• cümə axşamı, 25 aprel, 08:48
  • Baku Bakı 14°C

Sponsorluq, yoxsa xeyriyyəçilik?

01.11.13 10:43 2094
Sponsorluq, yoxsa xeyriyyəçilik?
“Nobel mükafatından heç də əskik olmayan Templton mükafatı da elmə, alimə verilir. Templton da milyarder olub, onun da pulu elmə və mənəviyyata paylanır. Siz indi mənə Şərqdən bir nümunə göstərin ki, kimsə milyonçu olub və indi pullarını bu cür mükafatlar üçün paylayır...”
Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərovdan elə bu günlərdə müsahibə alarkən eşitdiyim bu fikirlər qarşısında xeyli düşünməli oldum. Nə qədər fikirləşdimsə də ağlıma elə bir xeyriyyəçinin adı gəlmədi ki, gəlmədi. Hərçənd əski dövrlərdə adı tarixə yazılan Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Həsən bəy Zərdabi, Ağamusa Nağıyev kimi xeyriyyəçilərimiz olsa da, xüsusən müstəqillik dövründən üzü bəri az qala mikroskopla da axtarsan bu cür adamları tapmaq çətindir. Bəlkə də mümkün deyil. Baxmayaraq ki, o vaxtla müqayisədə indiki iş adamlarının qazandıqları pullar da hesabagəlməzdir...
Xeyriyyəçilik hisslərinin yavaş-yavaş itdiyini görən millət vəkilləri də keçən il bu ənənəni qaytarmaq və “qanunlaşdırmaq” istədilər. Bununla bağlı qanun layihəsinin qəbulu haqda söhbətlər də gündəmə gəldi. Fikirləşdilər ki, bəlkə bu yolla iş adamlarını xeyriyyəçiliyə cəlb etmək mümkün oldu. O mənada ki, ölkəmizdə kifayət qədər zəngin insan var və onlar gəlirlərinin cüzi bir hissəsini xeyriyyəçilik işlərinə sərf edə bilərlər. Məsələn, imkansız tələbələrin təhsil haqqını ödəyə, ağır xəstə olan, müalicəsinə pul tapmayan insanlara yardım edə, yetimlərə, kimsəsizlərə əl uzada, şəhid ailələrinə, evsiz insanlara yardım göstərə bilərlər. Hərçənd təşəbbüs elə söhbət olaraq da qaldı. Yəqin insan humanizmini qanunların müəyyənləşdirə bilməyəcəyini başa düşdülər. Yəni gərək bu insanın qanından, daxilindən gələ, diktə ilə xeyriyyəçilik olmaz. Lap daşdan keçən qanun olsa belə, insanın içində mərhəmət hissi olmasa onu tərpətmək mümkün deyil.
Dünyanın bir çox ölkələrində məşhur idmançılar, aktyorlar müğənnilər, iş adamları üçün xeyriyyəçilik çoxdandır ki, normaya çevrilib. Onlar çox vaxt bunu reklam xətrinə etmirlər. İnsanlıq borcu bilirlər. Sosial məsuliyyət kimi yanaşırlar. Elə təkcə, Beyonceyə növbəti “Qremmi” mükafatı veriləndə müğənninin mərasimə qatılmaması nümunəsini xatırlayaq. Həmin gün pop ulduzun səsi xərçəngli uşaqlara yardım etmək üçün yollandığı Efiopiyadan gəldi. Beyonce “Bəşər övladı üçün bir iş görək. Atılan hər addım önəmlidir. Hər şey özümüzdən başlayır. Biz də burdayıq- deyə bilək” dedi. Əslində müğənninin bu müraciəti illərdir ki, dünyanın bir çox məşhurlarının mənəvi borcuna çevrilib.
Bizim milyonçularınsa hələ bu borcdan xəbər tutmasına çox var deyəsən... Lap adları Forbes-in siyahısında yer alan iş adamlarımız olsa belə... Bəli, bizim də həm xaricdə, həm də içdə imkanlı iş adamlarımız çoxdur. Nə qədər fikirləşirəmsə, onlardan hansınısa ölkədə hər hansı xeyriyyə məqsədilə bir addım atdığını xatırlaya bilmirəm. Məsələn, milyarder Telman İsmayılovu götürək. Adı daim dünyanın məşhur müğənnilərini, modellərini və aktrisalarını dəvət edib, ziyafətlərdə səpələdiyi pullara görə hallanır. Hollivudun ulduzu Cenifer Lopesə qızıl mikrofon və bir milyon dollar bağışlaya bilir, amma özümüz üçün heç bir işə yaramır. Onsuz da pullarını hara xərcləməyi bilməyən dünya ulduzlarının varidatını daha da şişirdirlər. Həmin pullardan xırdaca bir qisminin də Azərbaycan üçün xərclənməməsi təəssüf doğurur. Digər iş adamlarımız da eləcə... Heç biri gözüyaşlı bir yetimin başına sığal çəkməyi, boynubükük bir şəhid balasının dərdinə yanmağı, sökülən bir yola və ya uçulan bir məktəbə vəsait xərcləməyi, ucqar bir kəndin probleminə çarə etməyi, hansısa imkansızın təhsilinə, müalicəsinə kömək etməyi nəinki bacarmır, heç xoşlamırlar da. Amma musiqimizi hörmətdən salan ara müğənnilərinin Biləcəridən o yana keçməyən layihələrinə səxavətlə sponsorluq edirlər. Dəbdəbəli evləri, bahalı maşınları... onlardan əsirgəmirlər. Hansı ki, müğənnilərin çoxu bir toydan 5-10 min qazandıqlarını gizlətmirlər. Yəni onlara edilən sponsorluq daha vacib işlər üçün yönələ də bilər...
İş adamlarımızın bu ölkədə və bu ölkənin adı ilə qazandıqları milyonlar uzaq-uzaq qitələrdə, lap okeanın o tayında qala konsertlərdə kağız parçası kimi səpələnir. Əlbəttə, mənfəətləri olmayacaq yerə pul xərclənmir. Özünüreklam cəhdləri isə “Azərbaycanın təbliği” kimi sırınır. İş ondadır ki, reklama köklənən layihələrə və əxlaqsız müğənnilərə sponsorluq edənlər özlərini “xeyriyyəçi iş adamı” adlandırılar. Yetimxanaları və ya ahıllar evlərini gəzib bir az şirniyyat paylamaq və arxasına kamera salıb hər addımı lentə aldırmaqla, sonra da “paparatsilərdən gizlənə bilmirəm” deyə xəbəri tirajlamaqla “humanist”liklərini sərgiləməyə çalışırlar. Bu reklam üçün də pul xərcləyirlər.
Eləcə də hansı idmançımızın adı indiyədək xeyriyyəçi kimi hallanıb? Yarışlara görə qazandıqları mükafatların sayı-hesabı bilinməsə də, hansınınsa atdığı humanist addımdan kim xəbərdardır? Bahalı maşını ilə “avtoş”luq edib yoldan ötən piyadanın üstündən keçənlərdən xeyriyyəçilik gözlməyə dəyərmi? Futbolçu Leonel Messi UNİSEF-in xoşməramlı səfiri kimi kimsəsiz uşaqlar üçün yatırımlar edir, onların müalicəsindən ötrü hospitalların tikintisinə pul köçürür, vaxtaşırı uşaqlar arasında olur. Bizimkilər lap onun kimi varlı və mərhəmətli olmasalar da, “kasıbın olanından” deyib əllərini ciblərinə sala da bilərlər.
Ancaq bir şərtlə ki, bu, içdən gəlsin. İmkansızların ehtiyacını duya, mənasını dərk edə və sosial məsuliyyətini anlaya biləsən. Onda “sponsorluqla” xeyriyyəçilik də dəyişik düşməz.
banner

Oxşar Xəbərlər