• şənbə, 20 Aprel, 12:35
  • Baku Bakı 23°C

Ştrasserin Azərbaycana qarşı növbəti təxribatı

30.05.14 10:30 3818
Ştrasserin Azərbaycana qarşı növbəti təxribatı
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi Kristofer Ştrasser Berlində antiazərbaycan konfransı çağırıb. Konfransın təşkilatçısı qismində hazırda Almaniyanın insan haqları üzrə müvəkkili olan K.Ştrasserlə yanaşı, Azərbaycana qarşı mənfi münasibətdə olan Avropa Sabitlik Təşəbbüsü (ESİ) çıxış edir. “Siyasi məhbuslarsız Avropa yolunda” mövzusunda konfrans iyunun 2-də Berlində keçiriləcək. Virtualaz.org saytının məlumatına görə, konfransa maliyyə dəstəyini Açıq Cəmiyyət Fondu verir. ESİ tərəfindən yayılan məlumatda deyilir ki, konfransa avropalı siyasətçilər, parlamentarilər və hüquq müdafiəçiləri dəvət olunub. Onlar Avropa Şurası, Avropa İttifaqı və beynəlxalq insan haqları təşkilatlarının Avropada siyasi məhbuslar problemini yaxın vaxtlarda necə aradan qaldıra biləcəklərinə dair müzakirələr aparacaqlar. Konfransın mövzusu bilavasitə Azərbaycanla bağlı olmasa da, həm təşkilatçıların, həm ora məruzəçi kimi dəvət olunanların adları onu deməyə əsas verir ki, konfrans məhz Azərbaycan hakimiyyətinin tənqidinə həsr olunacaq. Konfrans iyunun 2-də başlayacaq və iyunun 3-də yalnız dəvətli şəxslərin qatıla biləcəyi üç ayrı qapalı iclasla davam edəcək.
Təqdimatda bildirilir ki, K.Ştrasser o, 2002-ci ildən etibarən Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından deputatı olub, 2009-2013-cü illərdə Azərbaycanda siyasi məhbuslar üzrə AŞ PA məruzəçisi kimi fəaliyyət göstərib. O, Azərbaycanda siyasi məhbuslara dair hesabat və qətnamə layihəsi hazırlayıb. Ancaq hazırladığı qətnamə AŞ PA-da keçməyib. Konfransa məruzəçi qismində “Azadlıq” radiosunun əməkdaşı, qalmaqallı jurnalist Xədicə İsmayılova da dəvət alıb. Hərçənd ki, X.İsmayılovanın adı Baş Prokurorluğun qaldırdığı cinayət işində şahid kimi keçir və istisna deyil ki, onu ölkədən buraxmasınlar. Digər məruzəçilər isə Norveç Helsinki Komitəsinin baş katibi Byern Enqesland, 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Almaniyada antiazərbaycan kampaniyasına başçılıq edən, Azad Demokratlar Partiyasından keçmiş deputat, federal hökumətin insan haqları siyasəti və humanitar yardım üzrə keçmiş komissarı (ombudsman) Markus Löninq, İrlandiyadan deputat Maykl Maknamara (o da Azərbaycana qarşı çıxışları ilə tanınır), Berlində yaşayan blogger, “Meydan” TV-nin rəhbəri Emin Milli, Rusiyada istintaq təcridxanasında öldürülən vəkil Sergey Maqnitskinin işlədiyi “Hermitage Capital” investisiya fondunun baş direktoru, ABŞ-da Rusiyaya qarşı “Maqnitski aktı”nın qəbul edilməsi üçün genişmiqyaslı kampaniya aparmış Bill Brauder və digərləridir.
Ştrasserin və Avropa Sabitlik Təşəbbüsü adlı qrupun təşkil etdiyi bu konfrans göstərir ki, Avropada antiazərbaycan qüvvələri yenidən fəallaşıblar.
Sözügedən konfransla bağlı fikirlərini “Kaspi”yə bölüşən Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Almaniyada insan haqları üzrə müvəkkil K.Ştrasserin Azərbaycana qarşı birmənalı mövqeyinin hər kəsə bəlli olduğunu söyləyib. Bu səbəbdən Ştrasserin buna qədər, eyni zamanda bundan sonrakı fəaliyyətinə xüsusi təəccüb hissi ilə yanaşmağın tam əleyhinə olduğunu bildirib. Qeyd edib ki, Ştrasser Azərbaycana urcah olunan gündən “insan hüquqları”adı altında davamlı bleflərini edib, bənzər mövzular ətrafında spekulyasiya cəhdlərinə yol verib. O, iyunun 2-nə təyin edilən Berlin tədbirinin də həmin cəhdlərin növbətisi kimi xarakterizə edib: “Bu qədər cidd-cəhdlə Azərbaycan hakimiyyətini hədəfə almaqda məqsəd və ya həmin məqsədi doğuran səbəblər var. Məqsəd və səbəb odur ki, bu adam zamanında Azərbaycan hakimiyyəti tərəfindən dürlü-dürüst faktlarla ifşa edilib. Onun siyasəti, insan haqqları mövzusunu alver pridmetinə çevirdiyi sübut olunub. Və bunu bir tək biz demirik. Baxın, əgər xatırlayırsınızsa həmin dönəmlərdə Ştrasserin Avropa Şurasında Azərbaycanla bağlı müzakirəyə çıxarmaq istədiyi hesabat parlamentarilər tərəfindən birmənalı rədd edildi. Bilirsinizmi niyə? Çünki, Ştrasserin əsl sifətini, məramını yalnız Azərbaycan hakimiyyəti deyil, elə içində və ətrafında olduğu avroplalılar da çox gözəl görürdü, bilirdi və dərk edirdi. Üstəgəl nəzərə alsaq ki, hazırda haqqında danışdığımız 2 iyun tədbirinnin əsas təşkilatçılarından biri Azərbaycana qarşı hazırlanmış mənfi ruhlu hesabatının müəllifi olan “Avropa Sabitlik Təşəbbüsü”dür, ya da dövlətimizlə bağlı qonaq qismində dəvət edilib, fikir bildirməli olan şəxslər Xədicə İsmayıl və Emin Milli kimi antimilli ünsürlərdir, o zaman həmin tədbirin proqramını təxmin eləmək və orada baş verəcək prosesləri proqnozlaşdırmaq məncə heç birimiz üçün çətin olmaz. Təbii, hər şey Ştrasserin başının altından çıxıb və bu adam öz aləmində Azərbaycan iqtidarından revanş götürməyə çalışır. Sadəcə, bir məqamın fəriqndə deyil ki, biz bu vaxta qədər yüz elə Ştrasserlər, Qrosslar, dələduzlar görmüşük. Hamısı da bir-birinin ardınca hava kimi, külək kimi sovrulub gediblər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər