SSRİ-nin xoşbəxt ola bilməyən ilk ledisi

SSRİ-nin xoşbəxt ola bilməyən ilk ledisi

Təfsilat
18 Sentyabr 2019, 10:45 110
Bəlkə də kimlərsə mənim bu fikrimlə razılaşmaz. Amma bu danılmaz bir faktdır ki, qadını nə vəzifə, nə bahalı daş-qaş, geyim-kecim, nə də böyük, yaraşıqlı imarətlər xoşbəxt edə bilər. Qadın o zaman xoşbəxt olur ki, onun gözəl ailəsi olur. Bir ömür ona sadiq qalan, çətin günündə arxasında duran, qayğısına qalan, arzularını çin edən ömür-gün yoldaşı, ağılı-kamalı, ədəb-ərkanı, savadı ilə fəxr ediləcək övladları olur. Bir sözlə, qadın, kimliyindən asılı olmayaraq hər zaman ailəsində üzü gülərsə, qəlbi rahatlanarsa, xoşbəxtdir... Alman mütəfəkkiri Höte demişkən, dünyada ən xoşbəxt insan, istər kral olsun, istər kəndli - evində rahat olandır.
... 70 il bütün SSRİ məkanında hamımız Sovet dövlətinin banisi Vladimir İliç Leninin ömür-gün yoldaşı Nadejda Krupskayanı (SSRİ-nin birinci ledisi) xoşbəxtlərin xoşbəxti sanmışıq. Sən demə, "xoşbəxt” zənn etdiyimiz adamların çoxu, əslində, bədbəxtdir. Qadın gözəlliyindən məhrum olan Nadejda da ömrü boyu ər nəvazişinə, körpə qığıltısına həsrət qalan bədbəxt bir qadın imiş. Onu nə Leninin yüksək vəzifəsi, nə də qapılarını üzünə taybatay açan Kreml xoşbəxt edə bilib. Amma sözsüz ki, o da bütün qadınlar kimi xoşbəxt olmaq arzusunda idi və bu arzu ilə də ailə həyatı qurmuşdu. O, zaman Lenin nə yüksək vəzifə, nə də var-dövlət sahibi (sadəcə qardaşı Aleksandrın qisasını çar ailəsindən almağa can atan bir gənc) idi (Leninin böyük qardaşı Aleksandır Ulyanov çar III Aleksandra qarşı sui-qəsddə günahlandırıldığı üçün 1887-ci ildə edam edilmişdi. O, həmin vaxt Peterburq Universitetində oxuyurdu). 
 Əvvəla onu qeyd edim ki, yazılan məktublar, xatirələr və bir çox faktlar sübut edir ki, V.İ.Lenin ömür-gün yoldaşı Nadejdanın saf məhəbbətinə sadiq qalmayıb. Nəinki Nadejdadan əvvəl, hətta ailə qurandan sonra da taleyində bir çox qadınlar olub. Nadejda isə Leninin təkcə ömür yoldaşı yox, həm də köməkçisi, silahdaşı olaraq sona kimi ona və amallarına sadiq qalıb... Görünür, "sevən qadının fədakarlığı ölçüyə gəlmir” fikrini fransız yazarı Dode boşuna söyləməyib.
...70 il milyonlarla qadının pərəstiş etdiyi, xoşbəxt, bəxtəvər sandığı Nadejda Krupskaya kim idi? Krupskaya Nadejda Konstantinovna (Ulyanova) 1869-cu ildə Peterburqda zabit ailəsində dünyaya gəlib. 14 yaşında atasını itirən Nadejda, təhsilini yarımçıq qoyaraq anası ilə müxtəlif yerlərdə işləməyə məcbur olub. Ailənin vəziyyəti bir az yaxşılaşdıqdan sonra Nadejda yenidən Ali Qadın Kursları məktəbinə qayıdıb və 1886-cı ildə təhsilini başa vurub. Bir müddət iş tapa bilməyən Nadejda, 1891-ci ildə Peterburqda axşam məktəbində dərs deməyə başlasa da, vaxtının çoxunu siyasi dərnəklərdə keçirib. 1890-cı ildən marksist tələbə dərnəyinin üzvü olan Nadejda, 1898-ci ildə partiya sıralarına qəbul olur və 1894-cü ildə elə dərnəklərin birində V.İ.Leninlə görüşür. Bu zaman Lenin Nadejdanın ən yaxın rəfiqəsi Appolinariya Yakubovanı "sevsə” də, 1898-ci ildə Nadejda ilə evlənib. Bu evlilik, hər ikisi inqilabi fəaliyyətə görə Sibrə sürgün edildiyi üçün orada baş tutub. Xatirələrdən belə aydın olur ki, Nadejdanı ilk gündən Leninin ailəsi, xüsusən də bacısı Anna qəbul etmir. Hər vəchlə onu Leninin gözündən salmağa, bu izdivacın pozulmağına çalışsalar da nail ola bilmirlər. Çünki Lenindən fərqli olaraq, Nadejda onu həqiqətən sevirdi...
V.İ.Lenin isə ailə qurduqdan sonra da "sevgi məcaraları” yaşayırdı. 1909-cu ildə Parisdə İnessa Armandla rastlaşır və bu "tanışlıq” on ilə yaxın çəkir. Hətta Armandla aralarındakı münasibət o dərəcəyə gəlib çatır ki, Nadejda ayrılmaq qərarına gəlir. Bu zaman Armandın yenidən Parisə qayıtması və qəfil vəfat etməsi Nadejdanı ayrılmaq fikrindən döndərir. Əslində Armand da Leninlə eyni yolun "yolçusu” idi. Leninlə tanışlığa qədər bir çox "sevgi məcaraları” yaşayıb. İki dəfə qanunu ərdə olan Armand, birinci dəfə Moskvanın tekstil maqnatının oğlu Aleksandrla ailə qurur. 4 şikəst övladları olan Armand, ərinə qaynı Vladimrlə xəyanət edir və boşanaraq ona ərə gedir. Bir uşaqları olur və Vladimir qəflətən ölür. Armand bundan sonra Lenini "tapır”.
       Bütün bunlar Nadejdanın gözləri qarşısında baş versə də, o, Leninlə ailə həyatını qoruyub saxlamağa çalışaraq, hər işdə ona dəstək olub. Məqalələrini redaktə edib, çıxışlarını yazıb, əsərlərini çapa hazırlayıb və ərinin qayğısına qalıb. Moskvada inqilab qələbə çalana kimi onlar sürgün, həbs və mühacir həyatını da qoşa yaşayıblar. Sənədlərdən aydın olur ki, N.Krupskaya bazedov xəstəsi olduğu üçün ana ola bilməyib. Bazedov xəstəliyi geniş yayılmış endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artmış tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır. Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur. Ən çox 20-50 yaşlarında, xüsusən qadınlarda təsadüf edilir.
...Qarşımda 1920-30-cu illərdə ölkəmizdə çap olunan "Kommunist”, "Şərq qadını”, "Ədəbiyyat” mətbu orqanlarının bir neçə sayı var. O sayları ki, orada Nadejda Krupskaya haqqında saysız-hesabsız məqalələr (əslində mədhiyyələr) çap olunub. (Bu mədhiyyələrdən belə bəlli olur ki, Nadejda dünyaya gəlməsəydi və Leninlə ailə qurmasaydı, SSRİ məkanında yaşayan bütün qadınlar bədbəxt olardılar!!! Maraqlıdır, ömrü boyu xoşbəxtliyə möhtac olan bir qadın başqalarını necə xoşbəxt edə bilərdi?  "Məqalə”lər də Pedaqoji elmlər doktoru, SSRİ EA-ın fəxri üzvü, SSRİ Ali Sovetinin deputatı, Rəyasət Heyətinin üzvü, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinin təltifçisi və s. daha nələrə sahib olan "xoşbəxt”, "bəxtəvər” Nadejda Krupskayadan bəhs edilir. Amma təəssüf, çox təəssüf ki, bunlar Nadejdanı xoşbəxt edə bilmədi. O, xoşbəxt ailə, qayğıkeş ər nəvazişinə, körpə səsinə həsrət qalaraq, 1939-cu ildə ömrünü başa vurdu.  

Qərənfil Dünyaminqızı