• cümə, 19 Aprel, 08:17
  • Baku Bakı 13°C

Sosial müəssisələrdə göstərilən xismətlərin səviyyəsi yüksəlir

24.02.20 15:00 1740
Sosial müəssisələrdə göstərilən xismətlərin səviyyəsi yüksəlir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondunun Sosial Xidmət müəssisələri 1121 nəfərə daimi xidmət göstərir. Onlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi-reabilitasiya xidmətləri ilə təmin olunurlar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müəssislər sosial xidmətlərinin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişlənməsi sahəsində xeyli iş görür. Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bu barədəAZƏRTAC-a müsahibə verərək deyib: "Sosial müəssisələrdə yaşayanlardan 294 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və onlar fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayır. Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində son illərdə həmin sosial xidmət müəssisələrində uşaqlar üçün nümunəvi yaşayış şəraiti, uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb. Hər iki müəssisədə 5-18 yaşlarında uşaqlar daimi dövlət təminatındadır və həmin uşaqlar münasib yaşayış şəraiti ilə təmin ediliblər. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.
Fondun 1, 2, 3 saylı Psixonevroloji sosial xidmət müəssisələri kəskin və ya xroniki psixi xəstəliklər səbəbindən əlilliyi olan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Müəssisələrdə 430-dək şəxs daimi dövlət təminatındadır. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun sosial xidmət və qayğı göstərilir, yaşı və sağlamlıq imkanları nəzərə alınaraq reabilitasiya işləri aparılır.
1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə 15-29 yaşlı gənclər qəbul olunurlar. Hazırda həmin müəssisədə 100 gənc peşə təhsili alır”.
Vüqar Behbudovun dediyinə görə, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıdışına nail olunması sahəsində də işlər aparılır. Bəzən valideynlər övladlarını sosial müəssisələrə verdikdən müəyyən müddət sonra yenidən onlarla görüşə gələrkən aparılan reabilitasiya işləri nəticəsində uşaqlarının davranışında nəzərəçarpan dəyişikliklər görərək onları yenidən ailələrinə qaytarırlar.
Şöbə müdiri bildirib: "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 239 sakin yaşayır. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə özünəqulluq qabiliyyətini tamamilə və ya qismən itirmiş, müəssisədə saxlanılmasına maneə yaradacaq psixi pozuntusu və ya yoluxucu xəstəliyi olmayan, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər qəbul edilirlər. Həmin sosial xidmət müəssisəsində pensiya yaşına çatmış şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunması, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən şərait mövcuddur. Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir. Müəssisədə yaşayanların sağlamlığına da xüsusi diqqət göstərilir, vaxtaşırı tibbi müayinədən keçirilirlər.
Ölkəmizdə hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunduğu "Məzun evi” sosial müəssisəsi Prezident İlham Əliyevin həmin kateqoriyadan olan gənclərə xüsusi qayğısının və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. "Məzun evi” Sosial Müəssisəsində valideyn himayəsindən məhrum və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları mənzillə təmin edilirlər. "Məzun evi” çərçivəsində çoxmənzilli 3 yaşayış binası istifadəyə verilib, hazırda daha bir bina tikilir.
"Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” sosial xidmət müəssisəsində 47 nəfər, "Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya müəssisəsi” sosial xidmət müəssisəsində isə 12 uşaq dövlət himayəsindədir.
Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi sosial reabilitasiya və abilitasiya həyata keçirən və həmin müddətdə müvəqqəti yaşayışı təmin edən yarımstasionar və stasionar sosial xidmət müəssisəsidir”.
V. Behbudov insan alverinin qurbanları ilə əlaqədar həmin müəssisələrdə görülən işlər barədə də məlumat verib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2019-ci il ərzində 121 nəfərə ehtiyacına uyğun yardımlar göstərilib. Onlardan 85 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən mərkəzə istiqamətləndirilib, 36 nəfəri isə müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş potensial insan alveri qurbanları və ya insan alveri qurbanına çevrilmək riski ilə üzləşənlərdir.
Yardım mərkəzinin məqsədi insan alveri qurbanlarına hüquq və mənafelərinin müdafiəsində, eləcə də tibbi, psixoloji və digər sahələrdə yardım göstərmək, habelə insan alveri qurbanlarının sosial reabilitasiyasına, onların cəmiyyətdə reinteqrasiyasına, normal həyat tərzinə qaytarılmasına yardım göstərməkdir”.
Şöbə müdiri qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq hazırda reabilitasiya sistemi kimi, sosial xidmət infrastrukturunun da müasirləşdirlməsi işləri aparılır. Həmin məqsədlə ötən il Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir.
Bu il Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də fəaliyyətə başlayacaq. Mərkəz həmin şəxslərin sosial adaptasiya tədbirlərinə cəlb olunması, müvafiq hallarda onların hüquqlarının, qanuni mənafelərinin qorunması, onlara yardım göstərilməsi və s. istiqamətlərdə fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər