• cümə, 29 Mart, 15:27
  • Baku Bakı 14°C

Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə cavabdır

26.07.17 09:45 2363
Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə cavabdır
Azərbaycanla Rusiyanın əlaqələrin tarixi keçmişi var. Bu iki ölkə arasındakı münasibətlər həmişə digər region və dünya dövlətlərinin də diqqət mərkəzində olub. Bu günlərdə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüş və aparılan müzakirələri iki ölkənin münasibətlərindəki gələcək perspektivin lokomotivi hesab etmək olar. Çünki birgə əməkdaşlıq Azərbaycan-Rusiya əlaqələrinin gələcəyini müəyyən etməklə yanaşı, həm də regiondakı geosiyasi vəziyyətə də təsirsiz ötüşmür.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur: "Rusiya həmçinin, ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak edir. Məhz ikitərəfli və digər məsələlərin müzakirəsi, regionda mövcud olan mürəkkəb problemlərin həlli yollarının axtarılması baxımından Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü böyük əhəmiyyətə malikdir.Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət başçılarının görüşləri çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafını istəməyən, bu əlaqələrə kölgə salmaq niyyətində olan bəzi qüvvələr də var. Ancaq Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü sübut etdi ki, həmin qüvvələrin niyyətləri puç və mənasızdır”.

Politoloq qeyd etdi ki, əslində prezidentlərin görüşü nəticəyə hesablanmamışdı: "Bu, daha çox Azərbaycan və Rusiya hökumət rəhbərlərinin fikir mübadiləsi idi ki, tərəflər biri digərinin davranışında hansısa əhəmiyyətli məsələlərdən nəyi gözləyə bilər. Burada Dağlıq Qarabağ məsələsi də müzakirə edilib. Əminəm ki, münaqişənin həlli ilə bağlı yaxın zamanlarda irəliləyişlərə nail olunacaq.Digər bir məqamı da qeyd edim ki, əslində müzakirə edilmiş müxtəlif sahələrlə bağlı məsələlərdə dəqiqləşdirmələrə ehtiyac var idi. İstər xarici işlər nazirləri, müdafiə nazirləri və istərsə də digər dövlət qurumları səviyyəsində onsuz da müzakirələr aparılır. Amma elə məsələlər var ki, onların prezidentlər səviyyəsində müzakirəsi vacibdir. Soçi görüşünün nəticəsi konkret məsələlərin həllində özünü büruzə verəcək, Rusiyanın öz vasitəçiliyini hansı səviyyədə həyata keçirməsində göstərəcək. Təbii ki, Azərbaycan da aparılan danışıqlar səviyyəsində öz siyasətində lazımi korreksiyalar edəcək”.

Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. Onun sözlərinə görə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər xarici siyasətin prioritet istiqamətlərinə daxildir: "İki ölkə problemləri danışıqlar yolu ilə, bir-birinin maraqlarını nəzərə alaraq həll etməyə çalışır. Hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətləri digər dövlətlər üçün nümunə olar bilər. İki ölkə arasında hansısa məsələdə anlaşılmazlıq yaranarsa razılığa gəlmək, onları diplomatik yolla həll etmək mümkün olub”.
Soçi görüşünə toxunan deputat qeyd etdi ki, bu görüş iki dövlətin bundan sonra da dostluq, əməkdaşlıq ruhunda hərəkət etmək istəyini ortaya qoyub: "Qeyri-rəsmi görüş olsa da, danışıqlarda münasibətlərin bütün sahələri nəzərdən keçirilib. Azərbaycan üçün ağrılı olan Dağlıq Qarabağ problemi, Ermənistanın davam edən işğalı Rusiya tərəfi ilə ciddi şəkildə müzakirə edilib. Hesab edirəm ki, bu görüş həm əlaqələri möhkəmləndirməyə, həm maraq doğuran məsələlər haqda fikir mübadiləsi etməyə, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya faktorunun güclənməsinə çox böyük yardım edəcək”.

Milli Məclisin deputatı Musa Qasımlı qeyd etdi ki, Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, Prezident Vladimir Putinlə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır: "Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Münasibətlərin hüquq-müqavilə bazası yaradılıb. Dövlət başçıları arasında yaxşı şəxsi münasibətlərin olması da qeyd edilməlidir”.

M.Qasımlı əlavə etdi ki, bu səfər Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə, xüsusən Rusiyanın dövlət və hökumət qurumlarında, KİV-ində özünə yuva qurmuş erməni lobbisi və diaspor nümayəndələrinə də cavabdır: "Hesab edirəm ki, Rusiya dövlət adamları və ictimai xadimləri nəhayət, ermənilərin onlara hansı ziyanlar vurduğunu anlamalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəallığının bu görüşdən sonra artacağını da ümid etmək olar”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğuladı ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü bir neçə məqamı ilə nəzəri cəlb edib: "Azərbaycan prezidenti İlham Əliyevlə görüşə "ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək” ifadəsi ilə başlayan Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planlarının olduğunu dedi. Bu cümlələrdə o qədər böyük yük var ki, prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar. Narahatedici mövzuların tamamı hamımıza bəllidir. Bu mövzular barədə illərdir ayrı-ayrılıqda yazırıq, açıqlama veririk.Prezidentlərin görüşü ilə bağlı ikinci məqam mətbuata verilən açıqlamalıdır ki, burada Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildiyi qeyd edildi”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər