• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

“Soyqırımı”, yoxsa “böyük faciə”

23.04.21 17:00 746
“Soyqırımı”, yoxsa “böyük faciə”
ABŞ prezidenti birincini seçməklə, tək Türkiyəni deyil, bölgəni itirmək təhlükəsi ilə üzləşə bilər
Sabah, aprelin 24-də dünyanın diqqəti Birləşmiş Ştatlara yönələcək. Ağ Evin rəhbəri Co Bayden vəd etdiyi kimi, "soyqırımı” sözünü dilinə gətirəcəkmi? Hadisələrin gedişi göstərir ki, Bayden bu ifadəni dilinə gətirəcək ilk ABŞ prezident kimi tarixə düşəcək. Qondarma soyqırımı məsələsi hazırda tək Türkiyəni sevənləri deyil, onun qüdrətindən, dünyada artan gücündən narahatlıq keçirənlərin diqqət mərkəzindədir. Aprelin 24-də demokrat prezidentin dilinə gətirəcəyi ifadə Türkiyə ilə ABŞ arasında münasibətləri kökündən dəyişə bilər. Daha çox mənfi mənada. Türkiyə mediası da Ağ Evdəki mənbələrinə istinadən bir neçə dəfə bu məsələnin Ankaranın əleyhinə həll olunacağını irəli sürüb. Və proseslərin gedişi də bu qənaəti gücləndirir. Elə Co Baydenin özü də prezident seçilməmişdən öncə verdiyi vədlərdə bu məsələni müsbət həll edəcəyini bildirmişdi. Prezident seçiləndən sonra da bir dəfə də olsun Türkiyə prezidenti ilə əlaqə saxlamaması bu ehtimalı gücləndirir. Lakin nəzərə alaq ki, Baydendən əvvəl seçilən prezidentlər də qondarma soyqırımı tanıyacağı vədini verib. Ermənilərdən istifadə etdikdən sonra isə bu vədi, sadəcə unudub, "soyqırımı" əvəzinə, "böyük faciə" kəlməsini işlətməyə üstünlük veriblər. Lakin bu dəfə vəziyyət bir qədər fərqlidir. Belə ki, ABŞ qanunvericiləri, daha dəqiq ifadə etsək, erməni lobbisinin təsiri altında olanlar Baydenə bu məsələnin ermənilərin xeyrinə müsbət həll edilməsi üçün müraciət ediblər.

"Roma Papasından artıq katolik olmaq”

Bütün bunlarla yanaşı, Baydenin onların sözünə baxıb ermənilərin qondarma soyqırımını tanıyacağı inandırıcı görünmür. Özü də bölgədə indiki kimi mürəkkəb bir durumda. Bayden "soyqırımı" tanıyan ilk prezident kimi tarixə düşməklə Türkiyəni birdəfəlik itirmiş olacaq. Bu, şəksizdir. Və inanmaq olar ki, ABŞ prezidenti erməni yalanına uymayacaq. Daha çox ABŞ maraqlarından irəli gələrək addım atacaq. Türkiyə kimi, tək bölgədə deyil, regionda söz sahibi olan bir dövləti özündən uzaqlaşdırmaq, sadəcə ağılsızlıq olar. Bu addım NATO üzvü olan bir dövlətin ondan uzaqlaşıb Rusiya və Çin kimi dövlətlərlə yaxınlaşmasına gətirib çıxaracaq. Bu isə Birləşmiş Ştatlara sərf etməz. Bir məsələ də var ki, Baydenin dilindən hansı kəlmənin çıxmasına baxmayaraq, tarixi həqiqət deyilən bir məsələ var - o da Türkiyənin haqlı olmasıdır. Rəsmi Ankara dəfələrlə bu məsələnin araşdırılmasını təklif edib, hətta arxivlərini açmağa razı olub. Erməni tərəfi bu fakt qarşılığında hər hansı bir arqument ortaya qoymaqda aciz qalıb. Bunu ABŞ-ın prezidenti Co Bayden də də bilməmiş deyil. Əslində belə götürdükdə, qondarma soyqırımı tanımaq heç Ermənistana sərf də etmir. Hazırda baş nazir Nikol Paşinyan ölkəsini xaosdan qurtarmaq üçün yeni-yeni layihələr, o cümlədən Türkiyə ilə münasibətləri bərpa etmək barədə düşünür. Belə bir durumda Baydenin Roma Papasından artıq katolik olub qondarma soyqırımı tanıması heç yerinə düşmür. Bununla Ermənistanın qazancdan çox, itkilərinin olacağı şəksizdir.

Baydenin qərarı NATO-Türkiyə müttəfiqliyinə də ziyan vurar

Erməni saytları Amerikanın nüfuzlu "The New York Times” qəzetinə və CNN televiziya kanalına istinadən yazırlar ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də "erməni soyqrımını” tanıyan açıqlama yayacaq. İddia olunur ki, ABŞ prezidenti ermənilərin 1-ci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında "kütləvi öldürülməsini" soyqırımı aktı kimi tanıya bilər. "The New York Times” yazır ki, bu addımın Türkiyəni qəzəbləndirəcəyi, NATO-nun iki üzvünün onsuz da gərgin münasibətlərini daha da pisləşdirəcəyi gözlənilir. "Bir il öncə Co Bayden hələ namizəd olanda Osmanlı hakimiyyətinin son illərində öldürüldüyü iddia olunan erməniləri yad edib, bu "qırğını" genosid kimi tanıma cəhdlərini dəstəkləyəcəyini söyləyib. Türkiyə həmin dönəmdə bir çox erməninin Osmanlı qüvvələri ilə toqquşmalarda öldürüldüyünü qəbul etsə də, rəqəmin az olduğunu, həmin hadisənin soyqırımı olmadığını bəyan edib. 2019-cu ildə ABŞ Senatı sözügedən hadisəni genosid kimi tanıyan, amma hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. O zaman bu addım Türkiyəni dərindən qəzəbləndirmişdi. ABŞ prezidentləri onillər boyunca "genosid” sözünü işlətməyiblər. Türkiyə ilə münasibətlərin korlanacağı səbəbi burada rol oynayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə münasibətləri yaxşı idi. Amma Bayden yanvarın 20-dən prezident kürsüsünə keçəndən Ərdoğanla danışmayıb. Bayden qondarma erməni soyqırımını tanıyarsa, NATO müttəfiqlərinin əlaqələrinə daha da ziyan vurar”, - deyə qəzet yazır. Əlavə edir ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu aprelin 21-də deyib: "Birləşmiş Ştatlar münasibətlərimizi pisləşdirmək istəyirsə, özləri bilər”. Öz növbəsində prezident Rəcəb Tayyib Ərdoğan ötən gün bəyan edib ki, qondarma erməni soyqırımı iddiası qarşısında həqiqətləri müdafiə edəcəyik. Prezident yanında Məşvərət Şurasının toplantısında qondarma erməni soyqırımının növbəti ildönümü yaxınlaşdıqca, bu məsələ ətrafında cərəyan edən proseslər də müzakirə olunub. "Qondarma erməni soyqırımı yalanına və siyasi hesablaşmalarda bu iftiranı müdafiə edənlərə qarşı həqiqətləri müdafiə etməkdə davam edəcəyik”, - R.T.Ərdoğan vurğulayıb.

Qərb mediası – Bayden qondarma soyqırımını tanıyacaq

"The Wall Street Journal” da yazır ki, Bayden aprelin 24-də qurbanların anım mərasimində çox güman ki, "soyqırımı” sözünü işlədəcək. Məsələdən agah üç mənbə də nəşrə bunu bildirib. Ağ Evin sözçüsü Con Psaki jurnalistlərə söyləyib ki, məsələ haqda şənbə günü "daha çox şey danışacaq”, amma detalları açıqlamayıb. Dövlət Departamenti şərh üçün müraciətə cavab verməyib, Ağ Evin Milli Təhlükəsizlik Şurası da Psakinin dediyindən əlavə nəsə bildirməyib. Nümayəndələr Palatasından Adam Şif hər iki partiyanı təmsil edən 100 konqresmenlə birlikdə bu həftə Baydenə məktub yazaraq onu seçki kampaniyası vədinə əməl etməyə, "onillərin səhvini düzəltməyə” çağırıb. Avrasiya Qrupu tədqiqat və konsaltinq firmasının təsisçisi Yan Bremmer "Reuters”ə deyib ki, Ərdoğanın Baydenin gözlənən addımına reaksiyası məhdud ola bilər. "Ərdoğan, çətin ki, Birləşmiş Ştatları Türkiyənin zəif iqtisadiyyatına bundan artıq ziyan vura biləcək addımlara təhrik etsin”, – o vurğulayıb. Vaşinqtondakı Yaxın Şərq İnstitutunda Türkiyə proqramının direktoru Konul Tolun fikrincə, Ərdoğanın təzyiq vasitələri azalıb və onun reaksiyası elə də güclü olmaya bilər. "Bayden Türkiyə daxil olmaqla, dünyada insan haqları pozuntularını vurğulayıb, amma ritorikadan o yana keçməyib. İndi onun üçün daha az risklə insan haqlarını müdafiə etmək şansı yaranıb”, – Tol "The Associated Press”ə deyib.

"Qırmızı cizgilər” keçilərsə

Beləliklə, aprelin 24-də qondarma soyqırımı tanınarsa, proseslər necə inkişaf edəcək? Görəsən Bayden ABŞ prezidentləri kimi qondarma soyqırımı ifadəsi işlətməyib, bunu böyük faciə kimi qələmə verəcək və Türkiyə ilə strateji müttəfiqliyi qorumağa üstünlük verəcəkmi? Düzdür, Bayden administrasiyasının Türkiyəyə qarşı siyasətində müəyyən problemlər var və bir neçə ildir ki, iki ölkə arasında soyuq rüzgar əsir. Amma buna baxmayaraq, qırmızı cizgilər var ki, ABŞ bunu keçmir. 24 apreldə Baydenin soyqırımı ifadəsini işlətməsi Vaşinqtonla Ankara arasında böyük diplomatik qalmaqala gətirib çıxaracaq. Hətta bu səbəblə Türkiyə ABŞ-dakı səfirini də geri çağıra bilər. Bu, artıq ABŞ-ın Türkiyəni müttəfiq görmədiyi yanaşması olmaqla bərabər, həm də türk dövlətləri ilə əlaqələrə ağır zərbə ola bilər. ABŞ-ın Yaxın Şərqdəki maraqları Türkiyə ilə uzlaşır, onlar Suriyada müəyyən mənada koordinasiyalı fəaliyyət göstərirlər, hazırda yeni bir dünya nizamı formalaşır. Bu strateji əməkdaşlıqdan sonra ABŞ-ın soyqırımı ifadəsi işlətməsi rəsmi Vaşinqtonun özünə ziyandır. Həmçinin bu, Amerikanın regional maraqlarına qarşı gəlmək kimi də qiymətləndiriləcək.
Yeri gəlmişkən, sonda onu da qeyd edək ki, qardaş Türkiyə ilə yanaşı, Azərbaycanda da hər il "görəsən ABŞ prezidenti "erməni soyqırımını” tanıyacaqmı” sualı gündəm olur. Lakin Azərbaycan dövləti bütün məsələlərdə olduğu kimi, bu məsələdə də birmənalı şəkildə Türkiyənin yanında olub, olacaq da. Azərbaycan heç bir halda Türkiyə əleyhinə belə bir qərarın qəbul edilməsini qəbul etməz, bunu özünün əleyhinə qəbul edilmiş qərar kimi qiymətləndirər. Bu məsələdə Azərbaycan və Türkiyə ortaq mövqedən çıxış edir. Bunu tarix də sübut edib. Xüsusilə, prezident İlham Əliyevin "Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 2014-cü ildə keçirilmiş yubiley tədbirində nümayiş etdirdiyi mövqeni diqqətdən qaçırmamalıyıq. O vaxt Ermənistanın prezidenti olan Serj Sarkisyan sammitdəki çıxışında "erməni soyqırımı” haqda əsassız fikirlər səsləndirəndə, prezident İlham Əliyev onun cavabını artıqlaması ilə verdi. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsi idi. Biz, xüsusilə Vətən Müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana yüksək səviyyədə mənəvi və siyasi dəstəyini gördük. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dostluğu sarsılmazdır və Türkiyəyə qarşı atılan istənilən addım Azərbaycana qarşı addım kimi qəbul edilir. Aprelin 24-də Baydenin dilindən "soyqrımı” ifadəsinin işlədilməsi həm Türkiyə-ABŞ, həm də Azərbaycan-ABŞ münasibətlərinin kəsin şəkildə pozulmasına gətirib çıxara bilər. Bu da ABŞ-ın regiondakı siyasəti üçün çox təhlükəli tendensiyadır. Bunu ABŞ-ın hərbi siyasi rəhbərliyi analiz etməli, qiymətləndirməli, ABŞ-ın maraqları erməni millətçilərinin maraqlarına qurban verməməlidir. Əlbəttə, Türkiyə ilə yanaşı, Azərbaycan da dəyişən Amerika prezidentlərinin yanlış addım atmamağını istəyir. Ancaq belə baxanda, tanısa nə olacaq ki? Bir sıra ölkələrin parlamentləri "erməni soyqırımını” tanıyıb. Bu, nəyisə dəyişibmi? Həmin ölkələrin Türkiyə ilə münasibətlərinə parlamentlərinin "soyqırımı” qərarı təsir etməyib, unudulub gedib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər