıza çox kömək edib. Elektrik enerjisi ilə təminat cəhətdən rolu məlumdur. Yuxarı Qarabağ, Şirvan kanalını su ilə təmin edib. Ancaq Mingəçevir Su Anbarı bütün Aşağı Qarabağ, Muğan, Şirvan torpaqlarını şoranlaşdırıb. Torpağın məsaməliliyi böyükdür, su torpağın canına hopur. Bu, həm böyük su itkisinə gətirib çıxarır, həm də su yeraltı qrunt sularına keçir, yerin altındakı duzlu suları üzə qaldırır və torpağı şoranlaşdırır. Bütün dünyada belə kanallar betonlaşdırılıb.
Mingəçevir Su Anbarı lillənib, su tutumu azalıb. O lillər yaxşı minerallardır və kənd təsərrüfatında, tikintidə istifadə etmək mümkündür. Bunlar olunmur.
Üstəgəl şəhər sistemində böyük su itkisi var. Şəhər belə sürətlə böyüməz axı. Ölkədə çox insanın Bakıya toplaşması var. Elə bir sistem qurulmalıdır ki, insanlar regionlarda yaşamaq istəsinlər.
"Azərsu”nun öz sistemində böyük itki var. SCADA sisteminə salıb bu itkiləri aradan qaldırmaq lazımdır.
İnsanlar su kəmərini deşib qanunsuz yolla öz ərazilərinə su aparırlar. İcra başçıları hara baxırlar?
İndiyə qədər yaxşı meliorasiya institutlarımız var idi. Su üzrə instusional, yaxşı sistem yaranmışdı. Hamısı ləğv olundu. Bu da öz təsirini göstərib”.
F.Əliyev deyir ki, ölkədə yaz aylarında çaylarda olan daşqınlardan yararlanmaq lazımdır: "Yazda çaylar daşır, hər yeri basır, ağacları qırır. Kür çayı 6 rayondan keçir, yazda daşıb ətraf kəndləri basır, heyvanları öldürür, heyvanlar da günün altında qalır, xəstəliklər yayılır. Sonda su azalır, deyirlər ki, su çatmır. Əlavə kanallar, anbarlar tikib daşqının qarşısını almaq, həmin suyu ehtiyat kimi toplamaq olar.
Su gəlməyən kəndlər var. 6 gündən bir su gətirirlər, camaat su götürür. Çatışmır, gəlmir. Bunu qurmaq lazımdır. Su anbarı etsələr, balıqçılıq da inkişaf edər, su boşuna dağılıb insanlara zərər verməz. Saxlayarıq və vaxtında istifadə edərik”.
F.Əliyev bildirdi ki, insanları sudan düzgün istifadə etməmələri ilə bağlı tənqid etməmişdən öncə, maarifləndirmə aparılmalıdır: "İnsanlarda suya düzgün yanaşma da bu işdə önəmli rol oynayır. İnsanları maarifləndirmək, zaman-zaman tərbiyə etmək, izah vermək lazımdır. İnsanların suya qənaətli yanaşması ilə bağlı indiyə qədər heç bir maarifləndirilmə işi aparıldığını görməmişəm. Maarifçilik işləri aparılmalı, televiziya kanallarında buna saatlar ayrılmalı, mətbuat diqqət yetirməlidir. Eyni zamanda, orta məktəblərdə bunun dərsi keçirilməlidir”.
F.Əliyev deyir ki, ölkədə su ilə təminatın 100 faizlik həddə çatdırılması mümkündür, bunun üçün su mənbəyimiz var: "Bizim su mənbələrimiz çoxdur. Ondan gözəl, səmərəli istifadə etməyi bacarmaq lazımdır. Düzdür, Oğuz-Qəbələ-Bakı su kəmərini çəkəndən sonra təminat xeyli yaxşılaşdı. Ölkə başçısının da tapşırıq verdiyi kimi, iş prosesinə elm adamları, ictimai təşkilatlar cəlb edilməlidir. Etmirlər axı”.
F.Əliyev qeyd etdi ki, içməli və suvarma suları ayrı olmalıdır, ancaq ərzaqların yetişdirilməsində təmiz sudan istifadə zəruridir: "Pomidor, xiyar, buğda və s. qidaların suvarmasında təmiz su vacibdir. Hansı ərzağın suvarılmasında çirkli su istifadə edilsə, dadı olmayacaq. Bəzən göyərti yeyəndə görürsən ki, taxta dadı verir. Çünki suyu çirkli olub”.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirdi ki, ölkənin qısamüddətli dövrdə su probleminin həlli üçün vacib olan 3 məqam var: "Həmin məqamlar müşavirədə səsləndirildi. İlk növbədə, müzakirə edilən əsas məsələlərdən biri "uçot” sisteminin qurulması idi. Ölkədə formalaşan su həcminin 70-80 faizi sırf kənd təsərrüfatında istifadə edilir. Bunun uçotu getmir. Müasir qurğuların qurulması ona görə qərara alındı ki, uçot ortaya çıxacaq. Hansı təsərrüfatın nə qədər istifadə etdiyi müəyyənləşir və itkilərin qarşısı alınır.
İkincisi, həmin suvarma sistemlərindən istifadəni asanlaşdırmaq lazımdır. Bunun üçün təklif edildi ki, müasir suvarma sistemlərində istifadə etmək üçün orta və kiçik sahibkarlara kredit verilsin. Bu da suya qənaət etmək metodlarındandır.
Üçüncüsü, torpaq kanallardır. Ölkədə mövcud su kanallarının 70 faizi torpaq kanallardır. Bu həm su itkisi deməkdir, həm də torpağı şoranlaşdırır. Kanalların beton və ya buna bənzər digər materiallarla mühafizəsi təmin olunarsa, itkilərdən qaça bilərik”.
N.Nəsirli deyir ki, su problemi yaşanmayan bölgələrdə də sudan necə gəldi istifadə etmək olmaz: "Problem sadəcə su çatışmazlığı deyil. Bəzi bölgələrdə su problemi yoxdur, orda hektara düşən normalar həddindən artıq pozulur. Buna nəzarət olmalıdır. Selləmə suvarma sistemlərini ləğv edib damcılama, yağmurlama texnologiyalarına keçməklə suya qənaət edilə bilər. Çünki bu cür texnologiyalar bitkiyə lazım olandan artıq miqdarda su vermir”.
Nicat Nəsirlinin sözlərinə görə, qısamüddətli planlarla uzağı bir ilə müəyyən nəticələr əldə etmək mümkün olar: "Yeni su mənbələrinin tapılması kimi metodlar daha çox vaxt tələb edir, çünki elmi tədqiqatlar və tikinti işləri aparılmalıdır. Bizim nəzərdə tutduğumuz hədəflər qısamüddətli dövr üçün nəzərdə tutulub və maksimum bir il ərzində həyata keçirilə bilər. Beləliklə, su probleminin xeyli hissəsi aradan qalxmış olar. Deyilən problem həllini tapsa, aprel-mart ayına ciddi nəticələr görə bilərik. Onsuz növbəti təsərrüfat mövsümü başa çatır, suya əsas tələbat mart-apreldə olacaq”.
Millət vəkili Vüqar Bayramov öz təkliflərini sosial şəbəkədə paylaşmışdı. O qeyd edir ki, ilk olaraq dövlət qurumları arasında koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən biri olduğu üçün bu sahədə struktur və institutsional islahatların aparılması məqsədəuyğundur: "İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2012-ci ildə hazırladığı struktur islahatları paketində bu sahədə də struktur islahatların aparılmasını təklif edib. Bütövlükdə, struktur islahatları sistemli və təmərküzləşmiş koordinasiyaya imkan yarada bilər”.
V.Bayramov qeyd edir ki, itkilərin qarşısının alınması üçün infrastrukturun daha da inkişaf etdirilməsi ilə yanaşı, bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var. Ölkə üzrə infrastruktur inkişaf etsə də, sahəvi infrastrukturun genişləndirilməsi vacibdir. Müşavirədə də qeyd olunduğu kimi, su itkisi əksər hallarda 40 faizdən çoxdur. Bu, kifayət qədər böyük rəqəmdir. İtkilərin azaldılması eyni zamanda su ehtiyatlarının artmasına səbəb ola bilər”.
Deputat daha bir neçə məqama da toxunub: "Yeni daxili su mənbələrinin tapılması üçün bu sahədə elmi tədqiqatların genişləndirilməsi vacibdir. Məhz tədqiqatlar nəticəsində əsasən xarici su mənbələri hesabına istehlakı ödənilən ölkəmizdə su problemini mərhələli şəkildə aradan qaldırmaq olar.
Su ehtiyatlarının ədalətli bölgüsünə ehtiyac var. Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda suyun yerlərdə fermerlər arasında ədalətli bölgüsü həyata keçirilmir və bu da suya olan tələbin tam ödənilməsinə imkan vermir. Bu baxımdan da, müasir çağırışlara uyğun və əsaslandırılmış su balansın hazırlanması məqsədəuyğundur.
İçməli suya olan tələbin ödənilməsi üçün daxili mənbələrdən daha səmərəli istifadəsi zəruridir. Mənim parlamentdə təmsil etdiyim Füzuli rayonunda elə qəsəbələrimiz var ki, içməli suyu xüsusi su maşınlarından ödənişlə alırlar. Bu barədə uyğun dövlət qurumuna artıq sorğu göndərsəm də, belə problemlərin uzunmüddətli həlli daxili su mənbələrin müəyyənləşdirilməsi və onlardan səmərəli istifadə edilməsi yolu ilə həll oluna bilər.
Nəhayət, su təsərrüfatında idarəetmənin səmərəliyinin artırılması üçün mövcud strategiyanın yeni çağırışlara uyğunlaşdırılmasına ehtiyac var. Bu zaman iqlim dəyişiklikləri, elmi-innovativ metodlardan istifadə kimi faktorların da nəzərə alması məqsədəuyğundur”.
Aygün
banner

Oxşar Xəbərlər