“Şopinq Festival”ın nəticələri
Azərbaycan tarixində ilk dəfə təşkil edilən "Şopinq Festival”a yekun
vurulub. FestivalınTəşkilat KomitəsindənAPA-ya bildirilib ki, aprelin 10-dan
mayın 10-dək keçirilən I Bakı "Şopinq Festival”ı gözlənildiyindən də uğurlu
alınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya
Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da festival haqqında danışıb. APA-nın
xəbərinə görə, o, "eurasiadiary.com” saytına müsahibəsində bildirib ki, bu cür
tədbirlərin keçirilməsi turizmin inkişafına müsbət təsir göstərir: "Bilirəm ki,
festival çox gözəl keçir və ümid edirəm, iştirak etmək imkanım olacaq. İnanıram
ki, Bakı Şopinq Festival kimi tədbirlər Azərbaycana turist axınına səbəb
olacaq”.
Festivalın təşkilatçısı olan Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun
peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə
birgə əməkdaşlıq şəraitində həyata keçirdiyi bu layihə, ölkəmizdə və beynəlxalq
aləmdə maraqla qarşılanıb. Festival barədə danışan mədəniyyət və turizm naziriƏbülfəs Qarayev qeyd edib ki, Bakı
Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurub. Nazir Bakıya
gələn turistlərlə yanaşı, yerli vətəndaşların da festivalda fəal iştirakını
yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, təşəbbüs
regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. Dünya təcrübəsində
ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli
əhali bu imkanlardan faydalana bilib. Biz də ekspertlərdən festivalın əhəmiyyəti və nəticələri haqqında
soruşduq.
İqtisadçı-ekspert
Rəşad Həsənov deyir ki, şopinq
festival turizm strategiyasının daxilində nəzərdə tutulan fəaliyyətlərdən biri
kimi, bu ildən etibarən ölkəmizdə keçirilməyə başlanıb: "Bundan sonra
festivalın il ərzində iki dəfə keçirilməsi nəzərdə tutulub ki, bu da
xüsusilə istehlak imkanlarının genişləndirilməsi və istehlak aktivliyinin
artırılması baxımından əhəmiyyətlidir. Festivalın təşkili həm də turistlərin
Azərbaycanda xərcləmələrinin təşviq edilməsi məqsədi daşıyır. Bildiyimiz kimi
ölkəmizdə 2016-cı ildən başlayaraq turistlər üçün "tax-free” sistemi tətbiq edilməyə başlanıb.
Festival çərçivəsində tətbiq edilən "tax-free” həm turistlər, həm də yerli
vətəndaşlar üçün hədəflənmişdi. Təbii ki, proyekt özlüyündə digər əyləncə
fəaliyyətləri ilə həm bu istiqamətdə cəlbediciliyi artırır, həm də onların
mənfəətini yüksəltməklə alıcılıq imkanlarını artırmaq və xərcləmələrinin
həcmini genişləndirmək yolu ilə ölkəyə valyuta cəlb etmək məqsədi daşıyır.
Şopinq festivalının ölkədə ilk dəfə keçirilməsinə baxmayaraq, xeyli aktivlik
müşahidə olundu. Buna baxmayaraq, bəzi çatışmayan məqamlar da var di. Məsələn,
xərcləmələrin böyük bir qismi yerli vətəndaşlar tərəfindən həyata keçirilib.
Halbuki festival daha çox turistlərə yönəlik məqsədi daşıyırdı. Xərcləmələrin
artırılması proyektin digər istiqamətlərdə nəzərdə tutulan hədəflərə nail olma
imkanlarını artıra bilərdi. Böyük ehtimalla, gələcək dövrlərdə bu proseslərin
genişləndirilməsi və şaxələndirilməsi nəticəsində, təbliğat imkanlarının və informasiya təminatının gücləndirilməsi
istiqamətində görülən işlər davam etdirilərs,ə Azərbaycanda turizm sektoruna və
o cümlədən istehlak aktivliyinin artırılmasına və iqtisadi fəallığa xeyli
müsbət təsir göstərəcək”.
Azərbaycan Turizm və Menecment
Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, ölkəmizdə belə bir festivalın keçirilməsi turizmin reklamına və
təbliğinə böyük dəstək oldu: "Festival çərçivəsində ölkəyə gələn turistlər
gələcəkdə turizm sektorunun daha da canlanmasına və turist axınının güclənməsinə səbəb olacaq.
Bununla yanaşı, hesab edirəm ki, şopinq festivalı həm də iqtisadi səmərəliliyin artırılmasına
da öz töhfəsini verəcək. Tədbirin ölkəmizin beynəlxalq arenada tanınmasında
rolu inkaredilməzdir. Festival həm iqtisadi baxımdan, həm də ölkəyə gələn turist axınının artması
baxımından öz effektini yaxın zamanda
göstərəcək. Festival ərəfəsində ölkəyə gələn turistlər bir növ canlı reklam
rolunu oynadılar. Bildiyiniz kimi şopinq festivaldan sonra Azərbaycanda Dördüncü İslam Oyunları start
götürür. Bu ərəfədə keçirilən bütün tədbirlərin turizm sektorunun inkişafına və
ölkəmizin təbliğinə böyük faydası olacaq. Qeyd edim ki, şopinq festivalına
maraq daha çox region dövlətləri tərəfindən qeydə alınıb. Həmçinin, Şərqi
Avropa və yaxın qonşu dövlətlərdən gələn turistlər də ölkəmizə xeyli maraq göstərirdilər. Hətta bəzi Şərqi Avropa
ölkələrindən gələn turistlər paytaxt Bakının
və Azərbaycanın bu qədər dəyişib inkişaf edəcəyini təsəvvür
etmədiklərini deyirdilər. Lakin qeyd edim ki, Azərbaycandakı inkişafı qısqanclıqla
qarşılayanlar da oldu. Düşünürəm ki, bu tip tədbirlərin keçirilməsi
Azərbaycanın müsbət imicinin formalaşması baxımından çox vacibdir”.
Azərbaycan Turizm Assosiasiyası
sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, festivalın
keçirilməsində əsas məqsəd ölkəmizə daha çox turist cəlb etmək idi və demək
olar ki, nəticələr qənaətbəxşdir: "Bu ərəfədə ölkəyə gələn turistlər turizmin təbliği, reklamı və təşkilində mühüm rol oynayacaq.
Şopinq festival təkcə alış-veriş üçün nəzərdə tutulmayıb. Bu festival necə
deyərlər, həm ziyarət, həm ticarət məqsədi daşıyır. Təbii ki, bu festival ilk dəfə keçirildiyinə
görə, bəzi çatışmayan məqamlar da var idi. Ümid edirik ki, bu məqamlar növbəti
dəfə öz həllini tapacaq. Gələcəkdə nəinki yaxın bölgələrdən, həmçinin dünyanın
müxtəlif ölkələrində turist cəlb edə biləcəyik”.
Assosiasiya sədrinin müşaviri bəzi məqamları da qeyd etdi: "Bir
məsələni də qeyd etmək lazımdır ki, keçmiş MDB ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda belə bir festival keçirilib. Hesab edirəm ki, bu festival
keçmiş SSRİ ölkələrinin turistlərinin ölkəmizə cəlbi üçün də çox vacib idi.
Çünki festival Azərbaycanın turizm potensialının beynəlxalq arenada yüksək səviyyədə
təbliğidir. Festivala maraq da çox yaxşı idi və "tax-free”in tətbiqi də bu
baxımdan çox mühüm rol oynadı. Festival vaxtı müxtəlif əyləncəli proqramlar,
konsertlər, şouların, Azərbaycanın folklorunun, milli mətbəxinin təqdimatı da
özünü doğrultdu”.
Şəbnəm
Mehdizadə