• cümə, 19 Aprel, 21:57
  • Baku Bakı 24°C

«Sovetski», «Kubinka», “Sirk”in ətrafı... Müsahibə

26.06.13 09:03 4949
«Sovetski», «Kubinka», “Sirk”in ətrafı... Müsahibə
Paytaxtın müxtəlif ərazilərində söküntü işlərinin aparılması, müəyyən məhəllələrdə evlərin sökülməsi planları ilə bağlı səslənən fikirlər sakinlərin narahatlığına səbəb olur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev “Kaspi”nin redaksiyasında olarkən səslənən fikirlərə aydınlıq gətirməklə yanaşı, şəhərin Baş Planında nəzərdə tutulan layihələrdən də söhbət açdı.
2030-cu ilə qədər
- Böyük Bakının Regional İnkişaf Planı nə deməkdir?
- Bu plan Azərbaycan hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına işlənir. Proqram təbii ki, təkcə bizim mütəxəssislərin icrası ilə reallaşa bilməz. Əvvəla, ona görə ki, bizim mütəxəssislərin təhsili sovet şəhərsalma prinsipləri əsasında qurulmuş təhsil proqramına uyğun və işlədikləri mühit, şəhərsalma ilə bağlı məsələlər sovet sosialist birgə yaşayış prinsiplərinə uyğun formalaşıb. Bizim ölkədə memarlıq fəaliyyəti ilə bağlı çoxlu sayda tanınmış insanlar olsa da, onlar əsasən həcm memarlığı ilə bağlı püxtələşmiş mütəxəssislərdir. Şəhər memarlığı ilə bağlı ixtisaslaşan memarlarımız çox azdır. Ancaq bir məsələ ortaya çıxdı ki, xarici mütəxəssislər bu sahədə nə qədər peşəkar olsalar da, mövcud vəziyyəti qiymətləndirmək üçün buna çox uzun müddət vaxt lazımdır. Onlar tenderlə seçilib bura gələndə də məlum oldu ki, bu məsələdə yerli mütəxəssislərin köməyindən istifadə etməyə məhkumdurlar. Bununla əlaqədar BBRİP-nin işlənməsi üçün koordinasiya təşkilatının tapılması lazım idi. Belə qərara gəlindi ki, əsas lokomotiv ərazi Bakı olduğundan Bakı Dövlət Layihə İnstitutu koordinator kimi seçilsin. Bu seçim çox uğurlu oldu. Çünki onun hazırladığı hesabat hətta Dünya Bankının nümayəndələri tərəfindən də yüksək dəyərləndirildi. Eyni zamanda, komitə planlaşdırma məsələləri ilə bağlı italyan mütəxəssislərə, iqtisadi məsələlərlə bağlı amerikalı mütəxəssisə, ekoloji məsələlərlə bağlı İspaniyanın xüsusi bir şirkətinə üstünlük verdi. Bakı, Sumqayıt və Xırdalanın Baş Planı var. Amma indiyə qədər işlənilən Baş Plan təkcə prinsiplərinə görə yox, həm də ərazi nöqteyi-nəzərindən bir-birindən fərqlənir. Bu ərazilər kompleks baxış tələb edirdi. Bu baxımdan, təqdim olunan sənəddə söhbət təkcə Bakıdan getmir. Bu, Bakıətrafı kəndləri, qəsəbələri, eyni zamanda Sumqayıt və Xırdalan şəhərlərini əhatə edəcək. Demək, bütövlükdə Abşeronu əhatə edən bir ərazi planlaşdırma sənədi olacaq.
- Plana əsasən hansı dəyişikliklər həyata keçiriləcək?
- Biz dəyişiklikdən əvvəl mövcud vəziyyəti qiymətləndirməliyik. Yadınızdadırsa, plan başlayar-başlamaz, paytaxtın başqa yerə köçürülməsi ilə bağlı fikirlər vardı. Bakının öz potensialı axıra qədər öyrənilmədən, onun köçürülməsi fikrinin irəli sürülməsi yanlış düşüncədir. Araşdırmalar göstərdi ki, nəinki Böyük Bakı dediyimiz ərazi, heç Bakı şəhərinin özünün də potensialı tam istifadə olunmur. Çünki Bakı şəhərinin öz ərazisi və onun ətrafı azmərtəbəli evlərlə çox yüklənib. İndikindən 5 dəfə artıq əhalini Bakıda yerləşdirmək və onlar üçün münasib şərait yaratmaq olar. Digər bir məsələ isə İnkişaf Planının əhatə etdiyi ərazinin tərkibində çox böyük həcmdə vaxtilə sənaye məqsədilə istifadə olunan, amma əslində həm də bu məqsədlə istifadəsi səmərəli olmayan ərazilər var. Məsələn, mədən ərazilərində hasilat çox cüzidir, ancaq ərazi yaşayış üçün yararlı deyil. Təəssüf ki, qaçqın, köçkün dalğası ölkəmizi bürüyən vaxt həmin mədən ərazilərinin bir xeyli hissəsi insanlar tərəfindən fərdi ev tikmək yolu ilə mənimsənilib. Hətta, bəzi icra hakimiyyəti orqanları və bələdiyyələr bu işdə fəallıq göstəriblər. Hətta onlar fürsətdən yararlanıb, insanların ərazinin ekoloji durumundan xəbərsiz olmasından istifadə edərək onların yerləşməsinə şərait yaradıblar. Təbii ki, bu, heç də rəhmdillikdən irəli gəlməyib. Hətta onlardan müəyyən rüsumlar almaq yolu ilə də reallaşıb. İndi bu da ciddi problemə çevrilib. Bəlli olub ki, həmin ərazilərin sənaye təyinatından çıxarılması bu gün ən vacib məsələlərdən biridir.
- Söz düşmüşkən, nə üçün bizdə salınan parklar daha çox mərmərlə örtülür, yaşıllığa az fikir verilir?
- Bu, çox maraqlı məsələdir. Bizdə ərazi abadlaşdırılması ilə landşaft arxitekturasının qarışdırıldığı məqamlar var. Ladşaft arxitektura milli arxitekturanın tərkib hissəsi olmalıdır. Yəni söhbət təkcə insanların gəzdiyi səthin mərmər və ya hansısa qiymətli daşla örtülməsindən getmir. Daha çox təbii iqlim mühitinin ekoloji cəhətdən yüksək olması haqda düşünülməlidir. Bu baxımdan söküləcək ərazilərdə yaşıllıq salınması nəzərdə tutulub. Həmin 1550 hektarlıq ərazi memarların təqdim etdiyi konsepsiyaya görə 2030-cu ilə qədər boz mühitdən yaşıl mühitə çevriləcək. Belə ki, «Sovetski»də boşaldılan ərazinin hamısının yaşıllıqla örtülməsi nəzərdə tutulur. Sarayın arxasındakı Qış bulvarının üzüyuxarı davam edərək Milli Dram Teatrının arxasının da yaşıllaşdırılması nəzərdə tutulub. Orda memarlıq nümunələrini saxlamaqla canlı park yaratmaq mümkündür.
Hara abadlaşdırılacaq?
- Qaraşəhərin Ağ Şəhərə çevrilməsi layihəsi nə vaxt reallaşacaq?
- Hal-hazırda Qaraşəhərin daxilində mövcud olan sənaye müəssisələrinin nisbətən cənuba köçürülməsi, Abşeronda sənaye müəssisələrinin azaldılması nəzərdə tutulub. Böyük Bakının ərazisi təxminən 250-300 min hektar, təkcə Bakının ərazisi isə 210 min hektara qədər ərazi olacaq. Bunun təxminən yarısı Qaradağ rayonunun ərazisidir. Hazırda Qaradağın da başqa rayonlar kimi sənaye müəssisələri və əhali ilə təmin olunması əsas məsələdir. Qaradağ, Sumqayıt və Balaxanıda texnoparkların yaradılması nəzərdə tutulub. Şəhərsalma həm də məşğulluq məsələsini təmin etməlidir. Qaraşəhər zonasında ləğv olunan zavodların işçilərinin yeni iş yerləri ilə təmin olunması məsələsi də gündəlikdə dururdu. Eyni zamanda, köçürüləcək müəssisələrlə yanaşı, orada çalışan insanlar haqqında da düşünmək lazım idi. Ona görə burada çox böyük yaşayış massivinin salınması da zərurət kimi gündəlikdədir.
Bundan sonra təbii ki, şəhərin inzibati bölgüsünə də baxmaq lazım gələcək. Çünki vaxtilə Xəzərətrafı zonanın kurort məkanına çevrilməsi planı olub. Həmin ideyanın yenidən dirçəlməsi planı öndə durur. Bakıətrafı kəndlərin indiyə qədər malik olduğu strukturu əsas saxlamaqla onların gələcək inkişafını öz təbii axarına buraxmaq nəzərdə tutulub. Ola bilsin ki, hansısa boş ərazidə – Hövsanda, Dübəndidə və s. ayrıca şəhərcik salmaq mümkündür.
Bütün bunların fonunda şəhərdəki infrastruktur yeniləşməlidir. Bakının mərkəzində mövcud olan dəmir yolu vağzalında xətlərin azaldılması nəzərdə tutulub. Yəni Bakının içərisinə çox sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur. İki xətt saxlanılarsa, bu, məqsədəuyğun olar. Bu da şəhərin içərisindəki ekoloji ab-havanı yaxşılaşdırmaq məqsədi daşıyır. İndi bizdə ağızlarda tez-tez «hara söküləcək?» ifadəsi gəzir. Ancaq mən istərdim ki, bu fikir «hara abadlaşdırılacaq?» sözləri ilə əvəz olunsun. Yeni qəbul olunan məcəllədə abadlaşdırılma artıq çox vacib fəaliyyət sahəsi kimi öz əksini tapıb. Abadlaşdırma artıq hansısa icra qurumunun özfəaliyyəti kimi olmayacaq. Hansısa icra hakimiyyəti və ya bələdiyyə abadlaşdırma haqqında qərar qəbul edərkən bunu komitə ilə razılaşdırılmış şəkildə həyata keçirəcək.
- Müfəssəl Planlaşdırma Layihəsi hələlik hansı ərazilər üçün nəzərdə tutulub?
- İnkişaf Planı həyata keçirilən zaman tikinti fəaliyyətini dayandırmamaq məqsədilə Bakının mərkəzi hissəsinin – 1550 hektarlıq ərazisinin Müfəssəl Planlaşdırma Layihəsi hazırlanır. Müfəssəl plan konkret ərazidə hansı hündürlükdə və ölçülərdə, o cümlədən hansı təyinatlı tikili ola biləcəyini göstərir. Bu, müəyyən mənada reqlament sənədidir. Bu ərazidə 160-170 hektarlıq yaşıllıq, küçə və yolların sahəsinin 30-35 faiz artırılması, həmin ərazidə tarixən formalaşan mədəni-memarlıq mühitinin saxlanılması vacib məsələdir. Çünki şəhərsalmada varisliyin gözlənilməsi çox vacibdir
«Sovetski», «Kubinka» və “Sirk”in ətrafı
- Şəhərin müxtəlif ərazilərində - Xutorda, Babək prospektində evlərin sökülməsini Ağ Şəhər layihəsi ilə əlaqələndirirlər. Hətta, Füzuli meydanındakı “Beşmərtəbə”nin də söküləcəyi deyilir.
- İki nöqsanlı fikir yayılıb. Biri azmərtəbəli evlərin, daha sonra beşmərtəbəli evlərin sökülməsi ilə bağlı idi. Əvvəla, burada kütləvilik yoxdur. Sökülmə baş verəndə 16 mərtəbəli bina da sökülür. Məsələn, keçmiş “Karl Marks abidəsi” ərazisindəki 16 mərtəbəli bina kimi. Sökülmə heç də mərtəbə ilə bağlı deyil. Söhbət panel beşmərtəbələrdən gedir. Onları söküb yerində yeni bina tikmək də olar, rekonstruksiya etmək də. Ümumiyyətlə, bir var infrastrukturun formalaşması ilə bağlı söküntü olsun, bir də var abadlaşma məqsədilə bağlı. İnfrastruktur yaratmaq üçün abadlaşma planı nəzərdə tutulan ərazinin biri “Sovetski”dir. O evlər sökülür ki, onlar yaşayış üçün normal şəraiti təmin edə bilmir və təhlükəlidir. Yəni o ərazinin boşaldılması orada yaşıllıq salınmaqla, şəhərin gözəlliyini artırmaqla bərabər, daha çox həmin ərazidə yaşayan insanlar üçün daha normal şəraiti təmin etmək məqsədi daşıyır. Babək prospektində də infrastrukturla bağlı aparılan söküntülərdir.
- Konkret olaraq Bakıda yaxın vaxtlarda hansı ərazilərin söküləcəyi planlaşdırılır?
- Sökülmə planı olan ərazilər – «Sovetski», «Kubinka» və “Sirk”in ətrafıdır. Ola bilər ki, bu ərazilərin sökülməsi 1 il, 5 il və ya 10 ildən sonra baş versin. Əsas odur ki, bunlar planda var. İnkişaf Planı və Baş Plan təsdiqlənəndən sonra onların reallaşması üçün müvafiq tədbirlər planı təsdiq olunacaq. Dəqiq müddəti yalnız onda demək olar.
- Keşlə qəsəbəsinin necə, sökülmək ehtimalı varmı?
- Hələ Keşlənin Müfəssəl Planı yoxdur. Hansı ərazinin belə planı varsa, yalnız onlar söküləcək. Bu plan da 2030-cu ilə ədər nəzərdə tutulur. Yeni abadlaşdırma layihəsi işlənəndə yerin altında dayanacaqlar da nəzərdə tutulur. Ola bilsin ki, bəlkə hansısa bir yeni təklif də meydana çıxsın. Ona da müvafiq yanaşmalar ola bilər.
- Sürüşmə zonaları ilə bağlı hansı işlərin görülməsi planlaşdırılır?
- Hansı ərazinin sürüşmə zonası olacağı Baş Planda öz əksini tapacaq. Ümumiyyətlə, sürüşmə və ya ekoloji cəhətdən çirklənmiş zonalar yaşayış üçün yasaq sayılan zonalardır. Amma elə zonalar var ki, onu qorumaq olur. O, sürüşmənin dərəcəsinə baxır. Ərazinin abadlaşması işlənəndə, eyni zamanda, ərazinin mühafizəsi ilə bağlı texniki həllər nəzərdə tutulur. Sürüşmə zonasında ev tikmək olar, amma bu, çox baha başa gələr. Belə ki, binanın tikintisinə sərf olunan xərcdən dəfələrlə çox mühafizə tədbirlərinə xərc çəkmək lazımdır. Əhmədlidə, Günəşlidə yağış suyunun nəticəsində binalara yaxın ərazilərdə sürüşmə baş verdi. Çünki vaxtilə həmin ərazilərdə sürüşmədən mühafizə məqsədilə nəzərdə tutulan mühəndisi tədbirlər görülməyib. İşə qeyri-peşəkar yanaşmanın nəticəsində bəzən sürüşmə riski olmayan ərazidə də sürüşmə əmələ gələ bilər. Sürüşmə zonalarına o qədər də ciddi təhlükəli zonalar kimi baxmaq olmaz. Bu ərazilərdə müvafiq mühəndisi tədbirlər görməklə dövriyyəyə cəlb etmək olar.
- Səhv etmirəmsə, Bakının Baş Planı bu ilin sonuna qədər hazır olmalıdır...
- Layihənin icra müddətinin 2013-cü ilə başa çatdırılması nəzərdə tutulub. Ancaq Baş Planı işləyəndə, bizim aidiyyəti qurumlar – müvafiq icra hakimiyyəti orqanları bu prosesə daha çox seyrçi mövqe nümayiş etdirdilər. Onlar iştirak etsəydilər, bu iş daha tez başa gələrdi. Biz mütəxəssislərin təklif etdikləri ideyaların üzərində dayandıq. Həmçinin ictimai müzakirə təşkil etdik. Burada memarlarımız çox fəal iştirak etmədilər. Hazırda həmin konsepsiyanın əsas göstəriciləri aidiyyəti nazirliklərə, komitələrə və s. qurumlara göndərilir, onların təklifləri yenidən alınır. Ola bilsin ki, gələn ay konsepsiyanın rəsmi müzakirəsi təşkil olunacaq. Bundan sonra müvafiq dəqiqləşdirmə aparılıb təsdiq olunmaq üçün təqdim ediləcək.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər