AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sosial şəbəkələrin fəaliyyəti qanunvericiliklə tənzimlənməlidirmi?

Sosial şəbəkələrin fəaliyyəti qanunvericiliklə tənzimlənməlidirmi?

Cəmiyyət
01 İyun 2020, 17:26 288
Ekspertlərdən buna ehtiyac olduğunu deyən də var, artıq bu addımın atıldığını söyləyən də

ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb. Sərəncamı Ağ Evdə təşkil edilən mərasimdə imzalayan Tramp jurnalistlərin suallarını cavablandırarkən, "Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.
Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib.
Sosial şəbəkələrin fəaliyyəti dünyanın bir çox ölkələri kimi Azərbaycanda da aktualdır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, bu gün dünya iki yerə bölünüb: "Faktiki dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə "qaralama”, "ləkələmə”, "terrorizmə çağırış” üstünlük təşkil edir”.
Elman Nəsirov qeyd edib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur: "Sabah onlar hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Hesab edirəm ki, sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul olunmalıdır. Bu, artıq ictimai sifarişdir”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirdi ki, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı məsələ ABŞ prezidenti Donald Trampın imzaladığı məşhur sərəncamdan sonra aktuallaşıb: "Əslində biz Trampın addımını dəstəkləyirik. Amma çox təəssüf ki, bu məsələni bəzən kontekstdən çıxaranlar var. Əlbəttə ki, burada sosial şəbəkələr üzərində nəzarətdən söhbət gedə bilməz və ümumiyyətlə, "nəzarət” sözü qəbuledilməzdir, bu nə kütləvi informasiya vasitələrində, nə sosial mediada, nə də ki, ifadə azadlığı ilə bağlı başqa bir məqamda. Ona görə də burada nəzarətdən yox, tənzimləmədən söhbət gedir. Tənzimlənmə nədir? Əslində sosial şəbəkələr özləri sərbəst fikir paylaşmaq platforması baxımından müsbət bir məsələdir. İfadə azadlığı, alternativ informasiya mənbəyi kimi yaxşı çıxış edirlər. Amma məsələ ondadır ki, burada hər hansı bir formada tənzimləmə olmadığına görə neqativlər də həddən artıq artır. Misal üçün, xüsusi olaraq böyük çəkidə "feyk nyus”ların yayılması. Beynəlxalq təşkilatlar bəyan edirlər ki, 60 faizdən yuxarı informasiyalar yalan xəbərlərdir. Eləcə də təhqir və böhtanın yol verilməsi, insanların şəxsi həyatına müdaxilə və sair narahatlıq doğurur. Yəni, qanunvericiliklə, jurnalistlərin etik kodeksi və beynəlxalq konvensiyalarla məhdudlaşdırılan informasiyalar var ki, həmin informasiyalar heç bir məhdudiyyət və çərçivə tanımadan sosial şəbəkələrdə yayılırlar. Bunlar informasiya yayımında yolverilməz hallardırlar”.
M.Ələsgərli qeyd etdi ki, sosial şəbəkələr bir tərəfdən sərbəst fikir paylaşımı olaraq müsbət platformadırsa, digər tərəfdən bu çərçivələri aşmaqla həm də neqativlərə yol verir. Artıq vəziyyət o yerə çatıb ki, hökumətlər sosial şəbəkələrə senzura qoymurlar, amma sosial şəbəkələr özləri müəyyən insanlara, siyasətçilərə və sairə özləri senzura tətbiq edirlər. Bu senzuranı tətbiq edərkən bəzən subyektivizmə yol verirlər. Misal üçün, terrorçular, separatçılar sərbəst paylaşım edirlər, amma bir siyasi xadim çıxış edəndə ona məhdudiyyətlər qoyulur. Konkret olaraq, bu, Trampın başına gələn hadisələrdir. Bütün bunlar onu göstərir ki, sosial şəbəkələrdə müəyyən məsələlərdə bir tənzimlənmə olmalıdır və onun da bir variantı tapılmalıdır. Bu da elə olmalıdır ki, burada ifadə azadlığı, sərbəst fikir paylaşımı qorunsun, lakin eyni zamanda sosial şəbəkələrdə baş verən neqativlərin də qarşısı alınsın. Ona görə də indi normal bir model axtarırlar ki, o da hər kəs üçün qəbuledilən olsun. Fikrimcə, ən yaxşı hal ondan ibarət ola bilər ki, qanunvericiliklərə uyğunlaşdırma və dəyişikliklər olusun. Artıq bunu Azərbaycan da müəyyən mərhələləri başlayıb. Misal üçün, 2013-cü ildə qanuna dəyişikliklər edildi və orada göstərildi ki, təhqir və böhtan harada yayılmasından asılı olmayaraq məsuliyyət yaradır. Bu, sosial şəbəkəyə, onlayn media və ənənəvi kütləvi informasiya vasitələrinə də aiddir. Yaxud da ki, 2016-cı ildə bizim qanunvericilikdə dəyişikliklər olundu ki, saxta, anonim profillərdən istifadə etmək özü məsuliyyət yaradır. Yəni, bir insan fikir paylaşırsa və bu normaldırsa, onu açıq profildən paylaşmalıdır ki, hər kəs görsün. Biz onun tərəfdarıyıq ki, qanunla tənzimləmə olsun. Amma nəzarət mexanizmini, anlamını şəxs olaraq qəbul etmirik. Çox istərdim ki, Trampın başlatdığı bu təşəbbüs davam etsin. Eyni zamanda tanınmış beynəlxalq təşkilatlar, xüsusilə BMT, Avropa İttifaqı, Avropa Şurası kimi təşkilatlar bu məsələni öz üzərinə götürüb müəyyən bir model təklif etməlidirlər ki, sosial şəbəkədə tənzimlənmə olsun, neqativ informasiyalar aradan qaldırılsın, eyni zamanda ifadə azadlığı qorunmuş olsun”.    
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, əslində sosial şəbəkələr tənzimlənir: "Yəni, sosial şəbəkə sahibinin qeydiyyatla bağlı müəyyən şərtləri var, məsələn, identifikasiya ilə bağlı telefon nömrəsi, elektron poçt ünvanı olmalıdır və sair. Yəni sosial şəbəkələr tənzimlənməyən sektor deyil”.
Ə.Məmmədli vurğuladı ki, dövlətin sosial şəbəkələrin fəaliyyətini tənzimlənməsinə gəlincə, medianın tənzimlənməsinin hüquqi əsası olması üçün məhz dövlət tərəfindən hüquqi mühit yaradılmalıdır: "Amma dövlət müdaxilə edirsə, bu, artıq tənzimlənmə olmur, məhdudlaşdırma olur. ABŞ-da məsələnin yeni-yeni gündəmə gəlməsinə baxmayaraq, Azərbaycan 2017-ci ildə sosial şəbəkələri həm tənzimləyir, həm də məhdudlaşdırır. Hətta Cinayət Məcəlləsində böhtan və təhqirlə bağlı 148-1 maddəsi əlavə edilib. Ümumiyyətlə, bizdə bu məsələ bağlı nə bir boşluq var, nə də həyati bir formada ehtiyac var. Çünki biz dünyada mövcud olmayan rejimi tətbiq edirik, feysbukda yazılan statusa görə adam da tuturuq, inzibati həbsə də göndəririk və sair”. 

BƏXTİYAR