AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sovet sisteminə deyil, ədəbiyyata xidmət edən ədib

Sovet sisteminə deyil, ədəbiyyata xidmət edən ədib

Mədəniyyət
26 Sentyabr 2020, 09:30 305
Onun şəxsiyyəti də bir məktəb idi 
 
"O təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanmışdı. O, Azərbaycan ədəbiyyatı tarixində pedaqoq, alim və ədib kimi ən yüksək zirvəni fəth etmişdi”. Görkəmli pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevi tanıyanlar onun haqqında bu sözləri səmimi qəlbdən söyləyir, heç bir təfərrüata varmırlar. Tələbələri "Mir Cəlal müəllimin şəxsiyyəti özlüyündə bir məktəb idi. O, özü də bilmədən ətrafındakı gənclərə bir cəsarət verirdi. Mülayim xasiyyəti vardı, lakin prinsipial idi, mövqeyindən dönməzdi, yersiz güzəştə getməzdi. Bütün bu keyfiyyətləri ilə o, həm yazıçı kimi, həm də şəxsi nümunəsində insanların formalaşmasına müsbət təsir göstərirdi”- deyə sevimli müəllimlərini xatırlayırlar.

Görkəmli yazıçı təkcə ədəbiyyat adamı kimi oxucularının deyil, tanıdığı insanların da xatirəsində əbədiləşməklə ölməzlik qazanıb. 

Sentyabrın 28-i böyük pedaqoq və alimin xatirə günüdür. Onunla bağlı yaddaşlarda yer alan xatirələr Mir Cəlal Paşayevin nə qədər gözəl və səmimi, qayğıkeş insan olduğunu bir daha yada salır.
 
Azərbaycan ədəbiyyatına füzulişünaslığı gətirən alim
 
Mir Cəlal Paşayev Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Kiçik yaşlarında atası dolanışıq dalınca Gəncəyə köçdüyündən? Mir Cəlal da uşaqlığını bu şəhərdə keçirib. 1918-ci ildə atasının vəfat etməsi üzündən o, böyük qardaşının himayəsində yaşayıb. Mir Cəlal 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib. Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri əvəzsizdir. O, Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və xalqının övladlarına ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını öyrədib. Mir Cəlal həm gözəl hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınır, həm ədəbiyyatımızın yaradıcılarından biri, həm də gözəl ədəbiyyatşünas alim kimi qiymətləndirilir. Yazıçı əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşqunluqla, eyni ardıcıllıq və uğurla, yorğunluq bilmədən çalışaraq yüzdən artıq kitab çap etdirib. Görkəmli nasirin yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatımızda gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olunmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi əbədiləşib.

Mir Cəlal 1928-ci ildə ilk qələm təcrübəsi ilə ədəbiyyat aləmində özünü sınayıb. Sonralar hamımızın yaddaşına iz salan "Bir gəncin manifesti” əsəri, həyati əhəmiyyətli hekayələri klassik bədii nümunələr kimi müəllifinə ədəbiyyat tariximizdə əbədiyaşarlıq qazandırıb. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan «Füzuli sənətkarlığı”, "XX əsr Azərbaycan ədəbiyyatı”, «Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, "Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminə sanballı töhfələrdir. Azərbaycan ədəbiyyatına füzulişünaslığı gətirən məhz Mir Cəlal Paşayev olub. Ərəb, fars və rus dillərini mükəmməl bilən bu görkəmli şəxsiyyətin Azərbaycanın ictimai fikir tarixində özünəməxsus yeri var.

Ötən əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə yer alan Mir Cəlal, az sonra orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Yaradıcılığı dövründə isə görkəmli nasir kimi Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutub. 

1928-ci ildə Mir Cəlalın mətbuatda ilk şeirləri -"Dənizin cinayəti”, "Ananın vəsiyyəti”, "Müxbir” və s. çap olunub. Daha sonra o, hekayə yaradıcılığına yer ayırıb. Yaradıcılığında 300-dən artıq hekayə var. O dövrün «Şərq qadını”, "Gənc işçi”, «İnqilab və mədəniyyət”, "Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində «Doktor Cinayətov”, "İfşa”, "Mərkəz adamı”, "Naxələf”, "Bostan oğrusu”, "Qüdrət nümayişi”, «İstifadə”, «Heyrət”... hekayələrini çap etdirib. Yazıçının 1932-ci ildə «Sağlam yollarda”, 1935-ci ildə «Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Mir Cəlalın ilk irihəcmli əsəri – «Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr edilib. Ümumilikdə isə görkəmli ədibin nəşr olunmuş altı romanı – "Dirilən adam”, "Bir gəncin manifesti”, "Yolumuz hayanadır” romanlarında keçmiş, "Açıq kitab”, «Yaşıdlarım”, «Təzə şəhər” romanlarında müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb.

"Bir gəncin manifesti” əsəri çapdan çıxanda Mir Cəlalın heç 30 yaşı yox idi. İlk dəfə 1937-39-cu illərdə hissə-hissə  «Revolyusiya və kultura” jurnalında nəşr olunan əsər yazıçının həyatında böyük bir dönüş yaradıb və müəllifə geniş oxucu auditoriyası qazandırıb. 1940-cı ildə «Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə təkrar nəşr edilib. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilib. İndiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub. Akademik Məmməd Cəfər bu böyük sənətkarın şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirərək yazırdı: «Mir Cəlal sakit və təmkinli bir yazıçıdır: o, boş və artıq gurultudan, təbiiliyi poza biləcək bir cizgi belə işlətməkdən çəkinən yazıçıdır».

Cild-cild əsərlər yazmasına baxmayaraq, Mir Cəlaldan "Şah əsəriniz hansıdır”- deyə soruşanda o da iftixarla "həyatımda yaratdığım ən böyük əsər - ailəmdir” - deyərmiş. Yazıçının ailəsinin "şah əsər” statusu qazanmasında ona ən böyük dayaq isə həyat yoldaşı Püstə xanım olub. Onlar  övladlarına yüksək təhsil və tərbiyə veriblər. Övladları da valideynlərinin adını həmişə doğruldublar. 
 
Əzəmətli pedaqoq
 
Xalq yazıçısı Elçin "Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir pedaqoq təsiri bağışlayırdı” - deyə xatırlayır: "Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan ədəbiyyatının tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi. Mir Cəlal həm də xoşbəxt bir atadır; onun sovet dövründə yetişdirdiyi övladları bu gün müstəqil Azərbaycana layiqincə xidmət edirlər”.
 
"Onun dərslərini səbirsizliklə gözləyirdik”
 
Mir Cəlal Paşayevin pedaqoji fəaliyyəti onun ömrünün ən yaddaqalan və mənalı illərini təşkil edir. Bakı Dövlət Universitetinin nüfuzlu professoru tələbələrinin və həmkarlarının yaddaşında xeyirxah və qayğıkeş müəllim kimi qalıb. O, universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri idi. Bütün tələbələrinə böyük qayğı, nəvazişlə yanaşardı. Həyat yollarında da tələbələrin yaxın məsləkdaşına çevrilmişdi. Hamı onu çox sevirdi, tələbələri onun mühazirələrinə olduqca həvəslə gəlirdi. Onun qapısı hamının üzünə açıq idi. Mir Cəlal istedadlı tələbələrini öz övladları qədər istəyirdi. Onların qayğısını öz qayğısı bilirdi.

Mir Cəlalın tələbəsi olmuş Xeyrulla Əliyevin, müəllimi ilə bağlı xatirələri də maraqlıdır: "İndi qəribə görünsə də, o dövrdə ali məktəblərdə dərsə davamiyyət jurnalları rus dilində yazılırdı. Bu səbəbdən də "Əliyev” familiyası "Aliyev” olurdu. Sanki buna etiraz əlaməti olaraq Mir Cəlal müəllim də, Məmmədhüseyn Təhmasib də, Abbas Zamanov da auditoriyada heç kimin adını həmin jurnaldan oxumaz, tələbələrdən kimin gəlmədiyini qrup nümayəndəsindən soruşardılar. Mir Cəlal müəllim elə sadə danışırdı ki, mən onun mühazirəsini yazmağa ehtiyac duymurdum, eyni zamanda, elə fikirlər söyləyirdi ki, onları yazmaya bilmirdim. Mir Cəlal müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər. O, tələbələri yaradıcılığa ruhlandırırdı. Biz onun dərslərini səbirsizliklə gözləyirdik”.

UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edildi. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirildi. Bu, həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. 

İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə abidə ucaldır. Ədibin bu zirvədəki yeri daim qalacaq...
 
Təranə Məhərrəmova