AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Sosial media bu gün oxun yaydan çıxması kimi bir şeydir”

“Sosial media bu gün oxun yaydan çıxması kimi bir şeydir”

Müsahibə
16 İyul 2013, 09:45 1796
Sosial mediada etik-davranış qaydalarının pozulması ilə bağlı narahatlıqlar gündəmin mövzusuna çevrilib. Problemin müzakirəsi Dəyirmi masaların, seminar və konfransların əsas mövzusuna çevrilsə də, ölkələrin problemlə bağlı bəlli qanunları olsa da hələ ki, həlli yolları çözülməyib.

“Zaman” qəzetinin baş redaktoru Süleyman Ünalla söhbətimiz də sosial medianın yaratdığı problemlərlə və ölkələrin təcrübəsi ilə bağlıdır.

Sosial media bəlası

- Hazırda ölkələr internetdə etik davranışları tənzimləmək üçün addımlar atır. Bu istiqamətdə qonşu Türkiyədə hansı işlər görülür?

- Türkiyə çox ciddi təcrübələrdən keçdi. Həm Şərq toplumunun özəllikləri, həm də Qərb toplumunun yaşadıqlarını bir yerdə götürmələri ilə uzun zamandır sarsıntılar keçirdi. İki tərəfi də bildiyi üçün Türkiyəni “təcrübəli” də adlandırmaq olar. Mətbuat qanunundan 19-cu maddəni çıxarana qədər hər şey qarışıq idi. İnsanlar qarşılarına keçən hər şeyi yaza bilirdilər. Bu qəzet jurnalistləri üçün də rahat idi. Bu maddə çıxarılandan sonra insanlar təcrübəli jurnalist olmanın gərəkliyini anladılar. Türkiyədə təzminat çox rahat şəkildə açılmağa başladı. İnsanlar hətta media yolu ilə etdikləri təhqirə görə həbsə girməklə üz-üzə durdular. Artıq Türkiyədə keçmişdəki qədər yalan xəbər yazmaq mümkün olmadı. Qanunda bir sıra hüquqi dəyişikliklər edildikdən sonra insanlar bir qədər rahat oldular. Əslində jurnalistlər özləri də rahat oldu. Təəssüf ki, təcrübəli jurnalistlərin yerinə oturduqları bir zamanda sosial mediada iş fərqli bir halda gündəmə gəldi. Hazırda Türkiyədə qəzet və televiziyada deyə bilmədiklərini sosial media və internet vasitəsilə deyirlər. İnternet üzərində qanunun olmaması üzündən Türkiyə ciddi şəkildə sıxıntı yaşayır. Bunun nə qədər belə davam edəcəyi bilinmir. Amma yəqin ki, düzəlişlər ediləcək. Çünki insanlar bu işdə günahsız olmağa başladılar. Xüsusən son olaylardan - Gəzi Parkı hadisələrindən sonra dövlət sistemin təhlükəyə düşəcəyini düşünərək diqqət etməyə başladı. Artıq bu barədə sosial media ilə əlaqəli qanunda yeni düzəlişlər etmək haqda düşünürlər. May ayında Türkiyədə gündəlik 7 milyon twitt göndərilirkən 31 mayda - Gəzi hadisələri baş verən gün bu rəqəm 15 milyona çatmışdı. Təsəvvür edin, bir anda bu rəqəm ikiqat artıb. Bir gündə 15 milyon izləyicinin twitterdə olması nə deməkdir? Doğrunun arasına qatılan bir qisim yalanlar insanları da, dövləti də, qrupları da təhlükə altına almağa başladı. Əslində Gəzi hadisələrinə qədər ölkədə sosial media ciddiyə alınmırdı. Buna insanların öz aralarındakı görüşmələri, ünsiyyəti kimi yanaşılırdı. Gəzi Parkı hadisələrinə qədər sosial media istifadəçiləri gündəmi təqib etmək, özlərini məşhur hiss etmək, bilgi vermək, əylənmək, sosiallaşmaq, bilgi vermək, canı sıxıldığından şikayətlənmək və s. məqsədlər üçün sosial şəbəkələrdən istifadə edirdilər. Amma olaylardan sonra baş nazir “sosial media bəladır” dedi. Çünki onlar o riski gördülər. Sosial media günahsız da edə bilir, günahsız da edilə bilir. Biz özümüz də sosial mediadan istifadə edirik. Amma biz rahat yazarkən kimsə bizim haqqımızda xoşagəlməyən bir şey yazanda biz də rahatsız edirik. İnsanları edam etməmək lazımdır ki, özün də edam olunmayasan. Bu barədə düşündükdən sonra Türkiyə bu istiqamətdə yeni tədbirlər görmək məcburiyyətində qalır. Sosial media bu gün oxun yaydan çıxması kimi bir şeydir. Türkiyə olaylardan sonra Twitter mərkəzinə müraciət edərək orda yer alan yazışmaları istədi. Ancaq vermədilər. Əgər Twitter mərkəzi onları versə, bir çox insanları cəza gözləyir. Türkiyə zamanında bir qisim şeylər həyata keçirsəydi, indi bir az rahat yaşayardı.

- Avropada və dünyanın başqa ölkələrində də Twitter və Facebook istifadəçiləri var. Həmin ölkələrdə sosial media hansı məqsədlər üçün istifadə edilir?

- Amma Türkiyədən fərqli olaraq o ölkələrdə sosial mediadan dövlət əleyhinə istifadə etmək mümkün deyil. Çünki onlar sosial mediadan dövlət əleyhinə istifadə edə bilməzlər. Yəni istifadə etməmişdən əvvəl bütün istifadəçilər nəzarət altına alınır. Hətta insanların nootbooklarına, internet bağlantısına qoşulduqları yerə görə cavabdehdirlər. Hətta övladları belə onların adından istifadə etsələr də cavabdehlik daşıyırlar. Dövlətə, polisə qarşı bu cür davranmaq olmaz. Ancaq digər işlərdə sərbəstdirlər. O ölkələrdə sosial mediadan heç kəs dövlətin əleyhinə istifadə etməyi düşünməz. Düşünərlərsə belə qanun onların qarşısını kəsər. Ancaq Türkiyə kimi ölkələrdə sosial media riskli hala gəlməyə başladı. Sosial media təhrik etmə, özbaşına media - ölkə xaricində və daxilində olan insanların ortaq hərəkəti kimi istifadə olunmağa başlandı. Yəni hər hansı bir kəsin İngiltərədə oturub Türkiyədəki insanları yönəltməsi asan bir işdir. Bunun üçün türk dilini bilməsi yetərlidir. Məsələn, Avstraliya haqqında çox xəbərlər yazılır. Ancaq Türkiyədəki 3 saatlıq gündəm onların 1 aylıq xəbərləridir. Sosial media orada gənclərin istirahət yeridir. “Filan filmi gördünmü?”, “Filan işi etdinmi?” deyə gənclər bir-birləri ilə söhbətləşirlər. Amma Türkiyədə sosial media gərginlik halına gəldi. Nə üçün? Təəssüf ki, Türkiyə bu istiqamətdə qanunu vaxtında çıxarmamağının səhvini yaşayır. Azərbaycanda bununla bağlı qanunun vaxtında çıxarılması çox yaxşıdır. Qanunlar nə qədər vaxtında çıxarılırsa, o qədər təhlükəsiz hərəkət etmək mümkündür.

Əslində insanlar qorunur. Bu gün baxıb görürsən ki, media müstəqilliyi bəzən Azərbaycanda yanlış anlaşılır. Media azadlığı əslində bilgi alma və bilgi vermə azadlığıdır. Amma bu azadlıqdan bəzən başqalarını təhqir etmək üçün istifadə edirlər. Təhqir etmə müstəqilliyi istəyirsənsə, demək təhqir etmək istəyirsən. Türkiyə bunu yaşadı. Siz Türkiyədə istifadə etdiyiniz təhqirlərdən Avropa ölkələrində istifadə etsəniz bütün mal-mülkünüzü itirmiş olarsınız. Məsələn, Avstraliyada bir oğrunun məhkəməsi zamanı qəzet həmin adamı “oğru” adlandırdığı üçün mühakimə olunan şəxs qəzeti məhkəməyə verdi. Məhkəmə qərarı verilmədən müttəhimi oğru adlandırdığı üçün qəzet sahibi məhkəmənin çıxardığı təzminatları ödəməkdən ötrü qəzeti, daha sonra ev-eşiyini satmalı oldu.

“Al gülüm, ver gülüm”

- Həmçinin Türkiyədə indiyə kimi paparsi məsələsi qalır.


- Paparasilər “Al gülüm, ver gülüm” qaydası ilə işləyirlər. Bütün dünyada belədir. Özləri deyirlər ki, filan yerə gedirəm, gəl çək. Onlar gündəmə gəlmək üçün pul da verirlər. Bununla bağlı məhkəmə hadisələri yoxdur.

- Amma bəzən mətbuatda oxuyuruq ki, Avropada, Amerikada ulduzlar paparasilərdən qaçırlar.

- Düzdür, qaçma halları var. Amma çox istisna hallarda. Ancaq bunlar da informasiya xətrinədir. Əgər siz bəlli vəziyyətdəsinizsə jurnalistlərin sizi təqib etməsi doğrudur. Məşhur olmanın üstünlüyü də budur. Başqa halda siz xəbəri haradan əldə edə bilərsiniz? Amma təhqir edə bilməzsiniz. Siz baş nazirin hara getməsi haqda hər hansı xəbəri verə, onu təqib edə bilərsiniz. Onlar özləri də təqib olunmalarını istəyirlər. Amma orda təhqir elementi olmamalıdır.

- Hansısa bir fotoqraf hər hansı bir naziri qarşılaşdığı yerdə fotosunu çəkə bilərmi?

- Dövlət tərəfindən gizli elan olunmayan hər yerdə çəkə bilərlər. Avstraliyada jurnalist kartını hər ildən, ya da iki ildən bir dəyişdirməlisən. Kartı dövlətin təyin etdiyi poçtlardan almaq olur. Amma bu kartı hər poçtdan almaq olmaz. Bu kart pasportdan daha önəmlidir. Pasportla hər yerə daxil olmaq olur, amma bu kartın arxasında “daxil olması qadağan olan yerlərin xaricində bu sənə yardımçı olur” sözləri yazılıb. Bu, əslində sizə qadağa qoyur. Əgər bir şey gizlidirsə siz onu edə bilməzsiniz.

- Avstraliya ilə Türkiyənin media qanunlarını müqayisə edəndə Avstraliyada daha üstün qanunların olduğu qənaətinə gəlirsiniz?

- Avstraliyada media qanunu yoxdur. Sadəcə, qanun var. Türkiyədə isə ayrıca media ilə bağlı qanun da var. Avstraliyada qanuna görə insanlar adi vəziyyətdə bir-birlərinə nə istəsələr söyləyə bilərlər. Ancaq bunu media vasitəsilə edərlərsə, əvəzini beşqat ödəməlidirlər. Bununla belə demək olmaz ki, orda hər şey çox yüksək səviyyədədir. Qanunları idarə edənlər, qaydalara düzəliş edənlər var. Qanunla maraqlananlar daha çox böyük çapda oynanan oyunlarla bağlıdır. Avstraliyada rüşvət yoxdur. Orda polis, hər hansı bir məmur rüşvət ala bilməz. Düzdür, yuxarı səviyyələrdə rüşvət ola bilər. Bir məmurun rüşvət ala bilməsi üçün ömür boyu qazanacağı puldan çox rüşvət alması lazımdır ki, bu riski edə bilsin. Əks təqdirdə rüşvət almaq mümkün deyil. Ümumiyyətlə, rüşvətin olmaması sosial tarazlığı qoruyur. Media da eyni şeydir. Xəbərlər heç kəsi narahat etməyəcəksə, bu, tarazlığı qoruyur.

- Siz Twitter və Facebook istifadəçilərinin statistikası ilə bağlı hər hansı məlumata maliksinizmi?

- Hazırda Türkiyədə Facebook istifadəçiləri dünya üzrə 7-ci yerdə qərarlaşıb. 32 milyondan çox insan fecebookdan istifadə edir. Böyük olması ilə bərabər bir o qədər də riskli rəqəmdir. Nəticə etibarı ilə bunun çox sıxıntılara yol açacağını görürlər. Bir gündə facebooka girilən təsir ortalama beş milyard dəqiqədir. Yəni 83 milyon saat, 3 milyon 472 min gün, 9500 il edir. Bu, bir gündə insanların facebooka xərclədiyi dəqiqədir. Sən, mən və onun... facebooka daxil olduğumuz zaman bu dəqiqələri xərcləyirikAvstraliyada may ayının sonuna qədər facebookdan 10 milyon yarım insan istifadə edib. Ölkədə 2 milyon 167 min twitter istifadəçisi var. Twitterdə hər istifadəçi 9 dəqiqə 25 saniyə qalır. Facebookda isə 27 dəqiqə qalırlar. Facebook istifadəçiləri üçün ən yüksək rəqəm 30-35 dəqiqə arasıdır. Azərbaycanda isə bu rəqəm 15-30 arasındadır.

Sıxıntı

- Bəs Türkiyədə ənənəvi media etik-davranış qaydalarına tam riayət edirmi?


- Türkiyənin media təcrübəsi əslində sadəcə sosial media ilə bağlı deyil. Türkiyənin qəzetləri, televiziyası başdan-ayağa qədər təcrübədir. Türkiyədə 256 normal televiziya fəaliyyət göstərir. Türkiyə televiziya və qəzetlərdə peşə etikası qaydalarını çox gözəl bacarır. Əgər sosial media da bunu bacarmazsa, ölkə çox böyük sıxıntılar yaşayar. Türkiyə Gəzi hadisələrini adladı. Ancaq “bundan sonra bu cür məlumatlar internetdə olmayacaq” demək olmaz. Bu, hər bir ölkədə ən böyük sıxıntıdır. Çünki haradan yönləndirildiyini bilmək olmur. Ekranın üzündə yazı var, amma arxasında kimin – yerlininmi, yabançınınmı olduğu məlum deyil.

- Bu problemlərin çözüm yolunu nədə görürsünüz?

- Zamanında xalqı bilgiləndirmək lazımdır. Xüsusən gərginlik yaşanan ölkələrdə bu, çox vacibdir. Məsələn, dövlət Gəzi parkı ilə bağlı insanları “Parkda 9 ağac kəsirik, amma əvəzində 900-dən çox ağac əkəcəyik”- deyə zamanında məlumatlandırsaydı, bu sıxıntılar insanların əlinə fürsət verməzdi. Bu üzdən bilgiləndirmək toplum üçün ən böyük avantajdır. Şəffaf görülən işlərdə şəffaf bilgilər olur.

Təranə Məhərrəmova