• cümə axşamı, 25 aprel, 21:08
  • Baku Bakı 21°C

Sosial şəbəkənin fenomen atası və ailəsi...- AİLƏ

09.06.17 13:35 10412
Sosial şəbəkənin fenomen atası və ailəsi...- AİLƏ
Əsmət Rüstəmova: "Qızlar onlara sərhədlər qoyan oğlanlardan uzaq olsunlar”
Hər bir ailənin xoşbəxt olmasının, kiçik dövlətlərini uğurla idarə etməsinin bir sirri var. Onların sirri ailədə qarşılıqlı olaraq bir-birlərini anlamaqdan və pozitiv olmaqdan keçir. Deyirlər ki, bir-birləri ilə danışmağa o qədər mövzuları olur ki, 10 dəqiqə belə küsülü qala bilmir, gün ərzində yaşananları bölüşmək üçün bir-birlərinə "qaçırlar”.
"Ailə” rubrikamızın budəfəki qonaqları Rüstəm Rüstəmovla Əsmət Rüstəmovadır. Müsahiblərimizin Sofiya və Adelina adlı əkiz qızları var.

Məlumat üçün bildirək ki, Rüstəm bir çox atalardan fərqli olaraq, dünyaya gələn əkiz övladlarının əziyyətini həyat yoldaşı ilə birlikdə çəkir. Müsahibimiz adətən anaların etdiyi bütün işləri görür və təcrübəsini "instaqram” səhifəsində gənc analarla bölüşür. Əsas məqsədi uşaq böyütmək işinə ataları da cəlb etmək olan Rüstəm "İnstagramın” məşhur, fenomen atasıdır.
Həmişə olduğu kimi, cütlüklərin tanışlıq tarixçəsindən başlayaq...
"Görüşə gəlmək istəmirdi”
4 ildir ki, bir həyatı bölüşən cütlüyümüz əslində uzaq qohum olublar. Lakin bir-birlərini xeyir-şər işlərində görüblər. Bir dəfə də məclislərin birində Rüstəm Əsməti görüb və ona münasibət təklif edib: "Qohum olsaq da, bir-birimizi yaxşı tanımırdıq. Düzünü desəm, mənim üçün qadının xarici görünüşü mühüm rol oynayır. Əsmətin xarici görünüşünü çox bəyənirdim. Toylardan birində diqqət etdim və gördüm ki, həm də pozitiv xanımdır. Toy şəkillərini göndərmək məqsədilə qohumlardan Əsmətin nömrəsini aldım və ona yazmağa başladım. Əsmət başa düşmürdü ki, mən qohum niyyətilə danışmıram. Görüşmək istəyəndə Əsmət bəhanələr uydururdu. Mənimlə görüşmək üçün canfəşanlıq etmirdi. Hər görüşümüz 5-6 dəfə xahiş etdikdən sonra baş tuturdu”.
"18 yaşlı gəlin”
Əsmətin həmin vaxt 18 yaşı olduğu üçün bu münasibət o qədər də rahat alınmayıb. Rüstəmlə aralarında 7 yaş fərq olması Əsməti narahat edib: "Yaşım az idi və mən təhsil almaq istəyirdim. Ona görə heç bir münasibətə hazır deyildim. Onlar da mənə söz verdilər ki, bizim münasibət sənin oxumağına mane ola bilməz. Həqiqətən də belə oldu. Ailə qurduqdan sonra ali təhsil almaq üçün Rüstəm və ailəsi mənə hər şəraiti yaratdı. Onlar özləri də məni təhrik edirdilər ki, oxumaq lazımdır. Artıq 4-cü kursdayam. İmtahan ərəfəsidir. Yoldaşım da mənə dəstək olur, evdə uşaqlara kömək edir”.
"Əsmətlə yenidən cavanlaşdım”
Rüstəm düşünür ki, evlilik məsələsində təkcə iki gəncin qərarı yox, ailələrin də qərarı önəmlidir: "Ailələr bir-birlərini mütləq tanımalıdır və sevməlidir. Evlilikdə əsas sütunlarından biri budur. Bizim xoşbəxtçiliyimiz onda idi ki, ailələr bir-birini əvvəldən tanıyırdı. İlk dəfə Əsmətin ailəsi də yaş məqamına görə narahat oldular. Biz söz verdik ki, Əsmətin təhsil almasına şərait yaradacağıq. Sonra Əsmətlə bir yerdə mən də yenidən tələbəlik həyatı yaşadım, onunla yenidən cavanlaşdım”.
Əsmət deyir ki, 18 yaşı olmasına baxmayaraq, Rüstəmə inanmasının və onu seçməsinin səbəbi Rüstəmin sevgilidən öncə onunla dost kimi davranmasıdır: "Rüstəm güvənə biləcəyim insan idi. Sevgilidən, həyat yoldaşından da vacib, mənə dost idi. Hər sirrimi, sözümü onunla bölüşə bilirəm. Rüstəm problemlərimi dinləyə biləcək insandır. O, insanı başa düşən, ailəcanlı, ən əsası, müsbət fikirli yaxşı insandır”.
"Küsmək də olar, amma yerində...”
Rüstəmi isə Əsmətin gözəlliyi və pozitivliyi çəkib: "Əsmətin xarici görünüşünü çox bəyənirdim. Bundan sonra hər dəfə bir yerə gedənə bir-birimizi kəşf edirdik. Əsmətin ən çox bəyəndiyim xüsusiyyəti kinli olmamağıdır. Mən küsmək məqamına çox diqqət edirəm. İnsanın həyatında hər problem, söz-söhbət ola bilər. Küsmək də olar, amma yerində... Əsmət elə insandır ki, küsə bilər, amma 5 dəqiqədən sonra barışar. Kinli deyil. Barışdıqdan sonra da əvvəlki söhbəti açmır. Mənim üçün insanlarda diqqət etdiyim ən mühüm cəhət kinli olmamağıdır. Uzun müddət küsülü qalan insanları sevmirəm. Biz də tez-tez küsürdük, amma tez də barışırıq. Küsülülük müddətimiz 10 dəqiqədən artıq çəkmir. İndi uşaqlardan sonra küsməyə də vaxt yoxdur”.
"Salatları yemək hesab etmirəm”
Cütlüyümüzün bir-birlərində sevmədiyi cəhətə gəldikdə isə hər ikisi yemək problemindən şikayətlənir. Əsmət deyir ki, Rüstəm yemək məsələlərində çox problemli insandır: "Hər şeyə danışır. Hər yeməyi bəyənmir. Aclığa dözümü yoxdur və yeniliyi sevmir. Mən yeni salatlar hazırlayıram, fərqli yeməklər kəşf edirəm. Lakin Rüstəm bunların əksəriyyətini sevmir”.
Rüstəm: "Mən ənənəvi yeməkləri sevirəm, amma Əsmət yeni yeməklər kəşf edib bişirir. Məsələn, julyen, ümumiyyətlə, göbələk tərkibli yeməkləri sevmirəm. Salatları isə xüsusilə yemək hesab etmirəm. Mən tərkibində ət olan yeməkləri sevirəm”.
Rüstəm isə Əsmətin evdə yemək yeməməyindən şikayətlənir: "Əsmətin ən sevmədiyim cəhəti evdə yemək yeməməyidir. Məsələn, mən evdən çıxanda yeyirəm, gedirik. Əsmətdən soruşuram ki, acsan? "Yox” cavabı verir. Elə ki çölə çıxırıq deyir ki, acmışam. Bu günə kimi də o söhbət gedir. Əsmət gərək çölə çıxa, gəzə, sonra yemək yeyə. Evdə yemir, çöldə qəşəng yeyir”.
"Küsülü qala bilmirik”
Cütlüyümüz tez-tez dalaşsa da, bu, uzun çəkmir. Deyirlər ki, danışılacaq o qədər söhbətlər var ki, uzun müddət küsülü qala bilmirlər: "Hələ uşaqlar balaca olduğu üçün evdə əsəbi vəziyyətlər tez-tez yaranır. Hər ikimiz yuxusuz olduğumuz üçün tez özümüzdən çıxırıq. Bir birimizin xətrinə dəyirik. Bir anlıq hərə öz otağına çəkilir. Amma bir-birimizə danışacaq söhbətlərimiz olduğu üçün tez darıxırıq. Məsələn, Əsmət küsübsə, ortaya bir söz atıram ki, bu gün belə bir söhbət olub. Əsmətə də bu, maraqlı gəlir və bizim küsülülüyümüz yadımızdan çıxır”.
"Sevgi ölmür, amma bölünür”
Bəzi gənclər düşünür ki, evlilik sevgini öldürür. Rüstəm bu fikirlə razı deyil, amma düşünür ki, sevgi ölməsə də, dünyaya uşaq gəldikdən sonra bölünür: "Sevgi ölmür, amma bölünür. Uşaqlar öz sevgi paylarını alırlar. Əgər əvvəl 100 faiz Əsmətə diqqət göstərirdimsə, indi məcburam ki, yarısını bölüm uşaqlara da verim. Mümkün deyil ki, 100 faizin hamısı Əsmətə getsin. İstəməyinə istəyirsən, amma sevgini təqdim etmək məsələsi var. Müəyyən səbəblərə görə, o sevgini əvvəlki kimi təqdim edə bilmirsən”.
"Qadın çirkinləşir...”
Əsmət isə düşünür ki, uşaq olduqdan sonra qadın çirkinləşir və Rüstəmdə ən çox sevdiyi cəhət onun çirkinləşməsini özü bilsə də, büruzə verməməyidir: "Qadın uşaq dünyaya gətirdikdən sonra əvvəlki kimi olmur. Az da olsa formasını dəyişir. Amma bunu bilsəm də, Rüstəm məni kompleksə salmamaq üçün hiss etdirmir”.
Rüstəm: "Uşaqlar olandan sonra diqqət bölündüyü üçün Əsmət düşünür ki, mən onu əvvəlki kimi bəyənmirəm. Amma səhv düşünür. Əsmət uşaqlardan öncə çox arıq idi. Ana olduqdan sonra azca kilo aldı. Əksinə, bu, mənə xoş oldu. Mən bu formanı daha çox bəyənirəm. Mən Əsməti əvvəlki kimi də bəyənirdim, indiki halını da bəyənirəm”.

"Yoldaşım mənə göz verib, işıq vermir”
Xoşbəxt ailənin sirrinə gəldikdə isə Rüstəm deyir ki, xoşbəxtlik düzgün seçimdən başlayır: "İlk olaraq düzgün seçim, sonra qarşılıqlı anlayış, etibar, hörmət olmalıdır. Mən qadının pozitiv enerji verməsinə, deyib-gülməsinə fikir verirəm. Düşünürəm ki, insan söhbət edərkən darıxmayacağı insanla ailə qurmalıdır. İnsan var ki, çox gözəldir amma söhbət edəndə elə bil soyuducu ilə danışırsan. Əsməti ona görə bəyənirəm ki, həm daxili qəşəngdir, həm də xarici. Azərbaycanda qəşəng xanımlar çoxdur. Amma daxili gözəllik hər kəsə nəsib olmur”.
Əsmət: "Qızlar ailə qurarkən onlara sərhədlər qoyan şəxslərdən uzaq olsunlar. Sonra şikayətlənirlər ki, yoldaşım mənə göz verib, işıq vermir. Ailədə hər şey qarşılıqlı olmalıdır. Hər kəs həyatını normal yaşamalıdır. Qısqanc tiplər dəhşətli olur. Onlara dəyər verən, fikirlərinə hörmət edən insanlarla ailə qursunlar”.
Uşaqların tərbiyəsinə gəldikdə isə müsahiblərimiz düşünür ki, oğlan və qız uşağı arasında fərq qoyulmamalıdır: "Qızlar da oğlanlar kimi özlərinə inamlı böyüdülməlidir. Məsələn, uşaq yıxıldısa, tez qaçıb durğuzmaq olmaz. Hər kəs övladını çox sevir, amma uşağın üstündə əsmək düzgün tərbiyə metodu deyil. Uşaq bir yaşından sonra sərbəst həyata asta-asta başlamalıdır. Özü dünyanı kəşf etməlidir. Hər şeyi asan əldə edə bilməyəcəyini öyrənməlidir”.
Gənclərin ən böyük səhvi...
Gənc ailələrə məsləhət verən cütlüyümüz deyir ki, gənclərin ən böyük səhvi ailə quran kimi uşaq dünyaya gətirmələridir: "Biz ailə quranda yoldaşımın 18 yaşı var idi. O dövrdə uşaq planlaşdırmadıq, çünki hələ özümüz uşaq idik. Gənclərin ən böyük səhvi odur ki, ailə qurarkən istər mənəvi, istərsə də maddi baxımdan hazır olduqlarını planlaşdırmadan uşaq sahibi olurlar. Əgər sənin imkanın buna çatırsa və valideyn olmağa hazırsansa, o zaman uşaq dünyaya gətirməyi planlaşdır. Bizim qohumlarda belə bir şey var - evlənən gündən uşaqla maraqlanırlar. "Bir şey var?” kimi suallar gənclərə təsir edir. Belə deyimlərə fikir verməsinlər. Özləri hazır olanda uşağı dünyaya gətirsinlər. İstər psixoloji, istər maddi, istərsə də mənəvi baxımdan hazır olmaq vacibdir”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər