AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sizi qınayıram, həmkarlarım!

Sizi qınayıram, həmkarlarım!

31 İyul 2014, 16:34 1693
2014. Bu rəqəm sənət tarixində bir növ “Yaprak dökümü” oldu desəm heç yanılmaram. Yəqin ki, bu il sənət tariximizdə qara həriflərlə qeyd olunacaq. Ona görə ki, əyilməz bir çinara bənzətdiyim sənət ağacı bu il çox sarsıldı. Sanki yarpaq-yarpaq tökülüb tükənmək üzrədir.
Yaşadığımız ilə qədəm qoyar-qoymaz mətbuatda Ramiz Əzizbəylinin ölüm xəbəri yayıldı. Öyrəndik ki, aktyorun vəziyyəti yaxşı olmasa da, yaşayır, durumu stabildir. Buna da şükür demişdik ki, Mingəçevir Dövlət Dram Teatrından Zülfü Məmmədovun ölüm xəbəri gəldi. Daha sonra Azərbaycanın tanınmış səhnə ustası, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Eynəli Nurullayev qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişdi. Çox keçmədi ki, məşhur milli kinomuzun “Cahandar ağası" Ələddin Abbasovun ölüm xəbərini aldıq. Aktyorun ölümünə üzülərək ömrünün gözəl illərini yaşayıb, səhnədə bir çox sevilən obrazlar yaradıb demişdik ki, efirlərdə xərçəngdən əziyyət çəkən Xanım Qafarovanın içlər acıdan halı gündəmə gəldi. “Amandır kömək edin” deməyə macal tapmamış, aktrisa gözlərini həyata əbədi yumdu. Üstündən heç yarım ay keçməmiş Azər Mirzəyev də bu həyata əlvida dedi. Azər Mirzəyevin ölümünə üzüldüyümüz halda mətbuat şəkər və böyrək çatışmazlığından əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanovanın ağır xəstə olduğunu gündəmə gətirdi.
Hələ ili indi yarıya vermişik. Bu nə iş idi düşdük, İlahi! Sən özün sonrasından saxla! Mənə təsir edən sənətkarların bir-birinin ardınca dünyasını dəyişməsi deyil. Ölüm haqdır, bir gün gələn bir gün də gedəcək. Amma illərdir səhnədə, efirdə müxtəlif obrazlar canlandıran sevimli aktrisalarımızın, aktyorlarımızın ölüm qabağı efirdə göz yaşlarını görmək, yalvarışlarını eşitmək həzm edilən deyil. Elə Xanım Qafarovanı götürək. Mən onu hər zaman bəzəkli, deyib-gülən şən aktrisa kimi görmüşəm, tanımışam. Onun adı çəkiləndə istər-istəməz çöhrəmdə təbəssüm yaranıb, yaratdığı obrazları xatırlamışam. İndi isə Xanım Qafarovanın adı hallananda ölümqabağı yalvarışları - “Kömək edin”, “Qoymayın ölüm” kimi sözləri qulağımda səslənir. Səhnə üçün bu qədər əziyyət çəkən, insanların qəlbinə yol tapan aktrisanın nə üçün belə xatirələrlə yaddaşıma həkk olduğunu düşünüb bəzən özümü də qınayıram. Bəzən də “mənim nə günahım var” deyib, özümə təskinlik verirəm.

Ən pisi isə odur ki, belə hallar gün gündən çoxalır. Sənətə olan həvəs, sevgi isə acı xatirələrə çevrilir. İllərdir bizi düşündürən, güldürən, qəlbimizə yol tapan sevdiyimiz aktyorların xəstə halını efirlərdə görəndə, yaşamaq üçün çırpındığını biləndə özümə yer tapa bilmirəm. Sizi qınayıram, həmkarlarım. Axı insanların yaddaşında canlı əfsanəyə çevrilmiş adamları niyə gözdən salırıq?! Xəstədirsə, bunu başqa yolla da xalqa çatdırmaq olar. Niyə biz - mətbuat nümayəndələri vəziyyəti ağır olan aktyorlarımızı çəkib efirlərdə, saytlarda yaymaq üçün bu qədər yarışa giririk. Az qala, hər gün mətbuatda “filan aktyor ölüm yatağındadır”, “filan aktrisanın vəziyyəti ağırdır”, “filankəsin xəstəxanadakı şok şəkilləri” kimi xəbərlər yayılır. Gəlin, əlimizi vicdanımıza qoyaq. Allah eləməmiş, bizim də ailəmizin başına belə hadisə gəlsəydi, bunu özümüzə qarşı da edərdikmi?

İndi hər gün qulağımız səsdədir. Bir azdan kiminsə sosial şəbəkədə ya xəstə olduğu deyiləcək, ya da kiminsə ölüm xəbərini alacağıq. Səksəkədəyik. Xəbəri eşidən kimi də mərhum sənətkarlarla olan şəklimizi arxivdən axtarıb ürək acıdan xoş sözlər deyəcəyik. Bir neçə gündən sonra isə vaxtilə ölümünə, yaxud xəstəliyinə ağlayıb-sızladığımız aktyor unudulacaq. Yerini kimsə doldururmu? Bilmirəm. Sadəcə, o insanlar həyat səhnəsinə gəlir, oynayır və gedir. Sanki yaşadığımız həyat da bir filmdir. Dünən bərabər oturub şirin-şirin söhbət etdiyin insan bu gün haqqın dərgahına qovuşur.

İndi o qoca çinar boynun büküb üzünü bizdən döndərib. Hər gün bir-bir yarpaqlarını tökür. Gəlin bu gün sağ olan sənətkarlarımızın qədrini bilək. Onlar bizə hələ çox lazım olacaqlar. Bu sənət onlara, onlarsa Allaha əmanət olsun!