Sosial şəbəkə xuliqanları zərərsizləşdirilir
İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək, böhtan atma və ya təhqir etməyə görə cərimələrin
məbləği artırılır. Artıq bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər təklif
edilir.
Təklif edilən yeni layihəyə görə, internet informasiya ehtiyatında
saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək, kütləvi
nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 2000
manatadək (hazırda 1000 manatdan 1500 manatadək) miqdarda cərimə və ya üç yüz
altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək
müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılmaq nəzərdə tutulur.
Digər dəyişikliyə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi
nümayiş etdirilən əsərdə, KİV-də və ya kütləvi nümayiş etdirildiyi halda
internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada
qəsdən alçaltmaya görə 1000 manatdan 1500 manatdək (hazırda üç yüz manatdan min
manatadək) miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək
müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir.
Yeni düzəlişlərin müəyyən
qədər təsiri olacaq
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib ki, qanunvericiliyə təklif
edilən yeni dəyişikliklərin müsbət təsiri olacaq: "Bir neçə il əvvəl "Yol
hərəkəti haqqında”, İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişikliklər etdik
ki, yol-nəqliyyat hadisələrinin sayı nisbətən azalsın. Düzdür, bu hadisələrlə
bağlı indiki göstəricilər də ürəkaçan deyil. Çünki avtomobil sahiblərinin
sürücülük mədəniyyəti, piyadaların yol-keçid qaydalarına riayət etməsi hələ
yüksək səviyyədə deyil. Amma hər halda xeyli sayda müsbət nailiyyətlər əldə
olunub. Hesab edirəm ki, Cinayət Məcəlləsini 147 və 148-ci maddələrinin
sanksiya hissələrinin artırılması bu gün bu cinayəti törədənləri çəkindirməyə
vadar edəcək”.
Ç.Qənizadə deyib ki, bu gün sosial mediada və elektron kütləvi
informasiya vasitələrindən istifadə etməklə çoxsaylı insanların şərəf və
ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirilir, böhtan atılır: "Sosial şəbəkədə
saxta profillərdən istifadə etməklə insanlar təhdid edilir və digər böhtan
xarakterli əməllərin şahidi oluruq. Biz də çalışırıq ki, həm qanunvericiliklə
bunun qarşısını alaq, həm də müəyyən sanksiyaların artırılmasını tətbiq etməklə
onları bu əməldən çəkindirək. Belə hesab edirəm ki, yeni düzəlişlərin müəyyən
qədər təsiri olacaq”.
Məsuliyyətsizlik dövrü
arxada qaldı
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki,
sərt cəzalar tətbiq edilmədən də belə məsələlərin həll olunması yaxşı olardı:
"İnsanlar özlərini idarə edə bilsə, dövlət də məcburiyyət qarşısında qalıb
cəzalara əl atmalı olmaz. Bir müddət əvvəl də Cinayət Məcəlləsinə edilən
dəyişikliklər əsasında tətbiq edilən cəzalarla bağlı müzakirələr aparmışdıq. O
vaxt da cəmiyyətdə belə bir fikir var idi ki, niyə cəzalar sərtləşdirilir və
sairə. Onda da qeyd etmişdik ki, insanlar normal şəkildə hərəkət etsələr,
cəzaların sərtləşdirilməsinin, yumşaqlığını bu və ya digər formada mətləbə
aidiyyəti yoxdur. İndinin özündə də cəzalar sərtləşdirilirsə, demək buna
zərurət var. Çünki bəzi insanlar baş verənləri, özlərinin davranışlarını uyğun
şəkildə qiymətləndirə bilmirlər. Yəni, adamlar məsuliyyətsiz davranırlar və
dövlət də məcbur olub cəzaları sərtləşdirməklə, onlara əvvəlcədən xəbərdarlıq
etməli olur. Əgər belə insanlar bundan nəticə çıxartmasalar, öz əməllərinə,
davranışlarına diqqət yetirməsələr, təbii ki, dövlət daha sərt cəza tətbiq
etmək məcburiyyətində qalacaq. Belə insanlar artıq başa düşməlidir ki,
məsuliyyətsizlik dövrü arxada qaldı, bundan sonra daha sərt cəzalarla üzləşə
bilərlər”.
Bu daha sivil və nizamlı
şəraitin yaradılması deməkdir
"Bakı Xəbər” qəzetinin baş
redaktoru Aydın Quliyev qeyd edib ki, mövcud qanunvericilikdə insan
ləyaqətinin, şəxsi həyatın mühafizəsi və sair kimi məsələlərlə bağlı təklif
edilən dəyişikliklərdən sonra medianın yanaşmalarında müsbətə doğru
irəliləyişlər olacaq: "İllərdir biz bu məsələləri Mətbuat Şurasının İdarə
Heyətində, müvafiq komissiyaların iclaslarında müzakirə edirdik və bir sıra
çətinliklərlə rastlaşırdıq. Ənənəvi, yəni çap mediasında bununla bağlı
qarşımızda hər hansı problem yox idi. İstənilən məsələnin qanun çərçivəsində
həllinə qərar verə bilirdik. Çap mediasının jurnalistləri də hansı çərçivədə
fəaliyyət göstərəcəklərini qanuna söykənərək, dəqiq bilirdilər və ona görə də
problem yaranmırdı. Amma internet mediada, sosial şəbəkələrlə bağlı çox ciddi
problemlər yaranırdı. Çünki internet mediada bu kimi məsələləri tənzimləmək
üçün müəyyən hüquqi normativlər yox idi. Çox yaxşıdır ki, internet media da
ümumən mətbuatın çərçivəsinə salındı və qüvvədə olan qanunvericilik bu sahəyə
də aid edildi. Xüsusilə, internet mediada insanların şəxsi həyatına müdaxilə,
onların şərəf və ləyaqətinin təhqir olunması, alçaldılması və bu sahədəki
boşluqdan sui-istifadə etmə halları, demək olar ki, aradan qalxacaq. Bu addım,
bəzilərinin dediyi kimi, internet medianın nəzarətə götürülməsi yox, bu sahənin
inkişafı üçün daha sivil və nizamlı şəraitin yaradılması deməkdir”.
Bəxtiyar MƏMMƏDLİ