• cümə, 26 Aprel, 23:52
  • Baku Bakı 22°C

Sosial şəbəkələrdə tənqidin həddi necə müəyyənləşdirilməlidir? - Diskussiya

21.10.17 09:00 6056
Sosial şəbəkələrdə tənqidin həddi necə müəyyənləşdirilməlidir? - Diskussiya
Sosial şəbəkələrdə hansısa paylaşımımızın gülüş hədəfinə çevrilməsinin dəfələrlə şahidi olmuşuq. Bəzən ciddi-ciddi paylaşdığımız fikirlər istifadəçilərdə əks reaksiya doğura bilir. Olur ki, özümüzdən icazəsiz götürülmüş statuslarımıza, yaxud şəkillərimizə hansısa səhifələrdə və profillərdə rast gələ bilirik. Kimi bizi haqlı çıxarır, kimi haqsız. Kimi tənqid edir, kimisi də hətta təhqir. Bizim xəbərimiz olmadan düşüncələrimiz gülüş hədəfinə çevrilir.

Bəs gənclər nə düşünür? Sosial şəbəkələrdə tənqid və təhqirin həddi necə müəyyənləşdirilməlidir? Bu sualın cavabını Azərbaycan Texniki Universitetinin tələbələri ilə müzakirə etdik.

Ziya Bayramov:
- Bir çox statusların şəklinin çəkilib paylaşılmasının şahidi olmuşam. Xüsusilə xanımların statusları daha çox paylaşılır. Məncə, Azərbaycanda yaşamağımızı qəbul edib, mentalitetimizə uyğun hərəkətlər etməliyik. Statusları yazmazdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır ki, tənqid obyektinə tuş gəlməsinlər. Əgər sosial şəbəkələrdə düşündüyünü yazmaqdan çəkinmirsənsə, bunun nəticələrini də qəbul etməlisən. Güclülər həmişə zəiflərdən istifadə etməlidir. Bu, həqiqətdir. Sən özünü gülüş hədəfinə çevirirsənsə, bu sənin zəifliyindir. Sağlam düşünən insan bilir ki, status paylaşarkən bunun sonu belə olacaq. Sosial şəbəkə istifadəçilərinin çoxu anormal statuslar paylaşarkən bunu bilərəkdən və məşhur olmaq üçün edirlər. Sırf tənqid obyektinə çevrilmək üçün bundan istifadə edən istifadəçilər var. Tənqid olar, amma təhqir yolverilməzdir. İnsanları statuslarına görə təhqir edənlər savadsızlardır və sosial şəbəkələrdən istifadə qaydalarını bilmirlər.

Sona Babayeva:
- Ziyanın fikri ilə razı deyiləm. Öz profilimdə istədiyim kimi paylaşım edə bilərəm. Məncə, hansısa statusun şəklini çəkib başqa səhifədə paylaşmaq düzgün deyil. Hər insanın öz fikri var və fikrini ifadə etməkdə azaddır. Əlbəttə, müəyyən hədd olmalıdır. Yazarkən düşünmək lazımdır. Amma bir istifadəçinin mənasız status yazması heç kimə haqq vermir ki, onu paylaşıb tənqid, yaxud təhqir edəsən.

Ziya Bayramov:
- Əlbəttə, təhqirin mən də tərəfdarı deyiləm. Kimisə təhqir etmək qanun pozuntusudur. Təhqir edilən insan həmin şəxşdən şikayət edə bilər. Amma tənqid etmək pis hal deyil. Tənqiddən nəticə çıxarıb səhvlərimizi görə bilərik.

Pərvin Şabanova:
- Status paylaşan insan nəzərə almalıdır ki, buna yaxşı rəylər gəlirsə, pis rəylər də gələ bilər. Hər kəsin düşüncəsi eyni deyil. Fikrini ictimaiyyət içinə çıxaran insan bunun nəticələrinə də hazır olmalıdır. Əgər pis rəylər almağa hazır deyilsənsə, o statusu paylaşmamalısan. Mən təniqidin tərəfdarıyam. Tənqid normaldır və ondan nəticə çıxarmaq lazımdır. Çoxluq azlığa tabedir. Əgər çoxluq bunun səhv olduğunu deyib, lağ edib gülürsə, deməli burada yanlış var və sən o yanlışı düzəltməlisən. Amma təhqir yolverilməzdir.

Ziya Bayramov:
- İnsanların əksəriyyəti sağlam düşünməyi bacarmır. Bu da kitab oxumamaq və internetden düzgün istifadə etməməkdən irəli gəlir. İnsanlar təhqirlə tənqidi ayıra bilmirlər. Orada verilən hansısa rəy ola bilsin ki, tənqiddir, amma bunu təhqir kimi qəbul edib məsələni şişirdirlər.
Pərvin Şabanova:
- Yaxşı statusu heç kim lağlağı edib paylaşmaz. Kimsə gözəl fikir yazanda, hər kəs onu gözəl fikir kimi paylaşır. Əgər lağlağı ilə paylaşılırsa, demək ki, orada çatışmayan nəsə var və gülüş hədəfinə çevrilir. Sosial şəbəkələrdə heç kimə sərhəd qoymaq olmaz ki, bunu paylaşma, yaxud lağ etmə. Səhv nə isə edirsənsə, ona mütləq reaksiyalar olacaq. İnsan qarşındakını tanımır. Sosial şəbəkələr bizim güzgümüzdür. Paylaşdıqlarımız bizim düşüncəmizin, intellektual səviyyəmizin göstəricisidir. Mən lağlağı edənlərdə günah görmürəm. Günah özünü gülüş hədəfinə çevirəndədir.

Sahib Əliyev:
- Pərvinin fikirləri ilə tam razıyam. Bizim statuslarımızı paylaşıb gülüş hədəfinə çevirənlərdə günah yoxdur. Günah elə gülünc status paylaşandadır. Paylaşmazdan öncə yüz ölçüb, bir biçmək lazımdır. Fikirləş ki, bunun axırı hara gedir. Gülməli statusa, gülməli düşüncəyə gülərlər.

Milana Fərzəliyeva:
- İnsanlar indi hər yerdə gülmək, ələ salmaq üçün bəhanələr axtarırlar. Çünki belə paylaşımlarla gündəmə gəlib, çoxlu izləyici, "like” toplayırlar. Paylaşım da hər bir insanın öz səviyyəsini göstərir. Düzdür, insana öz səhvini bildirmək lazımdır ki, belə gülünc paylaşımlar etmə. Amma insanın özünə demədən onun yalnız dostlar arasında paylaşdığı statusun şəklini çəkib bütün səhifələrdə bəyan etmək yolverilməzdir.

Ziya Bayramov:
- Reallıq odur ki, lağa qoyulacaq statusları paylaşan insanların əksəriyyəti məşhur olmaq üçün belə edir. O qədər sosial şəbəkə istifadəçisi var ki, məhz hansısa gülünc status ilə gündəmə gəlib və çox izləyicisi var. Çox az insan isə həqiqətən bilməyərəkdən belə şeylər paylaşır.

Sona Bayramova:
- Hər insan öz xarakterinə uyğun paylaşımlar edir. Heç kimin haqqı yoxdur ki, ona lağ etsin. Düzdür, hər insanın da istədiyini paylaşmasının tərəfdarı deyiləm, müəyyən hədd olmalıdır. Amma mən o həddi özümdə müəyyələşdirmirəmsə, azad fikrimi paylaşıramsa, kimin haqqı var ki, məni izləyicisi çox olan məkanda gülüş hədəfinə çevirsin? Bu, insanlıqdan kənar hərəkətdir. Tənqid etmək olar, amma lağ etmək olmaz.

Ziya Bayramov:
- Bəzən məşhur simaların, yaxud yenicə məşhurlaşmağa çalışan insanların hansısa uğursuzluqlarını əsas gətirərək "caps”lar, gülünc şəkillər düzəldib paylaşırlar. Bu, cəmiyyətin səhvidir. Əgər bir insan yıxılırsa, onu baltalayır və motivasiyasını salırıq. Cəmiyyətimizdə gülməli hadisələri izləməyə tələbat var. Hər şeydə gülüş axtarırıq. Amma hansısa iş görmək istəyən insanın motivasiyasını salmaq insanlığa uyğun hərəkət deyil. Biz həmin "caps”a gülüb keçə bilərik. Amma uğursuzluğuna görə cəmiyyətdə gülüş hədəfinə çevrilən insanın yerinə özümüzü qoyub, bir az da olsa düşünməliyik.

Paylaşılan təhqiramiz "caps”ları paylaşmamaq bizdən asılıdır. Bu məsələdə palaza bürünüb el ilə sürünməli deyil, öz fikrimizi ortaya qoymalıyıq. Əgər biz bəyənməsək, paylaşmasaq, bunu edənlərə irad bildirsək, qarşısını ala bilərik.

Pərvin Şabanova:
- Facebookda ən çox "xoşbəxt qadınlar klubu”nda qadınların statuslarının şəklini çəkib paylaşırlar. Hər bir insanın yazdığı statusdan onun dünyagörüşünü müəyyələşdirmək olur. Əgər evdar bir xanımın düşüncəsi kasaddırsa, bunu nə üçün paylaşıb gülməliyik? Ən acınacaqlısı da odur ki, həmin xanımların profil şəklini, adını silmədən paylaşırlar. Bu, etik deyil.

Yusif İskəndərov:
- Əgər yaxşı bir şey paylaşırsa, heç bir insan ona lağ edə bilməz. Amma bəzən bilərəkdən gülünc və düşüncəsiz fikirləri mən də paylaşıram. İnsan özü-özünü gülüş obyektinə çevirir. Əgər insan özü onu istəyirsə, mən də paylaşıb gülürəm. Burada pis heç nə yoxdur.

Sona Bayramova:
- Əslində Yusif düz deyir. Bəzən qısa videolar çəkib həqiqətən özlərini camaata güldürürlər. Bəzilərinə insanları öz hərəkətləri ilə güldürmək zövq verir və paylaşmaqlarından da qorxmurlar. Əgər videoda yersiz hərəkət etməsə, kimə maraqlıdır ki, onu səhifəsində paylaşsın. Acınacaqlısı odur ki, izləyicilərin özləri də belə videolara baxmağa maraqlıdır və gözləyirlər. Belə insanlar kitab və maarifləndirici səhifələri yox, məhz gülüş obyektinə çevrilən insanları izləyib gülmək istəyir.

Ziya Bayramov:
- İnsanlar gülmək istəyir. Məşhur olmaq üçün nə etmək lazımdır? İnsanların istədiyini vermək lazımdır. İnsanların istədiyi də məhz budur - gülmək. İnternetə əylənmək və gülmək üçün girirlər. Artıq bəzi istifadəçilərin həyat tərzi budur. Onları qınamağa heç kimin haqqı yoxdur.

Yusif İskəndərov:
- Əgər bir insan özünü gülünc vəziyyətə salmaq istəyirsə, ona heç kim heç nə edə bilməz. Bu, kitab oxumamaqdan, yaxud savadsızlıqdan irəli gəlmir. Hər bir insanın düşüncəsi var və ona uyğun hərəkət etməlidir. O qədər savadlı insanlar var ki, bilərəkdən özünü gülüş hədəfinə çevirir, yaxud gülüş hədəfinə çevrilənləri paylaşıb gülür.

Aygün ƏZİZ
Fotolar: Günel AZADƏ

banner

Oxşar Xəbərlər