• cümə axşamı, 28 mart, 20:40
  • Baku Bakı 13°C

Sosial şəbəkə xuliqanları zərərsizləşdirilir

21.04.17 09:30 1185
Sosial şəbəkə xuliqanları zərərsizləşdirilir
İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək, böhtan atma və ya təhqir etməyə görə cərimələrin məbləği artırılır. Artıq bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər təklif edilir.

Təklif edilən yeni layihəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 2000 manatadək (hazırda 1000 manatdan 1500 manatadək) miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur.

Digər dəyişikliyə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, KİV-də və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1000 manatdan 1500 manatdək (hazırda üç yüz manatdan min manatadək) miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir.
Yeni düzəlişlərin müəyyən qədər təsiri olacaq
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib ki, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərin müsbət təsiri olacaq: "Bir neçə il əvvəl "Yol hərəkəti haqqında”, İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişikliklər etdik ki, yol-nəqliyyat hadisələrinin sayı nisbətən azalsın. Düzdür, bu hadisələrlə bağlı indiki göstəricilər də ürəkaçan deyil. Çünki avtomobil sahiblərinin sürücülük mədəniyyəti, piyadaların yol-keçid qaydalarına riayət etməsi hələ yüksək səviyyədə deyil. Amma hər halda xeyli sayda müsbət nailiyyətlər əldə olunub. Hesab edirəm ki, Cinayət Məcəlləsini 147 və 148-ci maddələrinin sanksiya hissələrinin artırılması bu gün bu cinayəti törədənləri çəkindirməyə vadar edəcək”.

Ç.Qənizadə deyib ki, bu gün sosial mediada və elektron kütləvi informasiya vasitələrindən istifadə etməklə çoxsaylı insanların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirilir, böhtan atılır: "Sosial şəbəkədə saxta profillərdən istifadə etməklə insanlar təhdid edilir və digər böhtan xarakterli əməllərin şahidi oluruq. Biz də çalışırıq ki, həm qanunvericiliklə bunun qarşısını alaq, həm də müəyyən sanksiyaların artırılmasını tətbiq etməklə onları bu əməldən çəkindirək. Belə hesab edirəm ki, yeni düzəlişlərin müəyyən qədər təsiri olacaq”.
Məsuliyyətsizlik dövrü arxada qaldı
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, sərt cəzalar tətbiq edilmədən də belə məsələlərin həll olunması yaxşı olardı: "İnsanlar özlərini idarə edə bilsə, dövlət də məcburiyyət qarşısında qalıb cəzalara əl atmalı olmaz. Bir müddət əvvəl də Cinayət Məcəlləsinə edilən dəyişikliklər əsasında tətbiq edilən cəzalarla bağlı müzakirələr aparmışdıq. O vaxt da cəmiyyətdə belə bir fikir var idi ki, niyə cəzalar sərtləşdirilir və sairə. Onda da qeyd etmişdik ki, insanlar normal şəkildə hərəkət etsələr, cəzaların sərtləşdirilməsinin, yumşaqlığını bu və ya digər formada mətləbə aidiyyəti yoxdur. İndinin özündə də cəzalar sərtləşdirilirsə, demək buna zərurət var. Çünki bəzi insanlar baş verənləri, özlərinin davranışlarını uyğun şəkildə qiymətləndirə bilmirlər. Yəni, adamlar məsuliyyətsiz davranırlar və dövlət də məcbur olub cəzaları sərtləşdirməklə, onlara əvvəlcədən xəbərdarlıq etməli olur. Əgər belə insanlar bundan nəticə çıxartmasalar, öz əməllərinə, davranışlarına diqqət yetirməsələr, təbii ki, dövlət daha sərt cəza tətbiq etmək məcburiyyətində qalacaq. Belə insanlar artıq başa düşməlidir ki, məsuliyyətsizlik dövrü arxada qaldı, bundan sonra daha sərt cəzalarla üzləşə bilərlər”.
Bu daha sivil və nizamlı şəraitin yaradılması deməkdir
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, mövcud qanunvericilikdə insan ləyaqətinin, şəxsi həyatın mühafizəsi və sair kimi məsələlərlə bağlı təklif edilən dəyişikliklərdən sonra medianın yanaşmalarında müsbətə doğru irəliləyişlər olacaq: "İllərdir biz bu məsələləri Mətbuat Şurasının İdarə Heyətində, müvafiq komissiyaların iclaslarında müzakirə edirdik və bir sıra çətinliklərlə rastlaşırdıq. Ənənəvi, yəni çap mediasında bununla bağlı qarşımızda hər hansı problem yox idi. İstənilən məsələnin qanun çərçivəsində həllinə qərar verə bilirdik. Çap mediasının jurnalistləri də hansı çərçivədə fəaliyyət göstərəcəklərini qanuna söykənərək, dəqiq bilirdilər və ona görə də problem yaranmırdı. Amma internet mediada, sosial şəbəkələrlə bağlı çox ciddi problemlər yaranırdı. Çünki internet mediada bu kimi məsələləri tənzimləmək üçün müəyyən hüquqi normativlər yox idi. Çox yaxşıdır ki, internet media da ümumən mətbuatın çərçivəsinə salındı və qüvvədə olan qanunvericilik bu sahəyə də aid edildi. Xüsusilə, internet mediada insanların şəxsi həyatına müdaxilə, onların şərəf və ləyaqətinin təhqir olunması, alçaldılması və bu sahədəki boşluqdan sui-istifadə etmə halları, demək olar ki, aradan qalxacaq. Bu addım, bəzilərinin dediyi kimi, internet medianın nəzarətə götürülməsi yox, bu sahənin inkişafı üçün daha sivil və nizamlı şəraitin yaradılması deməkdir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər