Soyuqluq nigarançılığı
Yağışlı günlər adama düşünmək və yenidən düşünmək
üçün əvəzsiz seçimlər verir. Məsələn, mən heç də ədəbiyyatçı romantikasını nəzərdə
tutmuram. Sözün açığı, bu günə qədər yağışdan filan təsirlənib hansısa şeir,
yaxud hekayə də yazmamışam. Əslində bəlkə də qış fəslində doğulduğumdandır ki, həmişə
qışı və payızı çox sevmişəm. Amma ötən doğum günümdə qarda yıxılandan və diz
qapağım sınandan sonra evdə 4 ay yatanda bir şeyi dəqiqləşdirdim ki, mən deyəsən,
daha nəinki soyuğu sevir, hətta qorxuram da. Ciddi deyirəm.
Amma fəsillərin, ayların, günlərin soyuğundan daha
dəhşətli olan bir şey var, o da insanların soyuqluğudur. Adamın insan soyuqluğu
qədər üzülə biləcəyi şeylər saysızdır, amma mənəvi buzluq niyəsə insanda
qarşısıalınmaz mənəvi get-gəllər və suallar yaradır.
Hərdən düşünürəm ki, niyə bu qədər aqresivik?
Yağışlı günlərdə evə qapanıb qriplə mübarizə aparanda sadəcə kitab oxumaqla
zaman keçirirdim və çalışırdım ki, sosial şəbəkələrdən uzaq durum. Real həyatda
gözəl dövlətimizin layiqli vətəndaşı olmayan insanların bir çoxu sosial şəbəkələrdə
təhlilçiyə, ekspertə, bəzən də politoloqa çevrilir. İnternet tam azaddır və əlbəttə
ki, insanlara heç bir qadağa qoyula bilməz. Bu, öz yerində. Amma düşündürən
odur ki, çoxluq kədər, qəm eyforiyasına bürünüb, insanlarda inanılmaz laqeydlik
var elə bil ki...
Hansısa bir səhifənin xəngəl şəklinin altında
polemika da öz yerində, amma vaxt ayırıb ölkəmiz əleyhinə Tvitterdə kampaniya
aparan ermənilər və onların əlaltısı olan bloggerlərin cavablarını verə bilmərikmi?
Edənlər var və olacaq, amma çoxluqda bu məsuliyyət
şüuru olmalıdır, özü də təcili və təxirəsalınmaz formada. Vətəndaşlıq yalnız şəxsiyyət
vəsiqəsi daşımaqla olmur. Müəyyən dairələrin məkrli planlarına cavab verəcək
bir tvit yazsaq, əlahiddə zaman məfhumundan məhrum olmarıq. Lağlağı dili, hər
şeyi məsxərəyə qoymaq, özünün sanki zamanı yoxmuş kimi bəhanələrə sığınmaq
yaxşı heç nə vəd etmir. Biz vaxt darlığı məsələsindən əvvəllər kitab oxumamaq,
teatr və sərgilərə getməməkdə tez-tez istifadə olunduğunu görmüşük. Amma
smartfon erasında elə ictimai nəqliyyatda getdiyin yerdə hansısa mənfur
saxtakarın böhtanlarına bir vətəndaş kimi cavab yazmaq inanın ki, vaxt itkisi
deyil. Bilirəm ki, bizdə həm də qəribə bir qrup da formalaşır ki, "mənə nə”
deyib, hər şeyə müxalif olmaqla özlərini nihilist və sair adlarla qəlibləyirlər.
Məncə, heç bir ideologiya dövlətçilik şüurundan və vətəndaşlıq anlayışının dərkindən
üstün deyil.
Məni daha çox düşündürən məsələlərdən biri də
yadlaşma tendensiyasıdır. Bəli, biz bilirk ki, "ölənlə ölünmür”. Onsuz da
hamımız öləcəyik, insan ən yaxınını itirsə belə, həyata dörd əlli yapışmalıdır.
Amma elə dəyərlər, itkilər var ki, ona reaksiyasız da qalmaq olmur.
Tendensiyanı şəxsi həyatımda da hiss etmişəm,
başıma gələn ən pis olaylarda belə, bəzi dostların çox anlıq reaksiyaları olub,
bir gün sonra heç kim heç nə ilə maraqlanmayıb. İnsanların borcudurmu? Xeyr, əsla.
Sadəcə, bəlkə də indi özüm daha irrasional olmuşam və qlobal nizamsızlığın hökm
sürdüyü bu çağda can vətənimin insanlarını daha həmrəy görmək istəyirəm. Bəli,
biz aprel döyüşlərindəki tarixi zəfərimizə həmrəy münasibət göstərdik,
ağrılarımızda hamımız bir ola bilirik. Fərdi münasibətlərimizdə də daha
anlayışlı, tolerant və vəhdət olacağımızı da bilirəm.
Ona görə daha müsbət fikirli olmağa çalışıram.
Yaxınlarıma da bunu deyirəm.
Körpələr biz böyüklərdən öyrənir. Onlara mənfi
yüklü bir gələcək ötürmək haqqımız yoxdur.