• cümə axşamı, 28 mart, 20:01
  • Baku Bakı 13°C

Sosial məsafəni qısaldan ictimai nəqliyyat

31.10.20 11:09 761
Sosial məsafəni qısaldan ictimai nəqliyyat

Avtobuslardakı sıxlıq, koronavirusa yoluxmanı qışa doğru daha da artıra bilər
COVID-19-a yoluxmanın yenidən artması ilə əlaqədar "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 19 oktyabrdan etibarən Bakı metropolitenində yenidən sərnişindaşıma fəaliyyəti dayandırıldı. Həmin gündən etibarən ictimai nəqliyyatda insan sıxlığı, yollarda tıxacın artmasının şahidi olduq. Koronavirusla əlaqəli karantin dövründə metronun işləmədiyi əvvəlki zamanlarda da eyni vəziyyət yaşanırdı. Və düşünürdük ki, bu dəfə problem əvvəlki qədər olmaz, ötən dəfəki situasiya həll yolları tapmaq üçün bir təcrübə olar. Amma əksini gördük. Avtobuslarda yenə eyni insan sıxlığı, yollarda eyni tıxac...
Və deyirlər ki, avtobusların metronun yükünü qaldırması mümkün deyil, sıxlıq yaşanması normaldır. Həqiqətən normaldır? Metronun bağlanması, sərnişindaşıma yükünün avtobuslara yüklənməsi halını sentyabrın ortalarına qədər də yaşadıq. Bu dövrdə həlli mümkün deyildimi? Vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün nə etmək olar? Çünki məsafə gözləməli olduğumuz dövrdə, ictimai nəqliyyatda heç bir məsafədən söhbət getmir...
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, metronun yükünü qaldırmaq üçün xəttə 3000 avtobus buraxılmalıdır, amma hazırda bu işi 2100 avtobus həyata keçirir: "İctimai nəqliyyatın tənzimlənməsi həssas və qəliz məsələdir. Kənardan göründüyü kimi asan deyil. Bir avtobusu başqa xəttə yönləndirmək belə, bəzən aylarla, illərlə vaxt aparır. Bunun üçün ən azından böyük təhlillər aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Metro işləyən dövrdə təkcə Bakı şəhərinin sərnişin yükünü daşımaq üçün ən azı 2500 avtobus lazımdır. Amma hazırda Bakı şəhərində təxminən 2100 civarında avtobus sərnişindaşıma həyata keçirir. Düzdür, yeni avtobuslar gətirilir, amma eyni zamanda da köhnələri xətdən çıxarmağı tələb edirlər. Çünki o avtobuslar istismar dövrünü başa vurub, təhlükəlidir. Deməli, rəqəmlər dəyişmir. 10 ədəd avtobus gətirilirsə, 10 ədədi də istismardan çıxarılır. Beləliklə, biz hələ o rəqəmi əldə edə bilməmişik. Metro işlədiyi vaxtlarda 2500 lazımdırsa, indiki halda təxminən 3000 avtobus olmalıdır ki, metronun yükünü qaldıra bilsin”.
E.Muradlı bildirdi ki, metronun işləməyəcəyi yaxın gələcəkdə tıxac və avtobuslardakı sıxlıq probleminin həlli real görünmür: "Qısa müddətdə bu problemin aradan qalxacağını gözləmirəm. Çünki ən azından reallıqlar var. Müharibə şəraitindəyik. Hazırda dövlətin elə bir fikri yoxdur ki, bir gecənin içində 500 avtobus alıb gətirsin və problemi həll etsin. Bu, hələ yaxın perspektivdə gözlənilmir. Düzdür, ölkə rəhbərinin tapşırığı ilə mərhələli şəkildə avtobuslar gətirilib, amma qısa müddətdə əlavə 500 avtobus alıb xəttə buraxmaq mümkün deyil. 300 avtobusu bir il yarıma gətirib çıxardıq. Bu təcrübə ən azından yadımızdadır”.
Ekspertin sözlərinə görə, tıxacın bu səviyyədə olmasının əsas səbəblərindən biri yollara bağlıdır: "Elə küçə və prospektlər var ki, o istiqamətdə metro olsa belə, iritutumlu avtobusların hərəkəti çox çətindir. Küçələrdə qanunsuz parklanmadan tutmuş səkilərin zəbt edilməsi, ticarət obyektlərinin tikilməsi, bunlar hamısı yol şəbəkəsi ilə bağlı olan məsələdir. Əgər yol yoxdursa, orada nə avtobus işləyə bilməyəcək, nə də taksi. Ona görə, bu gün metronun olmaması çox ağırdır, ictimai nəqliyyata böyük təsir göstərir”.
E.Muradlı deyir ki, tramvay-trolleybus sistemi olsaydı, bu gün yollarda, ictimai nəqliyyatdakı problem bu vəziyyətə gəlməzdi: "O infrastrukturun da qısa müddətdə qurulması mümkün deyil. Ölkə rəhbərinin bununla bağlı tapşırığı var. Tramvay-trolleybus məsələsinə baxılır. Amma bu gün həmin ictimai nəqliyyat növləri olsaydı, inanın ki, biz bu qədər əziyyət çəkməyəcəkdik. O baxımdan, düşünürəm ki, problemin kökünü tam həll etmək üçün ictimai nəqliyyatın digər növlərini inkişaf etdirmək lazımdır. Problemin bir həlli üçün avtobus istehsalı Azərbaycanın özündə də qurulmalıdır. Azərbaycan bir balaca təşəbbüs göstərsə, avtobus istehsalını qura bilər. Avtobus avtomobildən daha yüngül mexanizmə sahibdir. Düzdür, tutumu böyükdür, amma onun yığılması mümkündür. Sadəcə olaraq, düzgün iş qurmaq lazımdır. Məsələn, Türkiyədən bunu alıb gətirmək, Türkiyə ilə müştərək şirkət qurub burda da onu istehsal etmək olar”.
Ekspert qeyd etdi ki, koronavirusla mübarizə çərçivəsində marşrut avtobuslarında həftə ərzində 2-3 dəfə dezinfeksiya işləri aparılır: "Hansısa daşıyıcı şirkətin avtobuslarını gündəlik dezinfeksiya etdirdiyinə inanmıram, amma həftədə 2-3 dəfə edə bilərlər və edirlər də. Tanıdığım bəzi şirkətlər həftədə ən azı 2-3 dəfə dezinfeksiya etdirməklə bağlı qayda qoyublar. Amma avtobusların gündəlik yuyulması, təmizlənməsini həyata keçirirlər. O, sadə işdir. Amma sırf dezinfeksiya işləri vaxt və xərc aparır. Ona görə, inanmıram ki, hansısa şirkət bunu hər gün etsin. Həftədə 2-3 dəfə etsələr belə, yaxşı göstəricidir”.
Tibbi ekspert Adil Qeybulla bildirdi ki, pandemiyanın ilk günündən bəri ən bərbad vəziyyət ictimai nəqliyyatda müşahidə olunur: "Ümumiyyətlə, xəstəliyin mənbəyi birmənalı olaraq xəstə insandır. Bu baxımdan da xəstə insanın burun aerozolundan birbaşa insanların nəfəs yollarına, ətrafdakı əşyalara və s. düşən virus yoluxma mənbəyi ola bilər. Bu baxımdan da sosial məsafənin gözlənilməsi, maska taxılması, dezinfeksiya tədbirlərinin həyata keçirilməsi, əllərin yuyulması - bunlar ən əlçatan, ən effektiv və alqoritm təşkil edən tədbirlər sistemidir ki, artıq Dünya Səhiyyə Təşkilatı da bunu təsbit edib. Bu, əslində, karantin davranışları sayılır. Və buna əməl etmək - xüsusilə də qapalı mühitdə - hər kəsin vəzifəsi hesab edilir. Ancaq ictimai nəqliyyatda bu, mümkün deyil. Pandemiyanın ilk günündən bəri müşahidə olunan ən bərbad vəziyyət ictimai nəqliyyatdadır. Pandemiya ilə mübarizədə ictimai qurumlardan ən bərbad fəaliyyətdə olan, təəssüf ki, Bakı Nəqliyyat Agentliyi oldu. Onlar gedib avtobusları və yolda maşınları çəkməkdənsə, bütün güclərini səfərbər edib bu işləri qaydaya salmalıdırlar. Amma bunlar olmadı. Düşünürəm ki, ictimai nəqliyyatda qayda-qanun yaratmağa ya cəhd etmədilər, ya da yarada bilmədilər. Avtobus sayı təmin olunmadı. Əslində, metro bağlanandan sonra ictimai nəqliyyatın yükü artdı. Yəni burda obyektiv səbəblər də var. Amma hər halda, özlərindən asılı olan subyektiv səbəblər də var. Gərək avtobus sayını artırardılar, insanların seyrəlməsini təmin edərdilər. Bunların heç biri olmadı. Avtobusun giriş-çıxış qapılarında dezinfeksiyaedici məhlullar olmalıdır. Amma bir çoxunda qabda məhlul yoxdur, qabı sındırılan, görüntü üçün orda saxlayanlar çoxdur. Yəni bu iş intizamlı qurulmalıdır. Əlbəttə, bütün bunlar yoluxma potensialının artmasına səbəb olur. Unutmamalıyıq ki, bu gün Azərbaycan həlledici və həyati vacib işlə məşğuldur. Və infeksiyanın, koronavirusun ön cəbhəyə keçməsinin hər vəchlə qarşısını almalıyıq”.
Tibbi ekspert deyir ki, marşrut avtobusları həftədə bir neçə dəfə deyil, gündəlik dezinfeksiya olunmalıdır: "Əslində, bütün avtobuslar ən azı səhər xəttə girəndə, yaxud günün sonunda dezinfeksiya olunmalıdır. Onun bütün qapı dəstəkləri, əl tutmaq üçün yerlər, harada ki, insanların əllərinin təmasları var, onlar mütləq yaxşı antiseptik məhsullarla təmizlənməlidir. Avtobuslarda kondisioner deyil, ventilyasiya sistemi qurulmalıdır. Bütün bunların hamısı virus yükünü müəyyən qədər azaltmış ola bilər. Və ehtiyac olduqda avtobusa minən şəxslərə özünüqoruma qaydalarına riayət etməklə bağlı məlumat verilməli, bunu tələb etməlidir. Amma görürsən ki, sürücü özü maskanı çənəsinə taxıb və yaxud burnu açıq, bu şəkildə avtobusu idarə edir. Onda camaata nə məsləhət verəcək, nə qayda tələb edəcək?”
Pandemiya yayılandan indiyə qədər ölkədə ən yüksək gündəlik yoluxma sayı artıq bu günlərdə yaşandı. Gündəlik 1000-i keçən yoluxma qeydə alındı. A.Qeybulla bildirdi ki, ictimai nəqliyyatın bu vəziyyətdə olması qışa doğru koronavirusa yoluxma sayının daha da artmasına gətirib çıxara bilər: "Əgər ictimai nəqliyyat belə davam etsə, hesab edirəm ki, bu, virusa pis təsir edə bilər, çünki bu cür hallara görə biz bir dalğanı belə yekunlaşdıra bilmədik. Nəzərə alsaq ki, payız aylarında soyuqdəymə, kəskin respirator xəstəliklərin də xüsusi çəkisi artır, bu, əlbəttə, problem yarada bilər, çünki koronavirusla kəskin respirator xəstəliklərin oxşar əlamətləri çoxdur. Qızdırma, öskürək, halsızlıq, əzələ və bel ağrıları hər ikisində var. O baxımdan da bizə bu xəstəliklərin diferensial diaqnostikasında, ayrılmasında problem yarada bilər. Bilirik ki, artıq 8000-ə yaxın aktiv xəstə var və xəstəxanaların xəstə yerləşdirmək imkanları məhduddur. Və xəstələrin bir qrupu ambulator şəraitdə müalicə olunmalıdır. Ona görə də, bizim işimiz getdikcə ağırlaşır”.
Aygün
banner

Oxşar Xəbərlər