AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Sosial baxımdan ədalətlilik bərpa olunur”

“Sosial baxımdan ədalətlilik bərpa olunur”

Müsahibə
16 İyul 2020, 09:00 1591
Sahib Məmmədov: "Bəzən bir insanın güzəştli pensiya hüququ əldə etməsi üçün bir neçə ay çatmır"
 
Əmək şəraiti zərərli olan, ağır işlərdə çalışanlara daha tez əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur. Bu dəyişiklik  "pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə öz əksini tapır. Dəyişikliyə əsasən, bəzi kateqoriyadan olan vətəndaşların pensiyaya çıxma imkanı asanlaşacaq. Bu, xüsusi şəraitdə fəaliyyət göstərən şəxslərə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlətə təklif etdiyi layihədə əmək şəraiti zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışan kişilər və azı 10 il çalışan qadınların pensiya yaş həddinin 5 il azaldılması nəzərdə tutulur. Bundan əlavə, pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir. Layihə ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovla söhbətləşdik.
 
- Sahib müəllim, qanunvericilikdə əmək şəraiti zərərli və ağır işlər deyiləndə hansı peşələr nəzərdə tutulur?
- Azərbaycanda sağlamlıq üçün zərərli olan iş yerlərinin siyahısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən siyahıda əks olunub. Burada peşələrə görə siyahı hazırlanıb. Məsələn, metropolitendə, metro tikintisində çalışanların böyük əksəriyyəti zərərli iş şəraitində işləyənlərdir. Səhiyyə sistemində bir xəstəxanada həkim-terapevt adi iş şəraitində, həkim-radioloq isə zərərli iş şəraitində işləyən hesab olunur. Yəni bu, müəssisələr üzrə deyil, vəzifələr, peşələr üzrə müəyyənləşir. Azərbaycanda indi qızıl hasilatında, neft hasilatında, kimya, əczaçılıq, metallurgiya sahələrində çalışanların mühüm qismi zərərli iş şəraitində işləyən hesab edilirlər. Zərərli iş hesab olunan vəzifələrin siyahısına müntəzəm olaraq dəyişikliklər olunmalıdır. Həmin yerlərdə işləyənlərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Sovet dövründə iki cür siyahı var idi. Siyahı 1 və 2 nömrə olaraq, iki hissəyə ayrılırdı. Bir nömrəli siyahı daha zərərli iş yerləridir. Bu siyahıda yer alan işlərdə çalışan şəxslər daha tez təqaüdə çıxırdılar. İş rejimi də digər iş yerlərindən fərqlənirdi. Şaxta işləri, yeraltı işlər, tunellərin qazılması, kimyəvi məhsulların istehsal və emal olunduğu sexlər insan sağlamlığı üçün zərərli hesab edilən iş yerləridir. 1 saylı siyahıdakı işlərdə çalışanlara 10 il, 2 saylı siyahı üzrə işlərdə çalışanlara isə pensiyaya vaxtından 5 il əvvəl çıxmaq hüququ verilirdi. Sonradan bunlar dəyişdirildi, birləşdirilib vahid hala gətirildi, cins fərqləndirilməsi həyata keçirildi. Belə ki, zərərli işlərdə 12,5 il işləyən kişilər 60 yaşından, 10 il işləyən qadınlar isə 55 yaşından pensiyaya çıxa bilirdilər. Bu da o halda mümkün idi ki, onların sığorta stajı və sığorta kapitalı da tələblərə uyğun səviyyədə olsun. Yəni üçqat tələb var. İndi bu tələblərdə yumşalma təklif edilir. Birinci yüngülləşmə budur ki, kişilər 12,5 il, qadınlar 10 il zərərli işdə işləyibsə, iki tələbdən birinə cavab verirsə - ya sığorta stajı, ya da sığorta kapitalına qoyulan minimum həddə əməl olunursa, güzəştli şərtlərlə kişilər 55 yaşda, qadınlar isə 50 yaşda pensiyaya çıxa bilər. Gərək həmin ağır və zərərli iş şəraitində işləyən şəxslərin 12,5 il təcrübəsi olsun ki, pensiyaya çıxa bilsinlər. Eyni zamanda, əvvəl müəyyən olunmuş həcmdə pensiya və təcrübə olmalı idi. İndi onlardan yalnız biri olduqda, kifayət edəcək.

- Ümumiyyətlə, peşələrdə cins fərqinin qoyulmasını necə dəyərləndirirsiniz?
- Doğru deyil, sovet dövründə peşələrdə cins fərqi qoyulmurdu. Bu, ümumiyyətlə, praktikada yox idi. Qadın və kişi eyni əmək şəraitində işləyirsə, güzəştlər ikisinə də eyni tətbiq olunurdu. Ağır və nisbətən ağır olan iş yerləri var idi. İndi bunların hamısı birləşdirilib. Açığını desəm, indiki sistem məni qane etmir. Bircə yaxşı cəhət odur ki, 5 il güzəşt olunur. Güzəşt olmayanda kişilər və qadınların 65 yaşında pensiyaya çıxmaq hüququ var. Qərar dəyişdirildikdən sonra kişilər 10 , qadınlar 15 tez çıxacaqlar. Əlbəttə, bununla bağlı müəyyən problemlər var idi. Bu problemlər qismən də olsa, bu layihədə öz həllini tapacaq.

- İş stajı 1 il əskik olan və çətin şəraitdə işləyən insanlar var ki, məhz 1 ilə görə bu qərardan yararlana bilmirlər. Stajı az olan, amma çətin iş şəraitində çalışanlarla bağlı hansısa addımlar atılmalıdırmı?
- Bu, problemli məsələdir. Məsələn, mən özümdən misal çəkim ki, köhnə qanuna görə, 10 il staj topladıqdan sonra pensiyaya çıxmaq olurdu. Bu, məndə 9 il olduğu üçün güzəştdən istifadə edə bilmirəm. İndi də belədir. 12,5 il deyil, 10 il əmək fəıaliyyəti olubsa, bu güzəştdən istifadə edə bilməz. Yaxşı olardı ki, bu hallar da nəzərə alınsın. Məsələn, kimsə 12,5 il zərərli işdə işlədiyi üçün 55 yaşda pensiyaya çıxmaq hüququ əldə edəcəksə, biri də 10 il işləyibsə, 57 yaşından bu güzəştdən istifadə edə bilsin. Bəzən bir insanın güzəştli pensiya hüququ əldə etməsi üçün bir neçə ay çatışmır. Mənə elə gəlir ki, bu məsələlərlə bağlı da addımlar atılmalıdır. Bundan əlavə, çoxlu sayda insanlar var ki, daş karxanaları, tikinti və sair sahələrdə əmək müqaviləsi olmadan işləyirlər. Bu adamlar nəinki güzəştli, ümumiyyətlə, pensiya hüququndan məhrum olurlar.

- Bu dəyişikliyin sosial əhəmiyyəti nədir?
- Ağır və çətin şəraitdə işləyənlərin pensiyaya tez çıxmasının məntiqi ondandır ki, belə şəraitdə işləmələri o insanların ömürlərini qısaldır. Yəni onlar daha çox pensiya hüququndan istifadə etməlidirlər. Çətin, ağır iş şəraitində işlədikləri üçün onların əmək qabiliyyətləri daha tez məhdudlaşır. Burada sosial baxımdan ədalətlilik bərpa olunur. İnsanlar daha tez istirahət götürür və pensiya alırlar.

- Sizcə, 30 faizlik güzəşt məqbuldurmu?
- Pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajin eyni anda tələb olunması zərurətinin aradan qaldırılması da təklif edilir. Bu halda isə həmin vətəndaşlara pensiya kapitalı üzrə 30 faizlik güzəşt olunacaq. Bəli, hesab edirəm ki, bu güzəşt normaldır. Məlumat üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Elnur Abbasov bildirib ki, hazırda çətin şəraitdə işləyən şəxslərdən kişilərdən 39 min 600, qadınlardan isə 44 min 400 manat pensiya kapitalı tələb edilirsə, təklif qəbul olunarsa, bu rəqəmin 28 min 800 manata enməsi gözlənilir. Bütün bu dəyişikliklərin fonunda 9.1-ci maddə üzrə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslər, məsələn, 60 min manat kapital toplamış şəxs əvvəllər 300 manat pensiya alırdısa, təklif qəbul edilərsə, ona təyin olunacaq pensiya məbləği 420 manata yüksələcək.

Aygün ƏZİZ