AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ÜST: Yeni növ koronavirusa gündəlik yoluxmada yeni rekord müəyyən edilib

ÜST: Yeni növ koronavirusa gündəlik yoluxmada yeni rekord müəyyən edilib

Təfsilat
21 May 2020, 13:45 178
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni növ koronavirusa yoluxma halları ilə bağlı yeni rekord göstəricilər daxil olub. Təşkilatdan bildirilib ki, ötən 24 saat ərzində epidemiya başlayandan bəri bir gün üçün ən yüksək sayda yeni yoluxma halı barədə məlumat daxil olub.
AZƏRTAC xəbər verir ki, ötən gün ərzində dünya üzrə koronavirusa yeni yoluxanların sayı 106 min nəfər olub. Təşkilatın rəhbəri Tedros Qebreyesus bu artımın ilk növbədə yoxsul ölkələrdə vəziyyətin acınacaqlı nəticələrə aparıb çıxaracağından narahatlıq ifadə edib. Onun sözlərinə görə, əhalinin gəlirləri orta və aşağı olan ölkələrdə, xüsusilə də səhiyyə sisteminin zəif inkişaf etdiyi və sosial məsafə qaydalarının tətbiqinin olduqca çətin olduğu dövlətlərdə yoluxma hallarının artımı həyəcan doğurur. O, COVID-19 pandemiyası ilə əlaqədar qarşıda hələ uzun yolun olduğunu bildirib.
Beynəlxalq təşkilatın internet səhifəsində yerləşdirilən məlumatlara əsasən, gündəlik artımın ən yüksək olduğu ölkələr sırasında ABŞ, Rusiya, Braziliya və həmçinin Səudiyyə Ərəbistanı ön sıralarda dayanır.
AFP agentliyinin hesablamalarına görə, dünyanın 196 ölkəsində koronavirusa yoluxanların ümumi sayı 4,9 milyondan artıqdır. İndiyədək virusun törətdiyi COVID-19 ağciyər xəstəliyinə tutulan 325 min nəfər vəfat edib.