AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Smart-kart tipli sayğacla necə davranmalı?

Smart-kart tipli sayğacla necə davranmalı?

İqtisadiyyat
12 Yanvar 2013, 09:32 37213
Müasir dövrün müasir də tələbləri var. Bu tələblərdən dolayı əhaliyə xidmət göstərən müxtəlif sahələrdə yenidənqurma, yaxud yeni sistemin tətbiqi həyata keçirilir. Azərbaycan üçün mövcud yeniliklərdən biri də köhnə mexaniki qaz sayğaclarının yeni smart-kart tipli sayğaclarla əvəzlənməsidir.

Son aylarda isə ölkədə G-4 markalı smart-kart qaz sayğaclarının quraşdırılması geniş vüsət alıb. Bu sayğacların əsas xüsusiyyəti abonentlərin qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Onlar, həmçinin, yalnız müvafiq standartlara cavab verən qaz xətlərinin üzərində quraşdırılır. Yeni tipli sayğacların istismarında istehlakçılar bəzən çətinlik çəkirlər. Ona görə ki, sayğacdan istifadə zamanı müəyyən qaydalara düzgün riayət etmək tələb olunur. Əks halda sayğac koda düşür və avtomatik olaraq fəaliyyətini dayandırır. Onu yenidən işlək vəziyyətə gətirmək isə bəzi hallarda vətəndaşların haqlı və haqsız narazılığına səbəb olur.

Yeni sayğacın xüsusiyyəti

Elə buna görə də əvvəlcə gəlin, Dövlət Neft Şirkətinin rəsmi saytında yer alan yeni sayğacın əsas xüsusiyyətləri barədə məlumata nəzər salaq: –Sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra abonentlər yerli Qaz İstismarı sahələrinə müraciət edərək ödəmə kartını heç bir ödəniş etmədən ala bilirlər. Ödəmə kartı itirildikdə, zədələndikdə və s. səbəblərdən yararsız olduqda “Azəriqaz” İstehsalat Birliyinin bank hesabına 5 (beş) manat məbləğində vəsait ödəməklə yerli Qaz İstismarı Sahəsindən yeni kart əldə etmək olar. Abonentin balansına yüklənmiş vəsait bitdikdə sayğacın ekranında “bağlanmış klapan” simvolu əks olunur və qaz təchizatı dayanır. Lakin bu halda belə hər bir sayğacda abonentin istifadəsi üçün 10 kubmetr (1 manat məbləğində) qaz miqdarında kredit olur. Həmin kredit bitdikdə abonent mütləq şəkildə kartına pul yatıraraq sayğaca daxil edir, 1 manat məbləğində artıq istifadə edilmiş kredit avtomatik olaraq abonentin hesabından çıxılır və yenidən kredit şəklində sayğaca yüklənir.

Bir faktı da vurğulamaq lazımdır ki, mexaniki sayğac smart-kart tipli sayğacla əvəz olunduqda təbii qazdan istifadəyə görə qalıq borcu abonent tərəfindən bank (poçt) vasitəsilə onun müvafiq koduna dərhal ödənilməlidir. Vəsaitin tam ödənişi mümkün olmadıqda, yerli Qaz İstismarı Sahəsi ilə abonent arasında təsdiq edilmiş protokol əsasında qalıq borcun ödənilməsi qaydası haqqında abonentin xüsusi səhifəsində qeyd aparılır. Hər dəfə abonentin karta yüklədiyi pulun miqdarından (borcun məbləğindən və yaranma səbəbindən asılı olaraq) 30-50 faizinin çıxılması onun borcunun azalması və sonda borcun tam ödənişinə qədər avtomatik olaraq təmin edilir.

“Azəriqaz”la əməkdaşlıq edən şirkətlər necə işləyir?

Qeyd olunan yeniliklər barədə vətəndaşların problemləri və əsas şikayətləri barədə mütəxəssislərlə söhbətləşdik. Bakı - Qaz İstehsalat İdarəsinin keçmiş əməkdaşı Nüsrət Qasımov dedi ki, bunlar Azərbaycanda yeni məsələdir, yəni hələlik keçid dövründədir: “Amma hesab edirəm ki, Smart-kart sayğacların tətbiqi ilə bağlı “Azəriqaz”la İstehsalat Birliyinin müqavilə əsasında əməkdaşlıq etdiyi şirkət arasında hələ tam normal ünsiyyət qurulmayıb. Həm buna, həm də keçid dövrü olduğuna görə bu sayğaclardan istifadə vətəndaşlar üçün bir az çətin ola bilər. bu sayğaclardan istifadəylə bağlı bizə ¬– Azad İstehlakçılar Birliyinə də müraciətlər gəlir. Biz onları başa salırıq ki, sayğacla necə davranmaq lazımdır. Amma bir məsələ də var ki, bizim bəzi insanlarda özbaşınalıq, icazəsiz işlər çoxdur. Yəni hərə öz bildiyi kimi, sayğacı açıb-bağlayır, yaxud əlavə cihazlar quraşdırır. Belə olan kimi yeni smart-kartlar avtomatik koda düşür. Beləcə, camaat əziyyətə qatlanır. Ona görə də hazırda bu məsələ barədə ciddi maarifləndirmə işləri aparılmalıdır ki, insanlar smart-kartla davranmağın qayda-qanununu öyrənsinlər. Bir də etiraf edək ki, biz xarici vətəndaşlar kimi kommunal xidmətin haqqını vaxtı-vaxtında ödəmirik. Ona görə də köhnə mexaniki sayğacların üstündə qalan borclara görə smart sayğaclara ödəniş olunanda müəyyən faiz çıxırlar. Bu zaman isə insanlarda şübhə yaranır ki, guya onları aldadırlar”.
N.Qasımov bu sahədə “Azəriqaz”ın əməkdaşlıq etdiyi şirkətlərin fəaliyyətini qənaətbəxş saymadı. Dedi ki, əhaliyə vaxtı-vaxtında məlumatın verilməsi, yaxud pulu ödədikdən sonra zamanında oturmaması halları və da müşahidə olunur: “MMC-lərin servis keyfiyyəti yüksək deyil. Hesab edirəm ki, bu şirkətlər xidmət və operativliyini artırmalıdırlar. Amma neyləmək olar, gözləmək lazımdır ki, onlar da işlərini lazımi səviyyədə qursunlar. Ola bilsin ki, onların öz mütəxəssisləri də bu sahədə lazımi bilik səviyyəsinə malik deyillər. Ona görə də əhali arasında bu kimi narazılıqlar qeydə alınır”.

Hansı hallarda sayğac koda düşür?

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə sayğacın hansı hallarda koda düşdüyündən danışdı. Bildirdi ki, İstehsalat Birliyinə əsasən sayğacın koda düşmə məsələləri ilə bağlı müraciətlər olur: “Sayğacın koda düşməsi ehtiyatsız davranma, qaz xəttində sızmanın olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki parametrlərinə uyğun gəlməməyi, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma kimi hallar baş verdikdə olur. Bu zaman sayğacın klapanı dərhal qapanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür”. Rəsminin sözlərinə görə, koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə salması mümkün deyil. Sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı vasitəsilə gətirilir. Həmin servis kartı hər bir Qaz İstismar Sahəsinin ərazi xidmətlərindədir. Vətəndaşlar belə halla rastlaşdıqda ancaq yerli Qaz İstismar Sahəsinə müraciət etməlidirlər.

Xatırladaq ki, ötən ayın sonlarında qaz pulunun “PayPoint”la ödənməsində problem yaranmışdı. A.Ağayev buna da aydınlıq gətirdi: ““PayPoint”lərlə yaranmış problem texniki xarakterli idi. Bunun tez müddətdə aradan qaldırılması üçün “Azəriqaz” və “Kontekt” tərəfindən birgə addımlar atılıb və problem artıq həllini tapıb. Problem isə ona görə yaranmışdı ki, serverlərin fəaliyyətinin gücləndirilməsi üçün tədbirlər görülürdü”.

İnsanlar davranış təlimatını bilmirlər!

Sakinləri düşündürən məsələlərdən biri də qaz xəttində qəfil qazın kəsilməsidir. Yəni əgər belə hal baş verərsə, sayğac koda düşürmü? Bunu isə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Tahir Kazımov cavabladı: “Sayğac fəaliyyətdə olan zaman qaz kəsilərsə və bir müddətdən sonra yenidən gələrsə, sayğac heç vaxt koda düşmür. Sakinlərin əsas çətinliyi ondan ibarətdir ki, onlara verilmiş smart-kartlarla davranma təlimatını dərindən öyrənmədən sayğacda müəyyən əməliyyatlar edir və onu koda salır. Yaxud bizə edilən müraciətlərin çoxu da smart-kartlara pul yükləməsi ilə bağlıdır. Çünki, bəzi insanlar “PayPoint”də pul yükləyərkən əməliyyatı düzgün aparmırlar. Ötən ayın sonlarına yaxın həqiqətən də “Azəriqaz” və “PayPoint” arasında kiçik problemlər yarandı”. T. Kazımov problemi onunla əlaqələndirdi ki, həmin vaxt smart-kartlara kütləvi pul yükləmələri olub. Amma, məsələ tez bir zamanda həllini tapıb. Hazırda da yükləmələrdə heç bir problem yoxdur.

Sonda deyək ki, smart-kart qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılar (əhali kateqoriyasına aid olan abonent) üçün “Azəriqaz” İstehsalat Birliyinin, hüquqi şəxs olan istehlakçılar üçün isə onların öz vəsaitləri hesabına həyata keçirilir.

Elgün Mənsimov