• çərşənbə axşamı, 23 aprel, 15:08
  • Baku Bakı 24°C

Sovetlərə sədaqətinin mükafatı “xalq düşməni” olan Bala

11.11.17 16:15 2377
Sovetlərə sədaqətinin mükafatı “xalq düşməni” olan Bala
1920-ci ilin mayın 26-dan 31-ə kimi Gəncədə sovet işğalına qarşı xalq üsyanı baş verib. Bu üsyanın amansızcasına yatırılmasında Gəncə quberniyası üzrə fövqəladə komissar Həmid Sultanovla yanaşı, onun müavini, Müvəqqəti İnqilab Komitəsinin Gəncə quberniyası üzrə fövqəlaadə komissarının şəxsi müvəkkili və Gəncə qəza milis rəisi Bala Əfəndiyev də çox böyük "fədakarlıq” göstərmişdi.
Bütün həyatını Azərbaycanda və Zaqafqaziyada sovet hakimiyyətinin qurulması və möhkəmlənməsi, sosializmin qələbəsi işinə həsr etmiş Bala Əfəndiyevi sonda canını fəda etdiyi hökumət "xalq düşməni” elan etdi. 1937-ci ilin qurbanı olan Bala, o günəcən bir necə dəfə ölümün bir addımlığından möcüzə nəticəsində geri dönsə də, ölüm qorxusu nə onu, nə də ömür yoldaşı Fatma xanımı sovetlərə olan sevgidən döndərə bilmədi. "Hacı Əli” adı ilə gizli işləyən Bala Əfəndiyev 1920-ci ilin aprelində milli hökuməti silah gücünə süquta uğratmaq üçün S.Şaumyan, C.Orconikidze, S.M.Kirov, A.Mikoyan, H.Sultanov, L.Mirzoyan və başqa bolşeviklərin "sağ əli” rolunu oynadı. Bəs əslində bu "sağ əl” olan Hacı Əli kim idi?
Sovet dövrü tədqiqatlarında "adi fəhlədən rəhbər partiya və dövlət xadimi səviyyəsinədək yüksələn, Lenin, Stalin ideyalarının təntənəsi uğrunda mübarizə aparan” inqilabçı kimi təqdim olunan Bala Əfəndiyev 1893-cü ildə Qazax rayonunun Çaykənd kəndində (hazırda Ermənistanın Krasnoselski rayonu) dünyaya gəlib. Atası İbrahim kişi din adamı olub. O, Bala dünyaya gəlməmişdən iki-üç ay əvvəl qəfil dünyasını dəyişib. Balanın təlim-tərbiyəsi ilə anası Yaqut xanım, atalığı Əhməd Əlioğlu, əmiləri Molla Məhəmməd və Əhməd məşğul olub. İlk təhsilini molla yanında alan Bala 1907-ci ildə Çaykənddə açılan rus məktəbinin hazırlıq sinfinə gedir. Bir il sonra əmisi Molla Məhəmməd Balanı Qazax şəhərində dördsinifli rus məktəbinə qəbul etdirir. Bala həmin məktəbdə 1908-ci ildən 1912-ci ilə kimi oxuyur.
Məktəbi əla qiymətlərlə bitirən Bala nə Qazaxda, nə də öz kəndlərində iş tapmayıb, üz tutur Bakıya. Bu böyük şəhərdə Balanın çətin günləri başlayır. Bir necə ay işsiz güzəran keçirən Balanın ilk iş yeri Sabunçu rayonunda, Zabratdakı "Molot” zavodunda fəhləlik olur. İş çox ağır olsa da, Bala hər şeyə dözməyə məcbur idi. Bir müddətdən sonra nisbətən savadlı olduğu üçün onu iş icraçısı götürürlər. Rus dilini yaxşı bildiyinə görə, 1916-cı ildə Bala Balaxanıda "Avropa şirkəti”nin neft mədənlərində gecə növbətçisi vəzifəsi ilə təmin edilir. 1917-ci ildə nisbətən iş şəraiti və maddi vəziyyəti yaxşılaşan Bala, inqilabçı fəhlələrə qoşulur və bununla da sakit həyatına son qoyur...
1917-ci il yanvarın 16-da Sabunçuda fəhlələrin gizli yığıncağı gecirilir. Yığıncaq sona çatar-çatmaz bütün iştirakçıları həbs edilir. Bir necə aydan sonra həbsdən azad olan Bala Əfəndiyev Balaxanı-Sabunçu rayon partiya təşkilatında bolşeviklərdən B.Sərdarovun və Q.Ağasiyevin zəmanəti ilə RSDF(b) Partiyası sıralarına qəbul edilir və ömrünü "Lenin partiyasının işi uğrunda mübarizəyə” həsr edən Bala həyatını məhvə doğru istiqamətləndirir.
Bakıda keçirilən nümayiş və mitinqlərin ən qabaqcıl nümayəndəsinə çevrilən Bala Balaxanı, Sabunçu, Zabrat və Ramana rayonuna mədən-zavod komissarı təyin edilir. Bu təyinat onu S.Şaumyan, M.Əzizbəyov kimi bolşeviklərin "mühüm tapşırıqlarının” icraçısına çevirir. O, illər sonra yazırdı: "Mən bu müddət ərzində S.Şaumyan, A.Caparidze, M.Əzizbəyov, A.Boryan, H.Sultanov, A.Mikoyan, B.Sərdarov, A.Karinyan və başqa bolşevik yoldaşlarla birlikdə işləmişəm”.
1918-ci ilin yanvarında bəy və mülkədarlara qarşı silahlı üsyan qaldırmaq haqqında S.Şaumyan göstəriş verir. Onun göstərişi ilə qırmızı partizan dəstələrinin silahla təchiz edilməsi işi birbaşa kommunist M.Əliyevə və B.Əfəndiyevə tapşırılır. Üsyan yanvarın 6-da başlayır və bir gecədə 75 nəfər bəy ailəsi ilə birlikdə öldürülür, mülkləri talan edilir.
...Azərbaycanda Sovet hakimiyyəti qurmaq uğrunda mübarizə aparan "Hacı Əli” ləqəbli Bala Əfəndiyev 1918-ci ilin 15 sentyabrından sonra gizli şəkildə milli hökumətin əleyhinə təbliğata başlayır. Cəmi bir həftə sonra türk əsgərləri tərəfindən "iş başında” yaxalanaraq həbs edilir. Vətənə xəyanətdə günahlandırılaraq, ən ağır cəzaya, ölümə məhkum edilir. Amma bu cəzadan canını qurtara bilir. Bu haqda T.Miralayev "Bala Əfəndiyev” adlı kitabında yazırdı: "Balaya dar ağacından asılmaq yolu ilə ölüm cəzası vermək hökmü çıxarılmışdı. 1918-ci il oktyabrın axırlarında Bala Əfəndiyev ölüm hökmü yerinə yetirilmək üçün Bakıdakı Quba meydanına gətirildi. Meydan adamla dolu idi. Balanın əmisi Molla Məhəmməd də burada idi. Bu zaman türk və müsavat qoşunları ilə Qazaxdan Bakıya gəlib Bakıya qubernator təyin edilən və Bala Əfəndiyevin inqilabçı-bolşevik olduğunu bilən İsfəndiyar bəy Muradov da burada idi. Türk paşası Mürsəl və İsfəndiyar bəy Muradov hündür kürsüyə çıxıb, kimin dar ağacından asılacağını elan edərkən Bala Əfəndiyevin əmisi Molla Məhəmməd bir an belə itirməyib, paşadan söz alıb deyir: "Hörmətli paşa, mən and içməyə hazıram ki, bu dar ağacının altında dayanan "Hacı Əli” deyil, mənim qardaşım oğlu Bala Əfəndiyevdir.
İsfəndiyar bəy Muradov Bala Əfəndiyevi yaxşı tanıdığına baxmayaraq, Balanın təxəllüsünün "Hacı Əli” olduğunu bilmirdi. Molla Məhəmməd meydanın yaxınlığındakı məsciddə dəstəmaz alıb, Qurana əl basdıqdan sonra türk paşası Bala Əfəndiyevin dar ağacından asılmasını təxirə salır və onun Bakıda yaşamaq hüququnu əlindən alaraq, Azərbaycan qəzalarına sürgün edir”.
Əmisi Molla Məhəmməd Balanı Çaykəndə gətirir. Burada Balanın sağlamlığında ciddi fəsad yaranır. O, əsəb xəstəliyinə düçar olur. Bu azmış kimi, onun ayaqları da tutulur. Bir müddət müalicə alan Bala yaxın və uzaq kəndləri qoltuq ağacı ilə gəzərək, yenidən gizli şəkildə inqilabi fəaliyyətini davam etdirməyə başlayır. O, "Hümmət” təşkilatının təklifi ilə 1919-cu il sentyabrın 25-də ümum kəndlilər ittifaqının iclasını keçirir. İclasda ələ keçəcəyini duyan Bala, paltarlarını dəyişərək aradan çıxır.
Silah gücünə Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradan Şura hökuməti 1920-ci il mayın 6-da Həmid Sultanovu Gəncə quberniyası üzrə fövqəladə komissar, Bala Əfəndiyevi isə ona müavin və eyni zamanda Müvəqqəti İnqilab Komitəsinin Gəncə quberniyası üzrə fövqəladə komissarının şəxsi müvəkkili, Gəncə qəza milis rəisi təyin edir. Gəncə üsyanının yatırılmasında amansızlıqlarına görə ad çıxaran Bala Əfəndiyev 1921-ci ildə Ermənistana göndərilir. O, 1921-1923-cü illərdə Ermənistan KP MK-nın və Ermənistan MİK Rəyasət Heyətinin üzvü və Daxili İşlər Komissarının müavini vəzifəsində çalışır. 1926-cı ildə Ermənistanda daha böyük vəzifəyə - Ermənistan SSR ictimai təminat komissarı vəzifəsinə irəli çəkilən B.Əfəndiyev, həm də Ermənistanda ilk dəfə Azərbaycan dilində çıxan "Rəncbər” və "Zəngi” qəzetlərinə rəhbərlik edir. 1929-cu ildə yenidən Azərbaycana göndərilən B.Əfəndiyev, 1932-ci ilə kimi Azərbaycan KP Mərkəzi Nəzarət Komissarlığının məsul katibi və Azərbaycan SSR fəhlə-kəndli müfəttişliyi xalq komissarının birinci müavini vəzifəsində işləyir. 1933-34-cü illərdə isə Sabirabad rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyən Bala, 1935-ci ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katibi təyin edilir və 1937-ci ilin yayına kimi bu vəzifədə çalışır. 1937-ci ilin yayında birdən-birə "xalq düşməni” olan Bala, artıq hökumətə lazım deyildi.
...1930-cu ildə Bala qohum-əqrəbanın təkidi ilə ailə qurmağa da vaxt tapır. Ömür yoldaşı Fatma xanım da (həm də əmisi qızı idi) Bala ilə birlikdə sosializmin ideyalarını təbliğ edir, bölgələri gəzərək partiyanın özəklərini yaradır. 1932-ci ildə cütlüyün bir oğul övladı dünyaya gəlir. Amma onu böyütmək Balaya qismət olmur. Bu qədər sədaqətlə qulluğunda durduğu Şura hökuməti nəinki Balanı, hətta sevimli ömür-gün yoldaşı Fatma xanımı da "xalq düşməni” elan edir. Yolunda can qoyduğu hökumət Balanı 1938-ci ildə yanvarın ilk həftəsində güllələyir, Fatma xanım isə 8 il azadlıqdan məhrum edilir. Hər ikisinin arzu-kamla qurduğu hökumət onların ocağını qaraldır, işığını söndürür. Bunun isə bir adı var: nə vaxtsa etdiyin əməllərin cavabı.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər