AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sizi təbrik edirik əziz xanımlar!

Sizi təbrik edirik əziz xanımlar!

10 Mart 2015, 06:59 1108
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlıdır - Azərbaycan qadını. Məhz qadınlar dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Zaman olub ki, Azərbaycan səhnəsi qadınların üzünə həsrət qalıb. Adət-ənənələr, cəmiyyətin mühafizəkarlığı onları səhnəyə yaxın qoymayıb. Teatrda qadın rollarını da kişilər oynamağa məcbur olub. Tarixə nəzər saldıqda səhnəyə çıxan qadınlar isə təhqirlərlə məruz qalaraq, təhlükələrlə qarşılaşdıqlarının şahidi oluruq. Ancaq zaman həmin dəmir buxovları sındırıb. Bu gün Azərbaycan teatrının səhnəsini qadınlarsız təsəvvür etmək mümkün deyil. Bunu səhnədə olan kişi aktyorlar özləri də bizimlə söhbətlərində etiraf etdilər.
Belə ki, tanınmış teatr xadimlərimiz qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü ilə bağlı aktrisalarımızın timsalında bütün qadınların bayramını təbrik etdilər.

“Qadınlarsız nə həyatımızı, nə də səhnəmizi təsəvvür edə bilmirik”

Əməkdar artist, İrəvan Dövlət Dram Teatrının aktyoru Vidadi Əliyev aktrisaları səhnənin işığı, yaraşığı adlandırdı: “ Əvvəllər qadın aktrisalar tapmaqda teatr çox çətinlik çəkirdi. Hətta kişi aktyorlarımız qadın obrazlarını canlandırmaq məcburiyyətində qalırdılar. Çox şükürlər olsun ki, bu gün Azərbaycan teatr tarixində biri birindən istedadlı aktrisalarımız var. Bizim Teatrda 1914-16-cı illərdə Tamara adlı bir qız cəmi iki dəfə səhnəyə çıxmışdı. Təəssüflər olsun ki, şəhər qoçularının təzyiqi nəticəsində bir daha səhnəyə çıxa bilmədi. Yəni qadın aktrisalarımızın səhnəyə çıxması bu qədər problemli mövzu olub. Bəlkə də Gövhər Qazıyevadan (Göyərçin) sonra Tamara səhnəmizin ilk qaranquş qadını hesab olunur. Bu gün qadınlarsız nə həyatımızı, nə də səhnəmizi təsəvvür edə bilmirik. Hazırda qadınların bütün sahələrdə irəliləyişlərinin şahidi oluruq. Qadın anadır, o cəmiyyəti yetişdirir. Yəni övladlarına tərbiyə verən ananın övladları sabah cəmiyyətin formalaşmasında müstəsna rol oynayır. Qadınlar bu gün bir çox sahələrdə hətta kişilərdən də öndədir. Onlarsız hər hansı tamaşanı bu gün qurmaq mümkün deyil. Bu gün səhnəyə çıxan qadınlar haqqında bəzən layiq olmayan sözlər deyirlər. Ancaq bütün sahələrdə çalışan insanların yaxşısı da, pisi də var”.
Vidadi Əliyev bizim vasitəmizlə 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə bütün qadınlara gözəl həyat və cansağlığı arzuladı: “Bu gün Azərbaycan teatrının, kinosunun inkişaf etdiyi bir zamanda istərdim ki, cəsarətli xanımlarımızın sayı çox olsun. Misal üçün “Nabat” filmində İrandan gələn bir aktrisa baş rola çəkildi. Ancaq peşəkarlıq nöqteyi nəzərindən baxanda onda qeyri-adi gözəllik, istedadın olmasına da inanmıram. İstərdim ki, biz bu gün o tip rollara çəkilə bilən aktrisaları məhz öz teatrlarımızdan qazanaq. Elə bir səviyyəyə gəlib çataq ki, xarici aktrisalara əl açmayaq. Axı bizim qadın aktrisalarımız çox istedadlıdırlar. Gəlin onların qədrini bilək. Sonda isə xanımlara müraciət edərək demək istəyirəm, əziz xanımlarımız nə yaxşı ki, varsınız ”.

“Qadın bəşəriyyətin taleyini həll edən əsas qüvvədir”

Xalq artisti , Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının “Kaspi”yə açıqlamasında qadınlarsız bir günlərini belə təsəvvür etmədiyini bildirdi: “Yaradan düşünüb ki, tək qadını yaratsam həyat mükəmməl olmaz. Ümumiyyətlə, qadınlarsız həyat yoxdur. Qadın hər şeydir. Qadın bəşəriyyətin taleyini həll edən əsas qüvvədir. Qadın anadır, qadın bacıdır, qadın gəlindir, qadın sevgilidir, qadın övladdır. Həyatımızın hansı tərəfinə baxsaq orada qadınlar var. Azərbaycan qadınları ayrı bir söhbətin mövzusudur. Onlar çox ailəcanlı, ömrünü ailəsinə fəda edən, bəzən özünün şəxsi istəklərini ailəsinin naminə, onlara gözəl həyat bəxş etmək üçün ürəklərində boğan varlıqlardır. Səhnədə isə qadınların xüsusi rolu var”.
“Səhnənin yaraşığı qadınlardır”, fikri ilə razılaşmayan N.Mehdixanlı səhnənin yaraşığının səmimiyyət, təbii oyun, aktrisanın çırpınan ürəyin olduğunu deyir: “Qadınlara yaraşıq kimi baxmaq olmaz. Qadın həm də ağıl və məntiqdir. Bir övladın sığınacağı yerdir. Bir kişinin başını uca edən bir varlıqdır. Hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Bir sözlə, qadın hər şeydir”.
Nurəddin Mehdixanlı fürsətdən istifadə edərək qarşıdan gələn qadınlar günü münasibəti ilə bütün Azərbaycan xanımlarına, sevgi, gözəl ailə, övlad, övladlarının toyunu görməyi arzuladı. “Azərbaycan xanımları çox güclüdürlər. Onların gözəlliyinə heç nə çata bilməz. Azərbaycan xanımları üçün Yaradandan sonra ən dəyərli Tanrı onun ailəsidir. Mən ən əziz insanlarıma nəyi arzulayıramsa, bütün Azərbaycan qadınlarına onu arzulayaram”.

“Səhnəni qadın aktrisalarsız təsəvvür edə bilmirəm”

Əməkdar artist, Sumqayıt Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov qadınları böyük qüvvə hesab etdi: “Səhnəni qadın aktrisalarsız təsəvvür edə bilmirəm. Düzdür, hazırda bizim teatr gənc aktrisalardan korluq çəkir. Səhnədə qadınların rolu danılmazdır. Sovet dönəmində qadın aktrisaların sayı daha çox idi. Bu gün gənc nəsil aktrisalar çox azdır. Əksəriyyəti yaşlı nəslin təmsilçiləridir. Bizim teatrda qadın aktrisalar azlıq təşkil edir. Bu gün qadın aktrisalarımız daha çox seriallara və filmlərə meyl göstərirlər”.
F.Məhərrəmov qadın aktrisaların işlərinin çətin olduğunu bildirərək, bu çətin sənətdə onlara uğurlar arzulamağı da unutmadı. O, 8 mart qadınlar günü münasibətilə qadın aktrisalara öz sənətlərində və ailə həyatında bütün məşəqqətlərin öhdəsindən asanlıqla gələ bilmələrini dilədi: “8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur – zəif, zərif, gözəl qadın olur. Arzu edirəm ki, qadın aktrisalarımız həm sənətlərini, həm də ailələrini mükəmməl şəkildə idarə etsinlər. Aktrisalarımızın gözəl ailələri olsun. Hər kəs onları başqa ailələrə nümunə göstərsin”.

“Qadınlar səhnəmizin ilhamverici qüvvəsidir”

Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor, Əməkdar artist Nicat Kazımov bizimlə söhbətində Azərbaycan səhnəsini qadın aktrisalarsız təsəvvür etmədiyini bildirdi: “Normal həyatdan götürsək heç bir kişinin həyatını qadınlarsız təsəvvür etmək qeyri-mümkündür. Qadınlarsız bir günümüz olmasın. O ki, qaldı qadın aktrisalarının talelərinə, mən elə hesab etmirəm ki, qadın aktrisalarımızın taleyi heç də yaxşı gətirmir. Məncə sahəsindən asılı olmayaraq hər bir qadının taleyi onun öz əlindədir. Düzdür, qadın aktrisalar üçün həyat bir qədər çətin olur. Amma qadınlar qədər kişilərin də həyatı keşməkeşli keçir. Qadın aktrisalarımızdan normal ailəsi, həyatı olan qadınlarımız çoxdur. Qadınlar səhnənin həm yaraşığı, həm gözəlliyi, həm də ilhamverici qüvvəsidir”.
Qarşıdan gələn 8 mart qadınlar bayramı münasibəti ilə Nicat Kazımov Azərbaycan qadınlarına xoşbəxtlik, qadın səadəti, ruhi sakitlik, sevgi, gözlərindəki işıltının daimi olmasını dilədi: “Qoy bütün xanımlarımız yaxınlarından, doğmalarından sevgi görsünlər. Heç zaman nə edim, necə edim deməsinlər”.
Təkcə 8 Martda deyil ilin bütün günləri üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif və gözəl görmək istəyirik. Bayramınız mübarək!

Xəyalə Rəis