• cümə, 19 Aprel, 09:38
  • Baku Bakı 13°C

Strateji Yol Xəritəsi üzrə yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlanıb

03.10.17 12:00 2157
Strateji Yol Xəritəsi üzrə yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlanıb
Strateji Yol Xəritəsi üzrə yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlanıb. Belə ki, verilən hesabata əsasən, ümumi nəticənin 32 faizi icra edilib, 59 faizinin icrasına başlanılıb. Hədəflər sırasında fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının inkişaf etdirilməsi, əlverişli biznes mühitinin inkişaf etdirilməsi əsas məqamlardandır. Qeyd edək ki, əsas icraçı qurumların performansı müəyyənləşdirilərkən hər bir qurumun əsas icraçı olduğu tədbirlərdən icra edilmiş tədbirlər bir bal, icrasına başlanılmış tədbirlər 0,5 bal, icrasına başlanılmamış tədbirlər 0 bal ilə qiymətləndirilir və əldə edilmiş toplam nəticə həmin qurumların əsas icraçı olduqları tədbirlərin ümumi sayına bölünüb. Belə ki, əsas icraçı qurumların performansı qiymətləndirilərkən mənsub olduqları tədbirlərin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindəki ümumi çəkisi nəzərə alınmamışdı. Aidiyyəti qurumların mənsub olduqları tədbirlərin sayı 2017-ci ildən icrasına başladıqları bütün tədbirləri özündə ehtiva edir.
Prioritetlərin icra vəziyyəti haqqında da nəticələr açıqlanıb. Belə ki, neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək qızılı qaydanın qəbul edilməsinin faiz göstəricisi 50, xərc-investisiya intizamının təminatı üçün mexanizmin yaradılmasının 50, yeni iqtisadi modelə effektiv pul siyasəti rejiminin tətbiq edilməsinin 80, iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiya edilməsinin 83, özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlardan özəlləşdirmənin həyata keçirilməsinin 50, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsinin 79, əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının stimullaşhdırılması 38 faizdir.
Artıq qarşıdakı hədəflər də bəllidir. Məsələn, kənd təsərrüfatına dair qarşıdakı hədəflər sırasına ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün instutisional potensiallığın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması, maliyyəyə çıxışın asanlaşdırılması, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi, kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi daxildir. Bundan başqa, Azərbaycan Respublikasında loqistika və ticarətin inkişafına dair hədəflər sırasında Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli mühitin yaradılması, tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi, loqistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsi üçün mühüm hərəkverici mexanizmlərin tətbiqi dayanır.
Qeyd edək ki, "Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanmış, 59 faizinin icrası üzrə işlərə başlanılmışdır. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilərək razılaşdırılaraq, büdcə qaydalarının tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib. Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticə əsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Həmçinin, makroiqtisadi koordinasiya təmin edilərək məzənnə rejiminin çevikliyi də artırılıb. Bundan başqa, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” və "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin restrukturizasiyası həyata keçirilməklə onların tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı” da artıq təsdiq edilib. Qeyd edək ki, 2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanan 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul olunub. İl ərzində hərracı baş tutan 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilən 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb.
Bütün bu nəticələrlə yanaşı, bəzi problemlər hələ də öz həllini gözləyir. Bunların arasında xarici investisiyaların cəlbi istiqamətində kifayət qədər sistemli iş aparılmaması əsas məqamlardandır. Belə ki, mövcud iqtisadi şərtlər çərçivəsində qanunvericiliyin təhlil edilməsi və xarici investorların maraqlarının daha yaxşı nəzərə alınması ilə bağlı dəyişikliklərin layihəsi hələ ki hazır deyil. Həmçinin respublikada biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı bir sıra qanunvericilik layihələrinə dəyişiklik edilsə də, Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə Tədbirlər Planı”nda nəzərdə tutulan bütün istiqamətlər üzrə islahat tədbirləri başa çatdırılmayıb.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər