• cümə, 29 Mart, 18:43
  • Baku Bakı 14°C

Sosial məsafəli, tibbi maskalı, “Britaniya ştammlı” Novruz

20.03.21 09:00 603
Sosial məsafəli, tibbi maskalı, “Britaniya ştammlı” Novruz
Həkimlər bayram günlərində təmasdan maksimum qaçmağa çağırırlar
Xalqımızın bayramlaşmaq kimi gözəl adəti var. Xüsusilə Novruz bayramında xonçalar düzəldilir, papaqlar atılır, hər kəs bir-birinə qonaq gedir. Kiçiklər böyükləri ziyarət edir, böyüklər kiçiklərin qayğısı, sevgisi ilə sevinir, doğmalaşır, əylənirlər. Builki Novruz isə bir başqadır. 30 il sonra ilk dəfə Şuşada tonqal qalandı. Bu Novruz Qarabağlı Novruzdur. Bəlkə də ən gözəl Novruzlardandır. Lakin həm də koronaviruslu, sosial məsafəli, tibbi maskalı, hətta Britaniya ştammlı Novruzdur...
Hər il Novruz bayramı ərəfəsində Bakı küçələrində tədbir və şənliklər təşkil edilir. Bu dəfə pandemiya səbəbindən bu cür tədbirlər təşkil olunmayacaq. Bakı küçələrində nə keçəl, nə də kosa ilə rastlaşacağıq. Çünki gündəlik yoluxma sayı son günlər 800-900 arasında dəyişir. 4 rəqəmli sayları görməmək üçün qaydalara riayət etməyə məcburuq.
"Yoluxma halları elə həddə gəlib çata bilər ki...”
TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev hər kəsə bayramı öz evində ailəsi ilə qeyd etməyi tövsiyə edir: "Qarşıdan bayram günləri gəlir. Gediş-gəliş artacaq və insanlar bir-biriləri ilə daha çox təmasda olacaqlar. Nəticədə yoluxma hallarının artımı davam edə bilər. Hər kəsə bayramı öz evində ailəsi ilə qeyd etmək tövsiyə olunur. Əks-təqdirdə yoluxma halları elə həddə gəlib çata bilər ki, noyabr-dekabrda olan hadisələri yenidən yaşaya bilərik. Gündəlik yoluxma statistikasına dırnaqarası baxmamalıyıq, yoxsa yenidən dördrəqəmli sayları görə bilərik. Toplum olaraq qış aylarında bir çox vətəndaş virusa yoluxub sağaldı və onlarda qoruyuculuq yarandı. Yanaşı olaraq peyvəndləmə prosesi gedir. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu xəstəlikdən yaranmış anticisim bəzən daha qısa müddətdə yox ola bilir. Yəni daimi olaraq qalmır. Təcrübədə təkrar yoluxmalar da qeydə alınır. Ona görə də "xəstəliyi əvvəl keçirmişəm və məndə anticisim var” və ya "peyvənd olunmuşam arxayın ola bilərəm” kimi fikirlərdən yayınmaq lazımdır. Həmin şəxslər də hər kəs kimi qorunma tədbirlərinə əməl etməlidirlər”.
Həkim-infeksionistin sözlərinə görə, maskalardan doğru istifadə olunmaması da yoluxma saylarında artıma səbəb ola bilir: "Bəzi vətəndaşlar maskaya sanki qorunma vasitəsi kimi deyil, daha çox cəzadan yayınmaq vasitəsi kimi yanaşırlar. Ya maska doğru istifadə olunmur, yəni burunun və ya çənənin altında olur, ya da ondan dəfələrlə istifadə olunur. Tibbi və ya cərrahi maskaların istifadə müddəti 6-8 saatdır. Vətəndaşların əksəriyyəti maskanı cibində gəzdirir və həftələrlə istifadə edir. Bu zaman maska yararsız hala düşür. Maskanın belə istifadəsi zamanı dolayı yolla özümüzü də yoluxdura bilərik. Bundan əlavə, parça materialından olan maskalardan istifadə olunur ki, onların da hər hansı bir qoruyuculuğu yoxdur. Təəssüf ki, bunlar əhali arasında çox geniş istifadə olunur. Müxtəlif rəngli, bəzəkli parça maskalar sadəcə görüntü xarakteri daşıyır və cəzadan yayınmaq məqsədilə taxılır. Əgər onlar qoruyucu olsa idi, o zaman hər kəs evində bu maskanı hazırlayıb istifadə edə bilərdi. Bu zaman sterilizə olunmuş şəkildə, xüsusi şəraitdə hazırlanan maskalara o qədər ehtiyac olmazdı”.
Məlumdur ki, Azərbaycanda artıq koronavirusun Britaniya ştammı aşkarlanıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
"Uşaqlar risk qrupuna daxildir”
Həkim Turanə Rəsulova deyir ki, virusun mutant variantı yoluxma sayı ehtimalını 70 faizə qədər artırır: "R bir yoluxucu xəstəliyin nə qədər yoluxucu olduğunu göstərən riyazi termindir. Bu da çoxalma nömrəsi olaraq adlandırılır. Bir infeksiya yeni insanlara ötürüldükcə özünü çoxaldır. Pandemiyada bu R dəyəri 1-in altındadırsa, xəstəlik kontrol altına alınacaq. Yəni 1 nəfər yalnız 1 insanı yoluxdurursa, onda biz bunu yavaş-yavaş kontrol altına ala biləcəyik. Lakin yeni ştammın yaranması R dəyərinin 0,4 dəfə artımına səbəb oldu. Bu da yoluxma ehtimalını ciddi şəkildə artırır. Yoluxma ehtimalının artması xəstələnmə sayının, ağır xəstəlik hallarının artmasına, xəstəxanalarda sıxlığın yaranmasına və səhiyyə sisteminin həddindən artıq ciddi problemlərlə qarşılaşmasına səbəb olacaq. Ona görə də "Britanya ştammı” təhlükəlidir. "Britaniya ştammı” böyüklərdə xəstəliyin klinik gedişində ciddi dəyişiklik törətmir. Çində başlayan orijinal virusdan ciddi fərqlənmir, lakin bu yeni virus ştammının uşaqlarda xəstəlik törətmə ehtimalı artıb. Xüsusilə, 0-9 yaş qrupunu əhatə edir. Bu yaş qrupu əvvəl risk qrupuna daxil deyildi. Lakin "Britaniya ştammı”nda vəziyyət dəyişib. Bu baxımdan təhlükəlidir”.
"Əlimizdə vaksin kimi böyük bir silah var”
Həkim deyir ki, "Britaniya ştammı”nın müalicəsində ciddi dəyişiklik yoxdur, müalicə eyni şəkildə həyata keçirilir: "Artıq 1 ildir ki, virus üçün spesifik dərman preparatı tapılmayıb. Dərman preparatının tapılması və inkişaf etdirilməsi 10 illərlə vaxt aparan prosesdir. Biz indiyə qədər başqa virus infeksiyalarında istifadə etdiyimiz müalicə metodlarını eyni şəkildə tətbiq edir, bəzən yanılır, başqa bir dərman tətbiq edirik. Bu şəkildə xəstəyə spesifik müalicə təyin edirik. Amma indi əlimizdə vaksin kimi böyük bir silah var. Bu da böyük bir ümiddir. Qısa müddətdə daha çox insanın vaksin olunması pandemiyanı daha yaxşı idarə edilə bilən formaya salacaq. "Sinovak” vaksini mutant virusa da təsirlidir. Ona görə də hamı vaksin olunmalıdır”.
"Hərəkətlərimizi məhdudlaşdırmalıyıq”
T.Rəsulova bayram günlərində yoluxma hallarının artmamağı üçün vətəndaşlara tövsiyələrini də verib: "Novruz bayramı hər birimizin ən sevdiyi bayramlardandır. Üstəlik bu Novruz Qarabağlı, ən gözəl Novruzlardandır. Bəlkə də 30 ildə ən gözəl Novruzumuz bu Novruzdur. Mən də istəyərdim ki, rayonlara gedək, qohumlara baş çəkək. Amma mənim daha böyük istəyim ondan ibarətdir ki, insanlar xəstələnməsin, ölməsin, bu xəstəliyə görə, ağır günlər yaşamasın, reanimasiyalara düşməsinlər. Ona görə də biz qaydalara riayət etməli və başqalarına, özümüzə ziyan verməmək üçün hərəkətimizi məhdudlaşdırmalıyıq. Qorunma tədbirlərinə davam etməliyik. Bu Novruz daha çox həmrəy olub virusla mübarizədə birlikdə addımlamağımız gərəkən Novruzdur. Bakı pandemiyanın mərkəzi olduğu üçün regionlara virus Bakıdan yayılır. Ona görə də insanlarımızı qorumaq üçün Bakıdan giriş-çıxışın məhdudlaşdırılmasının tərəfdarıyam. Hər bir azərbaycanlı dəyərlidir və onun üçün qorunma, məhdudiyyətlər nə lazımdırsa, tətbiq edilməlidir”.
"Bu da ölkə üçün faciələrə səbəb ola bilər”
Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev də təsdiqləyir ki, "Britaniya ştammı”nın yoluxduruculuq qabiliyyəti daha yüksəkdir: "Təəssüflər olsun ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin də yüksək olduğunu elmi olaraq təsdiqləyib. Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, "Britaniya ştammı”na yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVID-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır”.
Həkim vurğulayıb ki, bayram günlərində tələb olunan bütün qaydalara riayət etməliyik: "Çünki insanların zərurət olmadan küçələrə çıxması, kütləvi bayram mərasimləri keçirməsi, bir-birinin evinə qonaq getməsi və canlı ünsiyyətlərin sayını minimuma endirməmələri yeni ştammın geniş yayılmasına gətirib çıxara bilər. Bu da ölkə üçün faciələrə səbəb ola bilər”.
Biz dünyanı bürümüş bu xəstəliyə qarşı birlikdə mübarizə aparmalıyıq ki, mübarizəmiz də öz nəticəsini versin. Çünki gözəl günlər, bayramlar, zəfərlər hələ qarşıdadır. Bir olaq ki, bu "döyüş”dən də zəfərlə çıxaq.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər