• cümə, 29 Mart, 17:49
  • Baku Bakı 14°C

Soyuq dağa peşəsinə olan sevgisi ilə qalib gələn müəllim - Örnək

22.11.19 13:00 2059
Soyuq dağa peşəsinə olan sevgisi ilə qalib gələn müəllim - Örnək
Xatın Həsənova: Səhərlər əl-üzümü yuyandan sonra əllərimin donunu açmaq üçün 5-10 dəqiqə sobanın yanından ayrılmıram
Uşaqlıqdan dağlıq yerlərdə müəllim olmağı arzulayıb. "Çalıquşu” filmindən Fəridəni özünə örnək götürüb. Deyir ki, şəhərdə, hətta kəndlərdə belə uşaqların oxuması, təhsil alması üçün hər cür şərait var. Ancaq bu, dağ kəndlərində belə deyil. Dağ kəndlərindəki uşaqlara daha yaxşı təhsil verə biləcəyini düşündüyü üçün soyuğa baxmayaraq, bu cür ərazi seçib.

Müsahibimiz ucqar kənd müəllimi Xatın Həsənovadır.

Xatın Ağcabədi rayonunda anadan olub. Orta təhsilini Ağcabədi rayon Sərvan Quliyev adına Muğanlı kənd tam orta məktəbində alıb. Həmsöhbətimiz kasıb ailədə böyüyüb. Amma kasıbçılıq məqsədlərinə mane ola bilməyib: "13 yaşımda olarkən atam dünyasını dəyişib. Atam olmadığı üçün maddi vəziyyətimiz çox pis idi. Təhsil almaq istədiyimi deyəndə, qohumlar, qonşular inanmırdı. Mənim təhsil almağım, işləməyim onlara imkansız görünürdü. Həm də ailə vəziyyətimizə görə 5-ci sinifdən kənd təsərrüfatında işləyib ailəmə kömək edirdim. Eyni zamanda dərslərimi də yaxşı oxuyurdum”.

Ona təhsil alması üçün ən böyük dəstəyi isə kəndin işıqlarını yoxlayan Rza adlı şəxs verib: "Təhsil almağıma səbəb olan bir insan var ki, ona hər zaman minnətdar olacağam. 10-cu sinifdə oxuyurdum, may ayının sonları idi. Bir gün evimizə rayondan Rza adlı işıq yoxlayan gəldi. İşıqlara baxarkən mənimlə Azərbaycan dilindən sual-cavab etdi. Cavablarımdan sonra anamla danışdı. Mənim hazırlığa gedib-getmədiyimi, ali təhsil alıb-almayacağımı soruşdu. Anam da bunun üçün imkanımız olmadığını dedi. Anamla söhbət zamanı Rza dayı (artıq dayım qədər xətrini istədiyim üçün özünün də istəyi ilə dayı deyirəm) anamı mənim oxumalı olduğuma inandırdı. O məndə bu işığı görmüşdü. Digərləri kimi, təhsil almağıma imkansız bir şey kimi yanaşmadı. Daha sonra mənimlə danışdı, hansı ixtisasa sahib olmaq istədiyimi, bunun üçün kənddə hansı müəllimlərin hazırlıq üçün yaxşı olduğunu soruşdu. Müəllimlərlə əlaqə saxlayıb danışdı. Tarixdən hazırlıq kitablarımı aldı və müəllimə 2 aylıq ödənişi etdi. Düzdür, sonra əlaqə kəsildi. Ancaq Rza dayı anamı inandıraraq əsas işi görmüşdü. Kəndimizdəki müəllimlər ailə vəziyyətimizi nəzərə alıb, məndən az pul götürürdülər. Azərbaycan dili, ədəbiyyat müəllimim isə məndən heç pul almırdı. Beləcə hazırlaşıb imtahan verdim və 473 balla ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına dövlət sifarişi ilə qəbul oldum. Qəbul mesajının gəldiyi gün yadımdadır. Sevincimdən ağlayırdım. Daha sonra məni ödənişsiz hazırlaşdıran Azərbaycan dili, ədəbiyyat müəllimimə zəng vurdum. Ağlaya-ağlaya o qədər təşəkkür edirdim ki...”


- Bakıda həm işləyib, həm də təhsil almısınız. Çətin deyildi ki?
- Bəli, imtahandan sonra işləmək üçün Bakıya gəldim. Düzdür, çətin idi. Qaraçuxurda xalamgildə qalırdım. Universitetə vaxtında çatmaq üçün saat 7-də evdən çıxırdım. 2-nin yarsı dərsdən çıxıb 3-də Bakıxanovda marketə - işimə çatırdım. 11-in yarısına kimi kassada işləyirdim, işdən çıxana qədər saat 11 olurdu. Evə 12-yə qalmış çatırdım. Və bu, hər gün təkrar olunurdu. Beləcə, 1-ci kursda bir kəsirim oldu. 151 manat ödəməli idim. Yay məktəbinə getdim, imtahan verdim, ancaq 151 manatı ödəyə bilmirdim. Filologiya fakültəsinin dekanı Buludxan Xəlilovla danışdım, ödənişi edə bilməyəcəyimi dedim. Buludxan müəllim bir çox müəllimin etməyəcəyi bir hərəkəti etdi və kəsrimin pulunu ödədi. Sentyabrda dərs başlayana kimi işləyib, borcumu ilk dərs günü qaytarmışdım. 4-cü kursda olarkən yenə də işləyirdim. İşlədiyim üçün də müəllimlərin işə qəbul imtahanına hazırlaşa bilmirdim. Ona görə də imtahan vermək istəmirdim, anamın təkidi ilə gecə növbəsi işdən çıxıb səhər imtahana getdim və gözlədiyim kimi, nəticəm az oldu - 39 bal. İmtahandan sonra da satıcı olaraq işlədim. Növbəti il may ayının əvvəlləri kəndimizə gedib hazırlaşmağa başladım. Sosial şəbəkədə müəllimlər üçün ödənişsiz qrup açıb, başqa müəllimlərə də kömək edirdim. 56 bal topladım. Məktəb vaxtımdan arzuladığım kimi, dağ kəndində müəllim oldum.

- Nə üçün məhz dağ yerini seçdiniz. Axı aranda yaşayan biri üçün dağda yaşamaq asan deyil...
- Doğulub boya-başa çatdığım Muğanlı kəndində evimizlə qarşı-qarşıya dağlar görünür. O dağlar erməni işğalı altındadır. Mən dağlara baxıb fikirləşirdim ki, bizim ola-ola, oralara gedə bilmir, gəzib-görə bilmirik. Hər zaman kənardan boylana-boylana qalırıq. Uşaqlıqdan "Çalıquşu”nda Fəridə müəllimənin dağ kəndində uşaqlara təhsil verməsi məni daha da maraqlandırırdı. Dağ sevgim gedə bilmədiyim, işğal altında olan dağlara görə yarandı. Bundan əlavə, şəhərdə, hətta aran bölgələrdəki kəndlərdə belə uşaqların oxuması, təhsil alması üçün hər cür şərait var. Ancaq bu, dağ kəndlərində belə deyil. Oradakı kəndlərdə yaşayan uşaqlar üçün daha yaxşı təhsil vəd edə biləcəyimi düşündüyüm üçün dağa getdim. Yer seçimi edərkən ilk yerə Quba rayon Rəhman Mançadov adına Əlik kənd ümumi orta məktəbini yazdım və istədiyim yerə də qəbul oldum. Kəndin çox gözəl adətləri var. Mən də onların adət-ənənəsini öyrənmişəm, bu qısa müddətdə onlardan biri olmuşam.
- Bəs hansı çətinlikləriniz olur?
- İlk olaraq deyim ki, dağ çox soyuqdur. Bu il bura artıq 2 dəfə qar yağıb. Kimya, riyaziyyat, fizika üçün gələn bir neçə müəllim şəraiti, soyuğu, dağ yolunu görüncə, imtina ediblər. Kəndin insanları dağ havasına alışdıqları üçün onlara soyuq deyil, uşaqlara belə. Amma mənim üçün çox soyuqdur. Dağ yerində şəbəkə yaxşı tutmadığı üçün ailəm mənə zəng edə bilmir. Otağımda telefonu pəncərənin yuxarısına qoyub danışa bilirəm. Telefon səsucaldanda olur, mən isə aşağıdan ucadan danışıram ki, eşitsinlər. Yaxud da çöldə şəbəkə tutan yer axtarıb tapıb danışırıq. Bəzən 5-10 dəqiqə danışa bilmək üçün 5-10 dəfədən çox zəng edirəm. Kənddə qaz yoxdur. Peç yandırmağı öyrənmişəm. Kəndin insanları səhər tezdən oyanmaq üçün axşam da tez yatırlar. Mən də başımı qatmaq üçün toxumaq öyrənmişəm. Su dağdan gəldiyi üçün buz kimi olur. Səhərlər əl-üzümü yuyandan sonra əllərimin donunu açmaq üçün qaldığım ailənin oturduqları otağa gedib 5-10 dəqiqə sobanın yanından ayrılmıram.

- Dediniz ki, kəndin maraqlı adət-ənənələri var. Hansı adətlər sizi təəccübləndirib?
- Kəndin maraqlı adətlərindən biri odur ki, bir nəfərin çox işi varsa, hamı yığışıb kömək edir. Həm bərabər söhbət edirlər, həm də işlərini görürlər. Ev sahibi gələn qonaqlara süfrə açır. Onların maraqlı sosial həyatları olur. Evə gələn qonaq gedəndə, onlara mütləq şirin nə isə hədiyyə verilir. Məclislərdə kişilər ayrı oturur, qadınlar ayrı. Evdə yığıncaq varsa, kişilərə evin kişisi qulluq edir. Yaxud evə qadın qonaqlar gəlirsə, kişi evə gəlmir. Bundan əlavə, kimsə maşın alırsa, qonaqlıq verirlər, bütün kənd həmin evə gedib, təbrik edir. Məclislərdə hər kəs yerdən əyləşir. Üstəlik, gələn bütün qonaqlarla qalxıb görüşmək lazımdır. Qonaq kənarda əyləşibsə, başımızla salam verə bilmirik. Mütləq qalxıb görüşmək lazımdır.
- Yəqin ki, dağ kəndlərində qızların təhsildən yayınma halları çox olur.
- Qızların təhsilə cəlb olunması bir çox kəndlərdə problemli məsələdir. Dağ kəndlərində bu, xüsusilə problem olur. Bizim məktəbdə qızlar 9-cu sinifdən sonra oxumaq istəmirlər. Valideynləri təhsildən yayındırmağa çalışırlar. Misal üçün, kənddə qadın müəllim tək mənəm. Kənddən hər hansı yerdə təhsil alan qız da yoxdur.
- Bəs qızlarla, yaxud valideynlərlə hansısa söhbətlər aparılırmı?
- Gündəlik dərslərimiz zamanı dərsdən əlavə, təhsilin əhəmiyyəti, qızların erkən nikaha cəlb olunması, eyni zamanda şagirdlərimi maraqlandıran müxtəlif mövzularda müzakirələrimiz, söhbətlərimiz olur. Xüsusilə qızlara təhsil almağın üstünlükləri barədə danışıram. Kənddə müxtəlif universitetlərdə təhsil alan oğlan uşaqları olsa da, qız yoxdur. Hətta 9-cu sinfi bitirdikdən sonra oğlan uşaqlarını Xınalıq və ya Qubanın başqa tam orta məktəblərinə göndərsələr də, qız uşaqları bu imkandan məhrumdurlar. Ancaq kənd əhalisinin, müəllim kollektivimizin və xüsusilə uşaqların qadın müəllimə münasibətləri çox yaxşıdır. Ümumiyyətlə, məktəbimizin uşaqları çox tərbiyəli, ağıllı uşaqlardır. Dağ kəndi olmasına baxmayaraq, müəllimlərimiz də çox savadlıdırlar.
-Sonda ənənəvi sualımız: Kənddə başınıza gələn maraqlı hadisəni bizimlə bölüşərdiniz...
- Yaşağıdım ev təpənin üstündədir. Evin arxa tərəfi dərə kimidir. Bu yaxınlarda qar yağmışdı. Əlimdən yerə düşən konfet kağızını götürməyə əyiləndə, dərəyə doğru sürüşdüm. Yaxşı ki, kimsə görmədi, ufuldaya-ufuldaya durdum ayağa, heç nə olmamış kimi gəldim otağıma. Müəllimin yıxılması pis görünər. Ehtiyat edirəm ki, yıxılanda şagirdlərim görməsin.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər