• şənbə, 20 Aprel, 10:35
  • Baku Bakı 14°C

Sonrakı peşmançılıq fayda verməz

02.07.13 10:04 4197
Sonrakı peşmançılıq fayda verməz
“Ötən il mənzilimizdə qaz partlaması nəticəsində yanğın baş verdi. Evin içində ələ gələn bir şey qalmamaqla yanaşı, illərlə qurduğum, bütün zəhmətimi qoyduğum evimiz tanınmaz hala gəldi. Sığortam olmadığına görə dövlət tərəfindən mənə dəyən ziyanın yalnız 20 faizi ödənildi. Bu da çox cüzi miqdar elədi”.
Vətəndaşlarımız mənzillərini qorumaqda maraqlı deyillər
Bu sözləri bizimlə söhbətində Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan müsahibimiz Vahid Sadiqov bildirdi. V.Sadiqov yanğından sonra ailəsi ilə birlikdə uzun müddət qohumlarıgildə, daha sonra kirayədə qaldığını bildirdi: “Min bir əziyyətlə evi yenidən ala-yarımçıq düzəldib, 2-3 aydır köçmüşük. Başıma bu bədbəxt hadisə gələndən sonra anladım ki, evin sığortası hər şeydən vacibdir. Hadisəyə qədər heç vaxt ağlıma gəlməzdi ki, bizim evdə yanğın baş verə və illərlə tökdüyün tər bir anın içərisində havaya sovrula bilər. Bunu anladıqdan sonra mənzilimizi icbari sığorta etdirdik”.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bizimlə söhbətində bildirdi ki, vətəndaşlarımız öz ev-eşiklərinə diqqətlə yanaşsalar da, onu qorumaqda maraqlı deyillər: “Hər gün onlarla evin yanğından, qaz partlamasından, subasmadan, hansısa təbii fəlakətdən ziyan çəkdiyi barədə məlumatlar alırıq. Amma hər birimiz düşünürük ki, bizim başımıza bədbəxt hadisə gələ bilməz, hər şey qaydasındadır, qazımız yaxşı qurulub, elektrik xətlərimiz normaldır, qığılcım vermir, nəyimə lazımdır, artıq xərc çəkib ilə 30-50 manat sığorta haqqı ödəyim. Problem də buradan başlayır, sonda qohumların ümidinə qalır, kirayələrdə yaşamalı oluruq. Amma elə hadisələr var ki, bu, bizim iradəmizdən asılı deyil”.
Sığorta məbləği nə qədərdir?
Qeyd edək ki, 2011-ci il dekabrın 16-dan “İcbari sığortalar haqqında” qanunun icrasına başlanıb. Qanun 4 icbari sığorta növünü əhatə edir. Onlardan biri də daşınmaz əmlakın, o cümlədən yaşayış evlərinin və mənzillərin icbari sığortasıdır. Qiymətlər şəhər və rayonlar üzrə müxtəlifdir. Bakıda bir mənzil 25 min, Sumqayıt, Naxçıvan və Gəncədə isə 20 min manata sığortalanır. İllik sığorta haqqı isə Bakıda 50, o biri şəhərlərdə 40 manatdır. Digər yaşayış məntəqələrində isə sığorta məbləği 15 min, sığorta haqqı isə 30 manatdır. Eyni zamanda, qanunda belə bir müddəa da var ki, aztəminatlı ailələrin daşınmaz əmlakının icbari sığortası dövlət vəsaiti hesabına ödəniləcək. İcbari sığortada Azərbaycanın ayrı-ayrı regionları üzrə sığortadan azad olunan məbləğ də fərqlidir. Belə ki, Bakıda 250, Gəncə, Sumqayıt və Naxçıvanda 200, digər regionlarda isə 150 manata qədər olan ziyan sığorta şirkətləri tərəfindən ödənilmir.
Hansı hallar sığortalanır?
Qanuna görə, daşınmaz əmlakın sığorta risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binaların və mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Sovet dövründən qalma psixologiya
Evlərin və mənzillərin icbari sığortası bazarındakı statistik göstəricilərə gəlincə, avtomobillərin icbari sığortası birincini üstələyir. Dövlət Sığorta Nəzarət Xidmətinin məlumatına görə, ötən il ölkədə yığılmış 342,5 milyon manat məbləğində sığorta haqqının cəmi 11,4 milyon manatlıq hissəsi, yəni təxminən 3,3 faizi daşınmaz əmlakın icbari sığortasının payına düşüb. 2012-ci ildə sığorta şirkətlərinin həyata keçirdiyi 93,86 milyon manatlıq ödənişin isə cəmi 909 min manatı, yəni 1 faizdən də az hissəsi daşınmaz əmlakın icbari sığortası ilə bağlı olub.
Namiq Xəlilovun sözlərinə görə, ümumilikdə ölkədəki dövlət qeydiyyatında olan təxminən 500 minə yaxın mənzil və yaşayış evlərinin cəmi 25 faizi icbari sığorta edilib. Yəni hər 4 mənzildən cəmi birinin icbari sığortası var. N.Xəlilovun fikrincə, sovet dövründən qalma psixologiyaya əsasən, biz özümüzü onsuz da sığortalı hesab edirik: “Hesab edirik ki, sığortaçımız dövlətdir. Külək əsib pəncərəni sındırdı, evimizdə qaz partlayışı nəticəsində partlayış oldusa, dövlətin borcudur ki, vətəndaşlara kömək etsin. Amma heç bir qanunvericilikdə dövlətin üzərinə bu cür öhdəlik qoyulmayıb. Təbii ki, böyük fəlakətlər olanda, hər bir dövlətin borcudur ki, vətəndaşlarına yardım göstərsin. Azərbaycanda da belədir. Amma gündəlik baş verən, heç də böyük miqyası olmayan fərdi hadisələr zamanı məsuliyyəti özümüz daşıyırıq. “İcbari sığortalar haqqında” qanunda birmənalı olaraq yazılıb ki, əgər evin sığortası yoxdursa, dəymiş zərərin 20 faizi dövlət tərəfindən ödənilə bilər”.
Dövlət insanları başa salmalıdır ki...
Hüquqşünas Sahib Məmmədov da deyir ki, mənzillə bağlı hər hansı hadisə baş verdikdə, dövlətin öhdəliyi yoxdur ki, vətəndaşa dəyən ziyanı ödəsin: “Düzdür, böyük çapda hadisələr, məsələn, təbii fəlakətlər baş verəndə, dövlət könüllü şəkildə öz üzərinə öhdəlik götürür, vətəndaşa mənzillər tikib verir. Amma dövlət eyni zamanda, insanları başa salmalıdır ki, sən əmlakını özün qorumağa borclusan, sığortalamırsansa, zəhmət çək, riski öz üzərinə götür. Yəni dövlət arxayınçılıq yaratmamalıdır ki, evinin kərpici düşənə, külək vurub damını yatırana kömək edəcək”.
S.Məmmədov vətəndaşların əksəriyyətinin evləri ilə bağlı hansısa əməliyyat həyata keçirərkən icbari sığortaya cəlb olunduğunu dedi: “Məsələn, kimsə evini satmaq, girov qoymaq, kirayə vermək istəyirsə, icbari sığortanın olması da tələb edilən sənədlər içərisindədir”.
Bölgələrdə sığortaya maraq Bakıdan böyükdür
“Azərbaycan Dövlət Sığorta Kommersiya” Şirkətindən də qəzetimizə vətəndaşlarda evləri və mənzillərinin sığortasına marağın az olduğunu bildirdilər: “Avtomobil sahibləri cəriməylə üz-üzə qaldıqlarına görə ölkədəki avtomobillərin 90 faizdən çoxu artıq icbari sığortaya cəlb olunub. Amma mənzillərin və evlərin məcburi sığortası ilə bağlı mexanizm yoxdur. Biz sığorta şirkətləri olaraq evlərini sığorta etdirmələri üçün vətəndaşları narahat edə bilmərik. Biz yalnız onları maarifləndirir, xidmətimizi təklif edirik. Evlərə icbari sığortanın nə olduğu, insanlara nə qazandıra biləcəyi barədə məlumatlar olan bukletlər paylanır, rayonlarda insanların toplaşdığı yerlərə gedib onları məlumatlandırır, qəzetlərə reklamlar veririk və s.”.
Şirkətdən verilən məlumata görə, bölgələrdə insanlar daha çox evlərini sığorta etdirməyə meyillidirlər, nəinki Bakıda: “Bölgələrdə icbari sığorta olunan evlərə dəyən ziyana görə xeyli vətəndaşa pul da ödənilib. Göyçay, Lerik, Şamaxı, Balakən, İsmayıllıda dəyən ziyana görə xeyli pul ödəmişik”. Sığorta olunanlara dəyən ziyanın növlərinə gəlincə, şirkətdən dedilər ki, əsasən, yanğın və zəlzələdən əziyyət çəkənlər onlara müraciət edib: “Amma digər ziyanlar dəyərkən müraciət edənlər də var ki, biz kompensasiya ödəmişik”.
10 manatlıq cəza
Onu da deyək ki, mənzilini sığorta etdirməyən fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə görə, 10 manat məbləğində cərimə olunurlar. Amma Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov hesab edir ki, bu, çıxış yolu deyil: “İndiyə qədər eşitməmişəm ki, kimsə cərimə olunsun. Mənə elə gəlir ki, burada əsas istiqamət cərimə yox, təbliğat, təşviqat işləri olmalıdır. Yəni insan özü başa düşməlidir ki, evinin, mənzilinin sığortası ona lazımdır, onun evinin təminatçısıdır”.
Odur ki, N.Xəlilov vətəndaşları sözügedən sığorta növü üzrə müqavilə bağlamağa təşviq etdiklərini dedi: “Mayın 20-dən etibarən respublikanın 21 şəhər və rayonunda yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, büdcə təşkilatlarının və əhalinin iştirakı ilə icbari sığorta sahəsində maarifləndirmə xarakterli görüşlər keçirilib. Eyni zamanda, İcbari Sığorta Bürosu reklam çarxları hazırlayır. Sığorta şirkətlərinin nümayəndələri xüsusilə regionlarda olub qapı-qapı gəzir, təbliğat işi aparırlar. Qeyd edim ki, icbari sığortanı 12 sığorta şirkəti həyata keçirir”.
Niyə maraq yoxdur?
Millət vəkili Əli Məsimli bizimlə söhbətində yaşayış evlərinin və mənzillərin icbari sığortası bazarında vəziyyətin qeyri-müəyyən olduğunu dedi: “İnsanlar yaşayış evlərini və mənzillərini ona görə sığorta etdirmək istəmir ki, hələ bizdə belə ənənə formalaşmayıb, sığorta bazarı yetkin səviyyədə inkişaf etməyib, sığortalamanın əhəmiyyəti barədə əhali arasında yetərli səviyyədə iş aparılmır, sığortaçılya inam azdır və s. İnsanları icbari sığortaya cəlb etmək üçün sığorta bazarını inkişaf etdirmək, sığorta işinə münsibətin dəyişməsinə gətirib çıxara biləcək tədbirlər həyata keçirmək, əhalinin inamını artırmaq lazımdır”.
İqtisadçı Vüqar Bayramov da hesab edir ki, insanların icbari sığorta ilə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır: “Vətəndaşlar əmlakın icbari sığortasının əhəmiyyətini praktik olaraq tam başa düşmür. Digər səbəb onunla bağlıdır ki, avtomobilin icbari sığortasına nəzarət mexanizmi var. Amma əmlakın icbari sığortasına nəzarət sistemi yoxdur”.
Zamana ehtiyac var
Amma iqtisadçı düşünür ki, icbari sığortanın tətbiqi bütün ölkələrdə müəyyən zaman alır: “Qısa müddətdə icbari sığortanın tətbiqi mümkün deyil. Buna görə də Azərbaycanda əmlakın icbari sığortasının tətbiqi üçün müəyyən zamana ehtiyac var. İcbari sığortanın inkişaf etməsi üçün insanların sığortaya inamını artırmaq lazımdır. Bu baxımdan sığortaya inam yaratmaq tələb olunan bir iş olduğu üçün bu, zaman tələb edən bir fəaliyyətdir”.
Hüquqşünas Sahib Məmmədov hesab edir ki, sözügedən sahədə irəliləyiş əldə etmək üçün təkcə dövlət yox, həm də KİV-lərin, vətəndaş cəmiyyətinin üzərinə vəzifə düşür: “Amma ilk növbədə sığorta şirkətləri özlərinə inam yaratmalıdırlar. Öz fəaliyyətləri ilə, onlara etibar edən şəxslərə göstərdikləri xidmətlə və s. etibar qazanmalıdırlar”.
Müsahibimiz Bakı şəhər sakini Osman Babayev də mənzilini icbari sığorta etdirməyə hazırlaşır: “Evdə kassamız var və hər gün oraya gözümüzə görünməməsi üçün 20 qəpik atırıq. Əslində günə 14 qəpik düşür. Biz günə 14 qəpik yığmaqla, evimizi 25 min manata sığorta etdiririk. Çünki Allah qorusun, heç kim xətadan-bəladan sığortalanmayıb”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər