• cümə, 19 Aprel, 02:28
  • Baku Bakı 18°C

Su qıtlığı təhlükəsi ilə necə mübarizə aparmalıyıq?

23.10.19 10:00 2394
Su qıtlığı təhlükəsi ilə necə mübarizə aparmalıyıq?
Avqustun ikinci ongünlüyündən etibarən Azərbaycanın 11 rayonunda su qıtlığı yaranıb. APA-nın xəbərinə görə, Ucar, Zərdab, Ghöyçay, Yevlax, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir, Ağdaş, Qobustan və Şamaxı rayonlarının bir hissəsini su ilə təmin edən Yuxarı Şirvan kanalında suyun səviyyəsi enməyə başlayıb. Kanalda suyun azalmasına görə ötən ayın ikinci ongünlüyündən etibarən həmin rayonların ərazisindəki arxlarda suyun səviyyəsi enib, bəzi yerlərdə isə tamamilə kəsilib.
Sakinlər deyir ki, problemə görə suyu 15-20 manat ödəməklə şəxsi su maşınlarından alırlar. Bu su isə 5-6 günə çatır. Onlar heç olmasa gün ərzində bir neçə dəfə su maşınları ilə aztəminatlı ailələrə suyun daşınmasını istəyirlər. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, "Azərsu”nun Ucarın Qazyan kəndində modul tipli sutəmizləyici qurğusu var, amma Şirvan kanalında su az olduğuna görə bu qurğu işləmir. O əlavə edib ki, qurğunun işləməməsinə görə həmin kənddə əhali içməli su ilə təmin edilə bilmir: "Qazyan kəndində içməli su problemi oktyabrın ikinci ongünlüyündən başlayıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik ki, kanala su verilsin. Kanalda su olan kimi, qurğunun fəaliyyətini bərpa edəcəyik. Qurğu Ucar rayonunun içməli su təminatını həyata keçirir”.
Hal-hazırda şirin su qıtlığı bütün dünyada ciddi problemə çevrilib. Dünyanın bir çox ölkələrində bu problemlə mübarizə aparılır. Problemin aktuallaşdığı Azərbaycanda da müxtəlif narahatlıqlar yaşanır. Görəsən su qıtlığı ilə necə mübarizə aparmaq olar? Tullantı suları təkrar istifadəyə verilirmi?
Coğrafiya elmləri doktoru Çingiz İsmayılov bildirdi ki,su qıtlığının yaranmasına bir sıra amillər təsir edir: "Təbii amillər burada böyük rol oynayır. İqlim dəyişikliyi su mənbələrində suyun miqdarının azalmasına gətirib çıxarır. Digər tərəfdən, texniki proseslər də su qıtlığına səbəb olur. Hər şeydən əvvəl biz su qıtlığının qarşısını almaq istəyiriksə, suya olan münasibətimizi dəyişməliyik. İçməli sudan qənaətlə istifadə edilməlidir. Bakıda adambaşına düşən suyun həcmi Parisdəkindən daha çoxdur. Amma orada su qıtlığı yaşanmır. Bu da bizim sudan qənaətsiz şəkildə istifadə etməyimizdən irəli gəlir. Azərbaycanda Şirvan zonasında Xəzər dənizinin suyu ilkin emal prosesindən sonra suvarmada istifadə olunur. Hələlik bu, böyük miqyasda deyil. Çünki dəniz suyunun təmizləyici qurğularının gücü buna kifayət etmir. Belə qurğuların sayı artarsa, daha məqsədəuyğun olar və şirin su ehtiyatlarının qənaətli rejimdə istifadəsinə imkan yaradar. Amma hələlik çirkab sularının təmizlənməsi sahəsində vəziyyət yaxşı deyil. Çünki bu çox çətin prosesdir və üç mərhələdən ibarətdir. Çirkab sularının mexaniki, bioloji və kimyəvi təmizlənməsi aparılmalıdır ki, sənayedə və təsərrüfatda istifadə oluna bilsin. Bu sudan yalnız texniki məqsədlər üçün istifadə edilə bilər. Çirkab sularının təmizlənməsindən alınan şirin su məişətdə içməli su kimi istifadə edilə bilməz”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov söylədi ki, Azərbaycanın su ehtiyatları təqribən 30 milyard kubmetrdir: "Bunun böyük hissəsi qonşu ölkələrdən Azərbaycan ərazisinə daxil olur. Qonşu ölkələrlə müqayisədə bizim su ehtiyatlarımız xeyli azdır. Ona görə də şirin su ehtiyatları qorunmalı və səmərəli istifadə edilməlidir. Qlobal iqlim dəyişikliyi bütün ölkələrin su ehtiyatlarına mənfi təsir göstərir. Azərbaycanın da su ehtiyatlarında azalma müşahidə edilir. Bu özünü həm transsərhəd daxilolmalarında, həm də daxili çaylarımızda formalaşan axınlarda göstərir. Yaxşı olar ki, bu məsələ ilə bağlı tədbirlər planı müəyyənləşdirilsin. Su ehtiyatlarından səmərəli istifadə və hesabatın aparılması çox mühümdür. Yalnız bu halda gələcəkdə yarana biləcək hər hansı su qıtlığından sığortalana bilərik. Düzdür, ölkəmizdə böyük su anbarları tikilib və tikilməkdədir. Su irriqasiya kanalları təmir olunur və təchizat sistemləri yenidən qurulur. Müəssisə və təşkilatlarda formalaşan tullantı sularının təmizlənməsi məsələsinə diqqət yetirilməlidir. Tullantı sularının təkrar istifadəsinə xüsusi olaraq önəm vermək lazımdır. Təmizlənən su mütləq təkrar istifadəyə verilməlidir. Yaşıllıqların suvarılması və texniki məqsədlər üçün təmizlənmiş sudan istifadə oluna bilər. İndi bütün dünyada su qıtlığı ilə müxtəlif üsullarla mübarizə aparılır. Su ehtiyatlarının yaranması, alternativ mənbələrdən istifadə hesabına su qıtlığının qarşısı alınır. Yaranacaq ciddi təhdidlərə qarşı biz də ehtiyatlı davranmalıyıq. Düzdür, kifayət qədər şirin su ehtiyatımız var, amma əsas məsələ onu qorumaqdır. Aidiyyəti qurumlar tərəfindən şəhər və rayon mərkəzlərində bir çox təmizləyici qurğular istifadəyə verilib. Bu qurğular vasitəsi ilə təmizlənən su təkrar istifadə üçün su hövzələrinə axıdılır. Məsələn, Hövsan stansiyasında təmizlənmiş tullantı sularının təkrar istifadəsi həyata keçirilir. Bu su ilə ətraf ərazidə yaşıllıqlar suvarılır. Belə layihələr daha da genişləndirilməlidir. Tullantı suları dənizə axıdılmaq əvəzinə, təmizlənməli və ondan istifadə imkanlarına bir daha baxılmalıdır. Fəaliyyətimizi əsasən bu istiqamətə kökləməliyik. Yaxın gələcəkdə bu proses daha da sürətlənəcək”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər