• cümə, 29 Mart, 06:24
  • Baku Bakı 5°C

Şopinq Festivala maraq artır

19.04.17 12:30 823
Şopinq Festivala maraq artır
Turistlərin getdikləri ölkədə əsas pul xərclədikləri məsələlər sırasında alış-veriş böyük yer tutur. Buna görə də turizmin inkişaf etdiyi, turistlərin cəlb olunmasında maraqlı olan ölkələrdə şopinq festivalları keçirilir. Artıq aprelin 10-dan etibarən Azərbaycanda da ilk dəfə olaraq Bakı Şopinq Festivalı keçirilir.
Müvafiq sərəncama və prezidentin ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsindəki ticarət festivallarının keçirilməsi üzrə qoyulmuş tapşırığına əsasən, festivalın hər il təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.
Festival Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Qardaş ölkə mətbuatı Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının açılış günündə"İstanbul Shopping Festivalı”nın direktoru Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsindən yazıb.
Bakıda olan Rusiyanın "Skolkovo” texnoparkının baş direktoru Renat Batırov da bu günlərdə paytaxtımızda təşkil olunmuş şopinq festivalına da qatılmaq fikrindədir. Festivalın rəsmiBAKUSHOPFEST.COMsaytına müsahibəsində o bildirib ki, bu cür festivalın keçirilməsi onun sevimli şəhəri olan Bakı üçün çox doğru ideyadır. Şopinq festivallarının turist axınına təkan verdiyini deyən R.Batırov Dubay və Andorrada keçirilən festivalları nümunə göstərərək bildirib:"Bir daha əmin ola bilərsiniz ki, belə reklama xərclənən hər bir dollar, ƏDV olaraq alıcılara qaytarılan hər bir vəsait sonra 100 dəfələrlə artıqlaması ilə ölkəyə qayıdır. Bu festivalın əsas vacib cəhəti odur ki, ölkə iqtisadiyyatında turizm gəlirlərinin həcmini kəskin şəkildə artırır. Çünki bütün xidmət sektoru inkişaf edir – hotellər, restoranlar və aviaşirkətlərin də gəlirləri artır”.
Qeyd edək ki, R.Batırov Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiyanın "Skolkovo” Fondunun təşkilatçılığı ilə keçirilən "Açıq İnnovasiyalar üzrə Startap Turu” (Open Innovations Startup Tour) konfransında iştirak edir.
Festival çərçivəsində aprelin 10-dan indiyə qədər 350 min manatdan çox vəsaitVergilər Nazirliyi tərəfindən geri qaytarılıb. Apa-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziriƏbülfəs Qarayevməlumat verib. Nazirin sözlərinə görə, festival çərçivəsində alışın 10%-i geri qaytarılıb: "Ümumi dövriyyədə olan alış prosesi təxminən 3,5 milyon manat artıb. Digər dövrlərlə müqayisədə bu göstərici ümidvericidir. Hər hansı çətinliklər mövcud olduğu zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları çevik şəkildə çox peşəkarlıqla onu həll edirlər. Hələlik festivala marağın artdığını görürük. Festivalın keçirilməsi üçün 2 ay müddətində hazırlıq işləri görmüşük. Ciddi təbliğat və reklam edilməyib. Hesab edirəm ki, bu, onu sübut edir ki, festival öz-özlüyündə maraq kəsb edib”.
İlk günündə bir çox mağaza və şirkətlərin festival qoşulması ilə bağlı mətbuatda məlumatlar getmişdi. Günbəgün yeni mağazalar da festival qatılırlar. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, həm gəlir, həm də iştirak cəhətdən sahibkarlar festivalda iştirakda maraqlıdırlar: "Festivalın ilk günlərində prosesə 110-a yaxın müəssisə, şirkət və mağaza qoşulmuşdusa, hazırda bu rəqəm 200-dən artıqdır. Mütəmadi olaraq siyahı yenilənir. Bu, sahibkarların festival olan marağından və işin biznes tərəfini düşünmələrindən irəli gəlir”.
V.Şıxməmmədov deyir ki, tədbir keçirilərkən dünya təcrübəsi öyrənilib, amma proqramdakı bəzi yeniliklər ilk dəfə bizdə tətbiq olunur: "10 may tarixinədək davam edən tədbirdə bir sıra yeniliklər var. Düzdür, tədbiri təşkil edəndə dünyada belə tədbirləri keçirən ölkələri təcrübəsini öyrənildi. Bununla belə bir sıra yeniliklərimiz var ki, onlar dünya ölkələrinin təcrübəsində yoxdur. Onlardan ən başlıcası əcnəbilərə tətbiq olunan "Tax-Free” sisteminin Azərbaycan vətəndaşları üçün də eyni qaydada tətbiq edilməsidir. Alıcı alış-veriş mərkəzlərinin birindən alış-veriş edən zaman orada verilmiş qəbzi götürərək həmin alış-veriş mərkəzində yerləşən, Vergilər Nazirliyi tərəfindən quraşdırılmış xüsusi köşkə yaxınlaşıb təsdiq etdirir. Sonra həmin alış-veriş mərkəzində müvəkkil bankların birindən ƏDV-ni həmin gün nağd şəkildə geri ala bilir”.
Şöbə müdirinin sözlərinə görə, festival təkcə alış-veriş məqsədli tədbir deyil: "Şopinq Festival yalnız alış-veriş demək deyil. Eyni zamanda həm ölkəyə gələn əcnəbilər, həm də festivaldan istifadə edən vətəndaşlarımız üçün mədəni tədbirlər həyata keçirilir. Festivalın açılış mərasimi möhtəşəm mədəni tədbirlərlə yadda qaldı. Ümumilikdə isə 6 alış-veriş mərkəzində, "İçərişəhər" Dövlət Tarix-MemarlıqQoruğu ərazisinə, Qoşa Qala qapısının qarşısındakı meydanda və "Sabir bağı”nda mütəmadi olaraq mədəniyyət tədbirləri, konsert proqramları, müxtəlif dj-lərin iştirakı ilə proqramlar, flaşmoblar və s. tədbirlər keçirilir. Cümə, şənbə və bazar günləri bu tədbirlər daha da aktiv şəkil alır”.
V.Şıxməmmədov qeyd etdi ki, ilk dəfə keçirilməsinə baxmayaraq, müsbət tendensiyalar kifayət qədərdir: "Həm turistlərin cəlb olunması, həm festivaldan gələn gəlirlərlə bağlı proqnozlar müsbətdir. Bu festivalda təbliğat işimiz daha çox qonşu və Yaxın Şərq ölkələrində - İran körfəzi ölkələrində aparıldı. Düşünürük ki, oktyabrda keçiriləcək növbəti festivalda biz daha geniş müstəvidə təbliğ edib, nəzərdə tutulan ölkələrin coğrafiyasını daha da genişləndirəcəyik. Artıq Rusiya, İran, Türkiyə mediasında təbliğat işləri aparılıb. Rusiyanın telekanallarında festivalla bağlı mütəmadi materiallar, verilişlər yayımlanmaqdadır”.
Aygün
banner

Oxşar Xəbərlər