• cümə axşamı, 28 mart, 16:57
  • Baku Bakı 16°C

Sosial problemlər nəzarətə götürülüb

26.09.20 15:15 502
Sosial problemlər nəzarətə götürülüb
Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə növbəti canlı görüşü sentyabrın 25-i Keşlə qəsəbəsi R. Ağayev 4, Q. Sadıq, 1-ci Köndələn 4a, M. Ağayev 39, T. Bədəlov 40 və Zakir 11 ünvanlarında baş tutub.
Karantin qaydaları çərçivəsində keçirilən görüş zamanı sakinlərin bir sıra problemlərini yaxından dinləmək və müzakirə etmək imkanı yaranıb. Su xətlərinin çəkilməsi, kanalizasiya xətlərinin bərpa edilməsi, mənzillərin üzərindən keçən yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsi və məşğulluğun artırılması sakinlərin qaldırdığı əsas məsələlər sırasında olub. Qeyd edilən problemlərlə yanaşı, Keşlə qəsəbəsinin sakinlərini ən çox narahat edən iki mühüm məsələ daha çox diqqət çəkib. Bu problemlərdən biri Keşlə qəsəbəsindən keçən 30 saylı marşrut xəttinin bərpa edilməsi ilə bağlıdır. Belə ki, Babək prospekti ilə Keşlə qəsəbəsini əlaqələndirən döngənin bir neçə kilometr irəlidə olması hazırda marşrut avtobuslarının qəsəbəyə girişinə imkan vermir. Həmçinin Keşlə qəsəbəsindən keçən dəmiryol xətti ilə avtomobil yolunun kəsişməsində yenicə istifadəyə verilmiş yeraltı tuneldə işlər tamamlanmadığından tunelsonrası qəsəbəyə daxil olmaq üçün avtomobil yolunun da olmadığı diqqətə çatdırılıb. Əslində tunelin çıxışında kiçik bir dairənin inşa edilməsi bu problemin aradan qaldırılmasında effektiv ola bilər.
Görüş zamanı sakinlər tərəfindən qaldırılan bütün məsələlər nəzarətə götürülüb. Yeni marşrut xəttinin çəkilişi və dairənin inşası ilə bağlı prioritet məsələlərin həll olunmasına köməklik göstərilməsi məqsədilə Baş nazir Əli Əsədova müraciət ünvanlanıb.
K.Nurullayeva bildirib ki, pandemiya dövründə müəyyən məhdudiyyətlərə baxmayaraq, seçiciləri qayğılandıran bütün məsələlər diqqətdə saxlanılır: "Həmişə olduğu kimi, bu dəfə də seçicilərimlə canlı görüşmək, onların fikir və təkliflərini dinləmək mənim üçün çox xoş oldu. Milli Məclisin üzvü kimi hər zaman seçicilərimin yanında olacaq, heç zaman onlardan dəstəyimi əsirgəməyəcəm”.
banner

Oxşar Xəbərlər