Sona Vəliyevanın şeirləri Misir mətbuatında
Bu günlərdə
Qahirədə nəşr olunan "Əxbar əl ədəb” (Ədəbiyyat xəbərləri) qəzeti tanınmış şairə
və publisist Sona Vəiyevanın şeirlərini dərc edib. Şairənin "Şəhid balası,
"Qalx ərəb” və "Qapına gəldim, İlahi” şeirləri” mətbu orqanda yer alıb. Şeirləri
ərəb dilinə Qahirədəki Eyn-əş Şəms Universitetinin dosenti, azərbaycanşünas
alim, Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami tərcümə
edib.
Noyabrın 22-də
"Kaspi”nin redaksiyasında qonaq olan "Ədəbiyyat xəbərləri”qəzetinin baş redaktoru Tarıq ət-Tahir şeirlər haqqında təəssüratlarını bölüşərək «Şeirləri oxuyarkən
sizin dünyadakı problemlərlə, əmin-amanlıqla bağlı narahatlıqlarınızın ölkənin
sərhədlərini aşması ilə tanış oldum. Həmçinin bu hisslər ərəb ölkələrində baş
verən narahatlıqları da əks etdirib”. «Kaspi» qəzetinin "Ədəbiyyat” əlavəsinə
münasibət bildirən qonaq: «Sizdə həm jurnalistika, həm də ədəbiyyat var» - deyə
fikirlərini bölüşüb. 1993-cü ildən həftəlik nəşr edilən, Misirin ən
populyar ədəbi orqanlarından biri olan "Əxbar əl ədəb” qəzetinin digər ərəb ölkələrində
də yayıldığını bildirərək qəzetin əsas fəaliyyət
istiqamətlərindən birinin - aparıcı dünya ədiblərinin ərəb dünyasına
tanıdılması olduğunu vurğulayıb.
"Kaspi”nin təsisşisi
Sona Vəiyeva rəhbərlik etdiyi qəzetin 135 illik tarixindən söz
açmaqla yanaşı ərəb ədəbiyyatına, Misir mədəniyyət və incəsənətinə ölkəmizdə
olan marağa toxunub: «Ərəb dünyasına ithaf olaraq «Durnalar Bağdada
gedir» adlı bir şeir də yazdım. Bu taleyi biz də yaşayırıq. Bir milyon
qaçqınımız var, torpaqlarımız işğal olunub, əsirlikdə qalan insanlarımız var.
Problemlərin ümumi məzmununda bu taleyi yaşadığımızadan həmin şeirdə problemləri
ifadə edən hisslər öz əksini tapdı”.
Görüşdə "Kaspi”
və "Ədəbiyyat xəbərləri” qəzetləri arasında yaradıcılıq əlaqələrinin davam
etdirilməsi qərara alınıb.