• cümə, 29 Mart, 12:46
  • Baku Bakı 14°C

Sonuncu uçuşu Berlin üzərində olan təyyarəçi - Fotolar

09.05.17 10:00 2544
Sonuncu uçuşu Berlin üzərində olan təyyarəçi - Fotolar
Hərbi mundirinin yaxasını bəzəyən orden və medalların hər birinin öz tarixi var. «Döyüşdə fərqlənməyə görə», «Varşavanın azad olunması», «Berlinin alınması»na görə və s. orden və medallardan söz açanda kövrəlir. 92 yaşlı müharibə veteranı, mayor Daməd Nəbiyev üçün Böyük Vətən müharibəsinin dəhşətləri həmişə gözünün önündədir. Dağıdılan, viran edilən şəhərləri, kəndləri, ölkələri görüb. Tələf olan əsgər və zabitlərin, dinc insanların ölümünə şahidlik edib. Müharibənin sonuna qədər döyüşüb. Sağ qalmasını Allahın möcüzəsi adlandırır: «Müharibədən ona görə sağ qayıtmamışam ki, çox qoçaq olmuşam. Ona görə sağ qayıtmışam ki, Tanrı məni qoruyub. Həm də Vətənimi sevmişəm”.
Bombardmançı polk

Daməd Nəbiyev 1925-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olub. Müharibə başlayanda 10-cu sinifdə oxuyurdu: "Heç 18 yaşım yox idi. Ancaq eşidirdik ki, almanlar Moskvanı, Leninqradı tutmaq istəyirlər....”- deyə xatırlayır: "Komsomol təşkilatının «Vətən təhlükədədir, düşməni məhv etmək üçün bütün gənclər səfərbər olmalıdırlar» müraciətindən sonra biz gənclər könüllü olaraq müharibəyə getmək istədiyimizi bildirdik. Hərbi komissarlıqda bizi qarşılayan zabitlərdən biri «Rusiyadakı hərbi məktəb Gürcüstanın Qambori rayonuna köçürülüb. Həmin məktəbə kursant yığırıq» dedi. Mən getmək istədiyimi bildirdim. Adımızı yazdılar və mən də daxil olmaqla, 5 gənci Gürcüstana göndərdilər”.
Bir il həmin məktəbdə oxuduqdan sonra onları Kirovabada (indiki Gəncə şəhəri) təlim kurslarına aparıblar. "Pe-2” hərbi təyyarəsi üzrə təlim keçən gənc hərbçilər «Artıq sovet təyyarələri yoxdur, Amerikadan yeni təyyarələr gəlməlidir. Siz onları gözləməlisiniz» - cavabını alıblar. Bir müddət gözlədikdən sonra yenidən təlimlərə cəlb olunublar: "Gəmilər vasitəsi ilə İran körfəzi yolu ilə həmin təyyarələri Kirovabada gətirdilər. "Baston-20” - ikimotorlu bombardmançı təyyarələr 3 ton bomba qaldırmaq gücündə idi. İki ay təlim keçəndən sonra bizi cəbhəyə yola saldılar. Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polku ilə Polşa ərazisinə gəldik. Varşava hələ almanların əlində idi. Orada da bir-iki gün təlim uçuşları keçəndən sonra döyüş uçuşlarına başladıq”. D.Nəbiyevin hava atıcı radisti kimi ilk döyüş uçuşu Varşava üzərində olur: "Biz təyyarələrimizi düşmən təyyarələrindən müdafiə edirdik. Müdafiəmizə görə düşmənlərin təyyarələri bizə yaxın gələ bilmirdi. Mən həmçinin Morze əlifbasını bilirdim. Döyüş vaxtı açıq əlifba ilə əlaqə saxlamaq olmazdı. Gizli rəqəmlərlə məlumat verirdik. Həmçinin bizi qoruyan qırıcı təyyarələrimiz var idi. Onlar döyüş sərhədindən 50-60 km, bizim bombardmançı təyyarələr isə 70-100 km arxada olurdu. Havaya qalxanda uçuşumuzu ekipajın komandirinə xəbər verirdik. Onlar da bizi müşayiət edirdilər. Stalinin oğlu Vasili də birmotorlu qırıcı "Aerokobra” təyyarəsində uçurdu. Mən dəfələrlə təyyarədən onu müşahidə etmişdim. Aşağıdan zenit topları ilə bizi atəşə tuturdular. Toplar dayanan kimi alman qırıcıları üzərimizə hücuma keçirdi. Bir-neçə uçuşdan sonra almanlar bizim təyyarəni vurdular”. D.Nəbiyev yanan təyyarədən paraşütlə tullanıb. Bəxti onda gətirib ki, paraşütü Visla çayının sovet döyüşçüləri yerləşən ərazisində açılıb. Çayın o biri tayı almanların əlində idi. M.Nəbiyev məcburi enmələr vaxtı zədələr də alıb: "Varşava uğrunda döyüşlər 20 gün davam etdi. Nəhayət, döyüşçülərimiz almanları Varşava şəhərindən çıxardılar. Daha sonra Lodz şəhəri uğrunda döyüşlər başladı. Biz həmin şəhərin təmizlənməsi üçün almanların olduğu hissələrə bombalar tökürdük. Hər iki tərəfdən tələfatlar vardı. Ağır döyüşlərdən sonra Lodz şəhərini də düşməndən azad etdik. Həmin döyüşlərdə aktiv iştirakımıza görə bizim polka "Lodz adına 8-ci qvardiya bombardmançı polk” adı verildi.

Berlin uğrunda döyüşlər

D.Nəbiyevin döyüşçüsü olduğu aviasiya polku daha sonra Polşanın Krakov, Radom, Poznan şəhərlərini azad edib. Polşa alman-faşistlərindən təmizlənəndən sonra onlar alman torpaqları uğrunda vuruşmağa başlayıblar. Landsberq şəhərini bombalayan aviasiya dəstəsi piyada qoşunu və tank hissələrinin hücumuna yol açıb. 1945-ci il mayın 2-də Berlinə daxil olan sovet döyüşçüləri şəhər uğrunda ölüm-dirim döyüşünə atılıblar. Üstündən onilliklər ötsə də, veteran həmin döyüşləri unuda bilmir: "Sonuncu uçuşumuz Berlin şəhərinə oldu. Şiddətli döyüşlər gedirdi. Şəhəri bombardman edəndən sonra komandanlıq döyüş uçuşlarının dayandırılması əmrini verdi. Mayın 8-də komandanlıq almanların təslim olduqlarını dedi. Berlin azad olundu. Biz Falkenberq şəhərində yerləşən aerodromda qələbəni bayram etdik”.

Qələbədən sonra aviasiya polkunu digər sovet hərbi hissələri ilə birlikdə bir il Almaniyada saxlayıblar. Sovet qoşunlarının Almaniyada yerləşdirilən hissəsinə rəhbərlik marşal Jukova tapşırılır: "Bir ildən sonra bizim polk Ukraynanın Zaporoje şəhərinə gəldi. 4-5 aydan sonra isə bizim hərbi hissəni dağıdıb Leninqrada göndərdilər. 1949-cu ilə qədər orada təlim uçuşları həyata keçirdik. Müharibə vaxtı paraşütdən tullandığım zaman qolumda və qabırğamda yaranan sınıqlara görə məni aviasiyadan azad etdilər. O zaman artıq marşal Jukov hərbi nazir idi. Mən ona məktub yazaraq, səhhətimlə əlaqədar aviasiyanın tərkibindən çıxarıldığım üçün Bakı hərbi dairəsinə göndərilməyimi xahiş etdim. Məktuba cavab gəldi və məni Bakıya göndərdilər. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etdim. 1960-cı ilin əvvəllərində yenidən bizim hərbi hissəni ləğv etdilər və Gəncə şəhərinə göndərdilər. 1973-cü ilə qədər Gəncədəki radiotexniki hərbi hissədə xidmət etdim. 31 il hərbi xidmət keçdikdən sonra təqaüdə çıxmağım üçün müraciət etdim”.

D.Nəbiyev təqaüdə çıxandan sonra da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində çalışıb. Gəncədəki Musiqi Texnikumunda hərbi hazırlıq dərslərini tədris edib. 2002-ci ilə qədər müəllim kimi çalışıb. Sonra isə Bakıya köçüb.

Ona görə sağ qalmışam ki...

İndi müharibədə keçən günlərini yada salmaq D.Nəbiyev üçün asan deyil. Kövrəlir, səsi qırılır. Hələ də topun, tüfəngin, bombardmanın sədası qulaqlarındadır: «Gözümüzün qarşısında minlərlə insanlar həlak olurdu. Buna dözmək asan deyildi. Hər an hər kəs ölə bilərdi. Mən ona görə sağ qalmamışam ki, qəhrəman olmuşam, ona görə sağ qalmışam ki, Tanrı məni qoruyub. Elə adamlar vardı ki, heç birinci uçuşdan qayıtmırdı. 640 mindən çox azərbaycanlı müharibəyə yollandı. 300 mindən çox azərbaycanlı müharibədə həlak oldu. İndi o günləri fikirləşəndə mənə yuxu kimi gəlir. Ancaq o qələbədə payım olduğu üçün sevinirəm”.

D.Nəbiyev müharibədən sonra uzun illər onunla bir ekipajda uçan zabit yoldaşları ilə məktublaşıb. Ekipajın komandiri, baş leytenant Pyotr Qusev, bort atıcısı Aleksey Sorokin, eskadriliya komandiri Viktor Viktorovla yazışmalarında müharibə xatirələrindən, cəbhədən sonrakı həyatlarından söz açıblar: «Müharibədən sonra bizi Moskva, Kursk, Volqoqrad və döyüş keçdiyimiz bir neçə şəhərlərə apardılar. Hansı əraziləri almanlardan azad etmişdiksə, o yerləri bizə yenidən göstərirdilər. Həmçinin getdiyimiz şəhərlərdə bizi hərbçilərlə, məktəblilərlə görüşdürürdülər. Biz görüşlərdə döyüş yolumuzdan, döyüşçülərimizi qələbəyə ruhlandıran amillərdən söhbət açırdıq”.

Döyüşə getməyə hazırıq!

92 yaşlı veteran bu gün də hərbi formasını fəxrlə geyinir. Hərbçilərlə, gənclərlə, məktəblilərlə görüşlərə yollanır. Bu yaxınlarda Veteranlar Şurasının üzvləri ilə birgə ermənilərdən azad edilən Lələtəpə yüksəkliyinə gediblər: «Qələbə qansız-qadasız olmur. Bu yüksəkliyi düşməndən alanda xeyli itkimiz oldu. İndi bizim qüdrətli ordumuz var. İnanıram ki, tezliklə torpaqlarımızı bütünlüklə düşməndən azad edəcəyik”.

Veteranın gənclərə nəsihəti də var: "O torpağa yiyə durmursansa, onu qorumursansa o, Vətən olmaz. Vətən uğrunda vuruşmaq, lazım gələrsə, canını fəda etmək lazımdır. Böyük Vətən müharibəsində sovet döyüşçülərinin qalibiyyət əzmi məhz bu idi: hər kəs Vətən uğrunda canını fəda etməyə hazır idi. Ona görə də Sovet İttifaqı alman-faşistləri üzərində qələbə qazandı. Əgər biz düşmən əlində olan torpaqlarımızı geri almaq istəyiriksə, onun uğrunda döyüşə hazır olmalıyıq”.

D.Nəbiyev dövlətin onlara göstərdiyi qayğıdan razılıq edir: «Dövlətimiz bizə diqqət və qayğı göstərir. Demək, hədər yerə vuruşmamışıq. Ölkə başçısı İlham Əliyev hər il 9 May Qələbə bayramında müharibə veteranları ilə görüşür, problemlərimizlə maraqlanır. Biz dövlətimizin maddi və mənəvi dəstəyini görürük. Veteranlar Şurası da daim bizim yanımızdadır”.

İllər keçir... Böyük Vətən müharibəsi iştirakçılarının sıraları da seyrəlir. «Keçən il 700 veteran sag idisə, artıq bu il 670 nəfərdir. Zaman öz işini görür...”- deyən veteran bu gün də torpaqlarımız uğrunda döyüşməyə hazır olduğunu bildirir: "Böyük Vətən müharibəsi iştirakçıları olan veteranlar yenə də Vətənin müdafiəsinə hazırdırlar. Bu, müstəqil Azərbaycanın torpaqlarıdır. Onun hər qarışı uğrunda döyüşə hazır olmalıyıq. Biz hərbçilər qarşısında görüşlərimizdə də deyirik: "Hər an döyüşə getməyə hazırıq!”
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər